Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:38

ELÇİN: "O manqurt agentlərin bir qismi elə mənim öz ətrafımda idi"


ELÇİN
ELÇİN
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ

Əvvəli burda

ELÇİN – Bu gün bizdə və elə başa düşürəm ki, yalnız bizdə yox, bütün postsovet
məkanında tənqidçinin qeyri-yaradıcı obrazı yaranıb.

Bu yaxınlarda mən rus tənqidçisi Vladimir Oqnevin belə bir anekdotvari etirafını oxudum: 1972-ci ildə “Literaturnaya qazeta” ona Rəsul Həmzətovla dialoq keçirməyi və bunu yazmağı sifariş edir.

Oqnev Mahaçqalaya, dostu Rəsula telefon açır ki, Moskvada görüşüb, “LQ” üçün birlikdə material hazırlamalıyıq. Rəsul bir neçə dəfə söz verir, amma Moskvaya gəlib çıxmır. Bu arada A.Çakovski – “LQ”-nin nüfuzlu Baş redaktoru, sovet ədəbiyyatının generallarından biri – Oqnevə şəxsən telefonla zəng edib, Rəsul Həmzətovla söhbəti gecikdirdiyinə görə onu məzəmmət edir. Nəhayət, səbri tükənmiş Oqnev özü keçir yazı makinasının arxasına, “Dağıstan atalar sözü və misalları” kitabını da qoyur qarşısına və Rəsulun əvəzinə onun hissəsini də yazır.

Elə həmin həftə “LQ” Rəsul Həmzətovla Vladimir Oqnevin bu “Dialoq”unu çap edir. “Dialoq” çox gözəl qarşılanır, təbrik zəngləri, oxucu məktubları gəlir və həmin məktublardan birinin müəllifi yazır ki, yoldaş Oqnev, Rəsul Həmzətovun dediyi sözlər, söylədiyi fikirlər çox canlıdır, təsirlidir, sizin hissəniz isə quru və sönükdür, o saat görünür ki, o, şair, siz isə tənqidçisiniz.

Elə bilirəm ki, bu anekdotvari hadisə dediyim həmin tənqidçi obrazının nə dərəcədə qeyri-obyektiv olduğunu yaxşı göstərir. Bu qeyri-obyektivliyin səbəbkarı kimdir: tənqidçi, yoxsa oxucu? Güman edirəm ki, hər ikisi. Yaxşı xatirimdədir ki, aspirant olduğum vaxtlarda – 60-cı illərin ikinci yarısında – mən Pisarevin dörd cildliyini (o cildlərin göy

"Gülməli bir söhbət yadıma düşdü. 3-4 il bundan əvvəl mən məzuniyyətə çıxıb, Kislovodska getmişdim və orada başqa yazı-pozu işlərimi bir kənara qoyub, Şuşa qaçqınlarının həyatından bəhs edən, xeyli müddət idi vaxt tapıb yaza bilmədiyim bir hekayə yazdım. Hekayə çap olunandan sonra bir yazıçı dostum mənə dedi ki, hansısa qəzetdə hiddətlə yazıblar ki, Elçin qaçqınlardan yazır, özü isə Kislavodska gedə bilir".

rəngi indi də gözlərimin qabağındadır!) roman kimi oxuyurdum. Ona görə yox ki, tənqid mənim üçün roman kimi bir şeydir – yox, belə deyil, ona görə ki, Pisarev – cəmi 28 il yaşamış bu cavan oğlan öz fikirlərini bu dərəcədə canlı və obrazlı ifadə edə bilirdi.
Çox zaman tənqidçi qələminə estetik şirə (!) çatışmır.

Ancaq bu şərtlə ki, o “şirə” “savadlı şirə” olsun, primitiv sirop yox!

Bu gün biz sovet sistemini çox şeylərdə ittiham edirik və bir çox ittihamlarda da haqlıyıq, ancaq mən sovet sisteminin 1920-ci illərdə Azərbaycanda savadsızlığın aradan qaldırılması uğrunda apardığı mübarizəni XX əsr tariximizin ən mühüm səhifələrindən biri, birincilərdən biri hesab edirəm. Bu gün bizim ədəbi prosesdəki savadsızlığa qarşı eləcə bir mübarizə aparmaq lazımdır, həmin ehtirasla, həmin inamla.

Güman edirəm ki, belə bir ədəbi mübarizə üçün, yəni nəticə etibarilə, ədəbiyyata verilən diletant qiymətlərindən yaxa qurtarmaq üçün bu gün ədəbiyyatşünaslıqla, nəzəriyyə ilə ədəbi tənqidin bir-birinə yaxınlaşmasına ehtiyac əvvəlki illərdən daha artıqdır. Tənqidçi (təbii ki, söhbət istedadlı tənqidçidən gedir!) ədəbiyyat tarixini, o cümlədən milli ədəbiyyat tarixini, ədəbiyyat nəzəriyyəsini mütəxəssis dərəcəsində mənimsəməlidir, təhlil etdiyi, haqqında fikir söylədiyi müasir Azərbaycan ədəbiyyatını necə oxuyursa, müasir dünya ədəbiyyatını da o dərəcədə izləməli və mütaliə etməlidir.

Bu baxımdan, yəni ədəbiyyatşünaslıqla ədəbi tənqidin yaxınlaşması, hətta ayrı-ayrı məqamlarda eyniləşməsi baxımından artıq bəzi elmi işlər meydana çıxmağa başlayıb və mən bunu bizim ədəbi mühitin özünüqoruma, özünüsaxlama instinktinin sövq-təbii oyanışı kimi qiymətləndirirəm.

Misal üçün, bu günlərdə mən son illərdə yazılmış dissertasiya avtoreferatlarını nəzərdən keçirərkən “Müasir Azərbaycan poeziyası: mövzu, janr və üslub problemləri” mövzusunda doktorluq dissertasiyasının avtoreferatını (müəllifi Tofiq Əbdülhəsənov) oxudum. Mənim xoşuma gəldi ki, məhz müasir ədəbiyyat elmi-nəzəri tədqiqatın predmeti seçilib və bu tədqiqatda hansısa müddəalarla razılaşa, ya razılaşmaya bilərsən, seçilən poetik nümunələrin hansınısa qəbul edə, yaxud da etməyə bilərsən, ancaq fakt odur ki , bu əsər ədəbiyyatşünaslıq ilə ədəbi tənqidin vəhdətindən ibarətdir.

Vacib bir məsələni xüsusi qeyd etmək istəyirəm: tənqid komplekslərdən – mentalitet, narsisizm, təhtəlşüur qadirsizlik, gücsüzlük, mənəvi təminatsızlıq və s. komplekslərindən azad olmalıdır. Nə qədər ki, o azad deyil, bir az obrazlı desəm, Rasinin Moniması kimi özünü başına tac qoymuş qul kimi ifadə edəcək.

Don Kixotun yanında onun antipodu Sanço Pansa, yaxud Til Ulenşpigelin yanında Lamme Qudzak var. Eləcə də ədəbi tənqidin yanında “kütlə mədəniyyəti”ni ifadə edən “kütlə tənqidi” var. Ancaq “kütlə mədəniyyəti” də kütlə psixologiyası kimi aqressiv olduğu üçün, “kütlə tənqidi” də Sanço, ya da Lamme sadəlövhlüyündən uzaqdır – o, böhtan atır, qarayaxalıq edir, ədəbiyyatı təhlilin yox, primitiv təəssübkeşliyin, ya da əksinə, kin-küdurətin predmetinə çevirir.

Gülməli bir söhbət yadıma düşdü. 3-4 il bundan əvvəl mən məzuniyyətə çıxıb, Kislovodska getmişdim və orada başqa yazı-pozu işlərimi bir kənara qoyub, Şuşa
YAŞAR
YAŞAR
qaçqınlarının həyatından bəhs edən, xeyli müddət idi vaxt tapıb yaza bilmədiyim bir hekayə yazdım. Hekayə çap olunandan sonra bir yazıçı dostum mənə dedi ki, hansısa qəzetdə hiddətlə yazıblar ki, Elçin qaçqınlardan yazır, özü isə Kislavodska gedə bilir. Bilmirəm, bu anekdotdur, yoxsa yox? Ancaq anekdot olmaya da bilər, çünki biz bu baxımdan, bir dəfə də bunu demişəm, unikal bir məmləkətdə yaşayırıq, bizim ədəbi prosesdə nə desən olar: “mən şair deyiləm, ancaq şeir yazıram”; “mən yazıçı deyiləm, ancaq roman yazıram”; “mən tənqidçi deyiləm, ancaq “məqalə” yazıb ədəbiyyata qiymət verirəm”; məhz bizdə “gənc” yazıçını, ya şairi 50 yaşı münasibətilə təbrik edirlər...
Bu cür primitiv düşüncə tərzi ədəbi tənqidi əvəz edəndə, “tənqidçi” operetta qəhrəmanına çevriləndə, əlbəttə, tənqidin bədii-estetik zövqü formalaşdırmaq missiyasından söhbət gedə bilməz.

Bilirsən, Yaşar, mən həm yaşda, həm təcrübədə, həm də yaradıcılıqda elə bir həddə gəlib çatmışam və ümumiyyətlə, xasiyyətim elədir ki, primitiv bir düşüncə sahibinin mənim haqqımda nə deməsi, mənim üçün qətiyyən maraqlı deyil və qətiyyən qayğı mənbəyi də deyil. Mən özüm özümü yaxşı tanıyıram, mənfimi də, müsbətimi də, Azərbaycan ədəbiyyatında tutduğum yeri də hamıdan yaxşı bilirəm. Bu gün əsas – mənim kiminsə haqqında nə deməyimdir. Olsun ki, bu sözlərdə bir az qeyri-təvazö var, ancaq mən səninlə tam səmimi söhbət edirəm və elə bilirəm ki, bu yerdə yalançı təvazökarlığa ehtiyac yoxdur.

Ancaq bu səviyyəli “tənqid”, ümumiyyətlə, ədəbiyyata, xüsusən də gənclərin yaradıcılığına sıfırdan başqa nə verə bilər? Belə “tənqid” ədəbiyyata yeni gələn və səriştəli sözə ehtiyacı olan gənc istedada nə deyə bilər? Tənqidçinin iti gözü isə istedadı görməyi və qiymətləndirməyi bacarmaldır. Dünya dramaturgiyasında mənim üçün çox maraqlı personajlardan biri Hüqonun “Burqraflar” dramındakı Qodenştaufendir. Hamının dilənçi kimi tanıdığı, cır-cındır içində olan, pinti, pırpısaq saqqalı az qala göbəyinəcən uzanan bu adam, birdən məlum olur ki, əslində, Almaniya imperatoru Şvablı Fridrixdir. Bax, tənqid də həmin qodenştaufenlərin əslində kim olduğunu dərhal görməyi bacarmalıdır.

Tənqidimizlə bağlı bir problemə də toxunmaq istəyirəm. Dəqiq elmlər təcrübənin, isbatın üzərində yarandığı kimi, humanitar elmlər də ilkinlik tələb edir. Nə demək istəyirəm? Misal üçün, bir var tarixi biləvasitə tarixi mənbələri öyrənə-öyrənə tədqiq edəsən, bir də var ki, tarixi mənbələri biləvasitə öyrənə-öyrənə tədqiq edənlərin tədqiqatlarını öyrənəsən və yalnız bununla kifayətlənib tarix haqqında söz deyəsən. Eləcə də ədəbiyyat. Bir var Şekspirin, yaxud Tolstoyun əsərlərini oxuya-oxuya onlar haqqında fikir söyləyəsən, bir də var ki, Şekspirin də, Tolstoyun da haqqındakı tədqiqatları oxuya-oxuya və yalnız bununla kifayətlənərək onlar haqqında mülahizələr yürüdəsən. Sən nə qədər istedadlı olsan da, nə qədər güclü fəhmin varsa da, təfəkkür tərzin nə qədər çevik və dinamikdirsə də, hərgah şəxsən özün Şekspiri, ya Tolstoyu, ya da Füzulini biləvasitə öyrənməmisənsə, sənin bu qələm sahibləri haqqındakı fikirlərin elmi epiqonçuluqdan o tərəfə getməyəcək.

YAŞAR – Elçin müəllim, dünyanın demək olar ki, bütün yazıçıları bütün dövrlərdə publisistikaya müraciət ediblər. Çünki publisistika yazıçının vətəndaşlıq mövqeyinin nümayişi üçün daha münasib vasitədir.

Həm də publisistik əsər, sırf nəsr əsərindən fərqli olaraq sözü birbaşa demək, hədəfi dəqiq müəyyənləşdirmək imkanına malikdir. O cümlədən, publisistika bir yazıçı kimi Sizin də yaradıcılığınızda önəmli yerlərdən birini tutur. Elçin müəllim, böyük ənənələri olan Azərbaycan publisistikasının müasir mənzərəsi sizi qane edirmi?

ELÇİN – Mirzə Fətəlidən və Zərdabidən sonra, xüsusən XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan publisistikasının çox güclü təməli yarandı. Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, Üzeyir bəyin, Nəriman Nərimanovun, Məmməd Əmin Rəsulzadənin, Ömər Faiq Nemanzadənin publisistikası həm bədiilik, həm də vətəndaş qayələri baxımından milli və bu sözdən çəkinməyək, qüdrətli məktəb yaratdı.
Tolstoy deyirdi ki, Yaradan insanın daxilinə bir işıq saçıb və o işığın adı vicdandır. Bu mənada Azərbaycan publisistikası işıqlı publisistika idi. İstedadlı və geniş dünyagörüşünü ifadə edən publisistika idi.

Ancaq 1920-ci ildən sonra bu publisistikanın mahiyyəti dəyişməyə, dediyim həmin işıq yavaş-yavaş sönməyə başladı, çünki bu publisistika artıq vicdanın yox, hakim ideologiyanın məcburi ifadəsi idi. Kənd təsərrüfatı, yaxud sənaye istehsalı planlarının artıqlaması ilə yerinə yetirilməsi, sağıcıların, pambıqçıların, fəhlələrin “şən həyatı”, kolxoz sədrinin, zavod direktorunun istehsal hasilatı ilə bağlı “müdrüklüyü”, partiya funksionerinin Makarenkosayağı fəaliyyəti, komsomolçunun, yaxud gənc kommunistin yalançı siyasi portreti qorxaq və kütbeyin faşistləri milçək kimi qıran sovet əsgərinin bütün faciələrdən, iztirablardan azad şücaətləri, “Mənfi qəhrəmanların” bəd əməlləri və s., və i.a. – sovet, o cümlədən də Azərbaycan publisistikasının mövzusu bu idi və bu da bizim publisistikanın təbii inkişafının yönünü dəyişdi, onu təbii məhvərindən çıxartdı. Milli-vətəndaş qayələri, xislətin bədii-publisist təhlili itib-batdı, publisistikanın özü istehsala çevrildi və minlərlə “istehsal olunan” oçerklərdə, məqalələrdə hakim ideologiyanın uydurduğu dünya real həyatı əvəz etdi.

Düzdür, istedad bəzən həmin “istehsal prosesinə” müqavimət göstərirdi və bu zaman
yüksək bədii-publisist səviyyəli yazılar ortaya çıxırdı. Sabit Rəhmanın Ərəblinski haqqında
İradə Tuncay
İradə Tuncay
yazdıqları, İmran Qasımovun “Fransız qoboleni”, “İtaliya mozaikası”, Qara Qarayev haqqında oçerki, Əkrəm Əylislinin “Əylisdən Əylisə” kitabının bir sıra fəsilləri, Anarın “Sizsiz” sənədli povesti, Sabir Rüstəmxanlının publisistikası – ilk fikrimə gələnlərin adını çəkirəm – Azərbaycan publisistikasının yaxşı nümunələridir. İlyas Əfəndiyev hələ 1965-ci ildə – sosrealizmin qılıncının dalı da, qabağı da kəsdiyi bir vaxtda “Mənim qohumum çoban Rəşid” sənədli povestini yazdı və məlum oldu ki, Azərbaycan publisistikası canlı insanları, onların qayğı və arzularını qələmə almağı hələ yadırğamayıb.

İlyas Əfəndiyevin sonrakı illərdə Mehdi Hüseyn, Ədil İsgəndərov, Əli Vəliyev, Nigar Rəfibəyli, Tofiq Kazımov, Sabit Rəhman haqqında yazdığı xatirə-esseləri, “Hacı Axundun cənnət bağı necə oldu?”, “Mənim ssenari macəram, yaxud Sara xanımı birinci dəfə eşidəndə” və s. kimi publisistik əsərləri göstərdi ki, Sistem yuxarıda dediyim bünövrədən, təməldən doğan o işığı tam söndürə bilməyib.

Sistem çökdü. Ancaq biz bu gün deyə bilərikmi ki, Azərbaycan publisistikası həm bədiilik, həm də vətəndaşlıq baxımından öz ənənələrini artıq bərpa edib? Yox, deyə bilmərik. Çox təəssüf, ancaq həqiqət bundan ibarətdir. Əsas səbəb nədir? Bu sualın cavabında mənim üçün qaranlıq bir məqam yoxdur: səbəb dünyagörüşünün məhdudluğudur, savadın çatışmazlığıdır, məhəlli maraqların ümumi maraqları üstələməsidir. Bu gün bizim publisistikamızda primitiv patriotçuluğun, saxta pafos və patetikanın, obıvatel özünüifadəsinin, meşşan təfəkkür tərzinin “istehsal prosesi” başlayıb.

Səməd Vurğunun uşaqlıqdan əzbərlədiyimiz “Qalib gələcəkmi cahanda kamal?” misrası yadıma düşür. Bizim publisistikamızda yuxarıda adlarını çəkdiyim qələm sahiblərinin ənənələri qalib gələcəkmi? Mən bu suala cavab verməkdən daha artıq ümid etməyə hazıram.

Bəlkə mən vəziyyəti həddən artıq dramatikləşdirirəm? Təki belə olsun...

Bu günlərdə İradə Tuncayın “Sarı Odalar” kitabını oxudum. Müxtəlif illərin yazıları toplanmış iri həcmli kitabdır və mən o kitabı əvvəldən axıracan maraqla oxudum. Burada yol qeydləri də var, siyasi və ictimai problematika da var, etika və estetika məsələləri də var və s. Onları söz demək mədəniyyəti birləşdirir və mənə elə gəldi ki, müxtəlif publisist esselərin, məqalələrin toplandığı bir kitabı yox, bizi əhatə edən dünya haqqında bütöv bir əsər oxuyuram. Bu kitab başdan-başa milli təəssübkeşlik içindədir, ancaq yalançı patriotçuluqdan uzaqdır. Bu kitabın mündərəcatı, ümumiləşdirilmiş şəkildə götürsək, Azərbaycandan ibarətdir, ancaq burada müəllif dünyagörüşünün məhəlli məhdudiyyəti yoxdur.

Nə isə, Yaşar, Tuncayın kitabının təcrübəsi də deyir ki, ümid edək, hər şey yaxşı olacaq.

YAŞAR – Məlum olduğu kimi Mixail Bulqakov son nəfəsinə qədər “Master və Marqarita” romanı üzərində redaktə işləri aparıb. Yazıçı ölümünə bir saat qalmış öz Marqaritasına, Yelena Sergeyevnaya “daha bəsdi, mənim vaxtım çatdı” deyərək bu işi dayandırıb.
Bilmək maraqlı olardı, Elçinin elə bir əsəri varmı ki, yazıçı bu gün onun üzərində yenidən işləmək istəsin?

ELÇİN – Yox. Mənim düşüncəmdə yazı ki, bir dəfə yazıldı və oxucuya təqdim olundu, artıq onun müstəqil ömrü başlayır. O, boya-başa çataraq, yuvasından həmişəlik uçub gedən quş kimi bir şeydir. İstedadlı qələmin ucundan çıxıbsa və həmin istedadın uğurlu ifadəsidirsə, yaşayır, yox, belə deyilsə, minlərlə başqa yazılar kimi unudulub gedir. Əlyazmaları yanmır, düzdür, ancaq unudulur və bu əlyazmanın yox, onun müəllifinin günahıdır.

Mən hekayə və povestlərimin bir çoxunu, hər üç romanımı – “Mahmud və Məryəm”i də, “Ağ dəvə”ni də, “Ölüm hökmü”nü də, ilk pyesim “Poçt şöbəsində xəyal”ı da sovet dönəmində, 1960-cı illərdən üzü bu tərəfə yazmışam və bu əsərlər Sovet İttifaqı çökdükdən sonra da dəfələrlə yenidən nəşr olunub. Mən onların heç birində bir söz də dəyişməmişəm, vaxtında necə yazılıbsa, bu gün də eləcə nəşr olunur.

Sovet İttifaqı çökdükdən sonra postsovet məkanında bir çox yazıçılar əvvəl yazdıqlarından imtina etdi, mən heç bir bədii əsərimdən, heç bir ədəbi-tənqidi məqaləmdən, heç bir elmi monoqrafiyamdan imtina etmirəm və etmək fikrində də deyiləm.
Sovet İttifaqında ədəbi tənqid nə idi? Hakim ideologiyanın tərkib hissəsi, partiya ideyalarının ədəbiyyatda təbliğatçısı və nəzarətçisi. Mənim o məqalələrim də, elmi yazılarım da bu gün ilkin variantında olduğu kimi nəşr edilir. Mən onları bir sözünə də toxunmadan oncildliyimə daxil etmişəm.

Bir var, bədii-estetik imtina, misal üçün, bizdə İsa Hüseynov (Muğanna) məhz bədii-estetik meyarlara görə bəzi əvvəlki əsərlərindən imtina edir. Hərçənd şəxsən mən bir oxucu və ədəbiyyat adamı kimi onunla razı deyiləm.

Bir də var, ideoloji imtina, yəni SSRİ çökdükdən sonra yazıçı sovet dönəmində yazdığı və maddi-mənəvi ləzzətini gördüyü partiyalı və vulqar sosiologiya ilə dolu roman və povestlərindən, poema və pyeslərindən dövran dəyişdiyi üçün imtina edir. İşdir, dövran bir də tərsinə dəyişsə, heç şübhəsiz ki, o imtinadan təzədən imtina ediləcək...

Əvvəla, bu imtina mənasız bir şeydir, çünki zaman özü o yazılardan imtina edib və
İsa Hüseynov
İsa Hüseynov
yazıçının təmtəraqlı imtinalarına heç bir ehtiyac yoxdur. Ən əsası isə, yazıya pozu yoxdur. Yazılan qalır və sən nə qədər imtina etsən də, qələmindən çıxan konyuktura da göz dağı kimi qalacaq. Sadəcə olaraq, yazıçı, əhli-qələm mənəviyyat dərsi keçməlidir və bu dərsi sidq-ürəkdən əxz etməlidir. O dərəcədə əxz etməlidir ki, həmin dərs təmsil etdiyi ədəbiyyatın mənəvi təcrübəsinə çevrilsin, yalnız fərdi bioqrafiya faktına yox, milli ədəbiyyat faktına çevrilsin.

YAŞAR – Elçin müəllim, Sizinlə müsahibə apararkən, ictimai xadim, dövlət xadimi kimi fəaliyyətinizin üstündən keçmək mümkün deyil. Bu mövzuda da iki sual vermək istəyirəm. Birinci sualım sovet sisteminin hələ diri olduğu bir dönəmdə – 1987-ci ilin sonunda Sizin yaratdığınız “Vətən” Cəmiyyəti ilə bağlıdır. Azərbaycana diaspor anlayışını ilk dəfə “Vətən” Cəmiyyəti gətirdi.

O vaxtacan nəinki dünyaya səpələnmiş milyonlarla azərbaycanlı, hətta diaspor sözünün özü barədə belə təsəvvürümüz yox idi. Görünür, bu da təbii idi. Çünki rejimin haradasa qadağan etdiyi o açar-söz xeyli suallar ortaya çıxara bilərdi. Siz “Vətən” Cəmiyyətini yaratmaqla sözün hərfi mənasında özümüzü özümüzə tanıtdız. Anladıq ki, biz məhdud sərhədlər çərçivəsində yox, dünya boyda bir millətik. “Vətən” Cəmiyyətinin mənim üçün xüsusi, məhrəmanə bir önəmi də var.

O vaxt mənimlə Əfqan adlı bir tələbə oxuyurdu. O kasıb oğlan yenicə ailə qurmuşdu və iş üçün yüz qapı döymüşdü. Artıq ümidini üzdüyü bir vaxtda Siz elə ilk müraciətindən onu “Vətən” Cəmiyyətinə işə qəbul etmişdiz. Həmin o tələbə yoldaşımın sevinci hələ də xatirimdən silinməyib. Niyə bəs, məsələn, elə həmin o Əfqanın timsalında hər bir vətən övladının cəmiyyəti olan “Vətən” Cəmiyyətinin ömrü uzun sürmədi?

ELÇİN – Sovet İttifaqı qapalı bir ölkə idi və o qapalı ölkədə “Vətən” Cəmiyyəti xarici dünyaya açılan bir gözlük idi. Səndən gizlətmirəm, Yaşar, mən həmişə bu barədə fikirləşəndə daxili fərəh, qürur hissi keçirirəm ki, biz, yəni mənimlə birlikdə “Vətən”də çalışan həmin Əfqan kimi vətənpərvər və vətənpərvər olduqları qədər də fədakar, sadə insanlar o gözlüyü işıqlı bir pəncərəyə çevirə bildik.

Biz üç əlifbada – Kiril, latın və ərəb əlifbalarında nəşr etdiyimiz “Odlar yurdu” qəzetinin tirajını qısa bir müddətdə 250 minə qaldırdıq və ən başlıcası isə, bu qəzetin hər nömrəsinin mündərəcatı qəti surətdə Sistemin təbliğinə xidmət etmirdi, tamam əksinə, bu mündərəcat mahiyyət etibarilə başdan-başa coğrafi sərhədlər tanımayan və siyasi mövqelərindən asılı olmayaraq milli həmrəyliyə, özünəqayıdışa, milli mənlik oyanışına çağırışdan ibarət idi.

Biz Sistemin unutdurmağa çalışdığı və heç vəchlə yaxına buraxmaq istəmədiyi Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xan Xoyski, Yusif bəy Nəsibbəyli və b. kimi siyasi-ictimai xadimləri yenidən xalqa təqdim etdik, Məmməd Gəngərli kimi bir sıra siyasi mühacirləri ilk dəfə Azərbaycana dəvət etdik və onları sovet KQB-sinin hər cürə təxribatlarından qoruduq.
1990-cı ilin 20 yanvar qətliamından sonra Azərbaycanın xarici aləmlə yeganə əlaqəsi “Vətən” Cəmiyyətinin teleksi idi. O ağır günlərdə biz gecə-gündüz Bakıda sovet qoşunlarının törətdiyi vəhşiliklər haqqında materiallar hazırlayıb, həmin telekslə yalnız həmvətələrimizə yox, xarici ölkələrin informasiya agentliklərinə, məşhur qəzet redaksiyalarına, görkəmli dövlət xadimlərinə, Oljas Süleymenovdan tutmuş Çingiz Aytmatova, Yevgeni Yevtuşenkoya, Andrey Voznesenskiyə, Mahmud Esenbayevə və bir çox başqa tanınmış sənət adamlarınacan göndərirdik. Həm də çalışırdıq ki, gördüyümüz işin sorağı “Vətən”in qapılarından kənara çıxmasın. Ancaq bunların hamısı arxivlərdə durur.

O ağır günlərdə Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə getməsi və Bakıda törədilən vəhşiliyə görə SSRİ rəhbərliyini ittiham etməsi hər vasitə ilə ört-basdır edilirdi. Biz həmin hadisənin videokasetini əldə etdik və Heydər Əliyevin ittihamını əlimizin altında nə qədər ünvan var idi, hamısına göndərdik.

Şeyxülislam A.Paşazadənin də kəskin bəyanatı var idi, biz o bəyanatı da bir çox ölkələrin rəhbərliyinə göndərdik və Pakistanın o vaxtkı Baş naziri B.Bhutto bizim teleksə istinad edərək, Politbüroya etiraz notu göndərmişdi. Hörmətli şeyximiz bütün bunları yaxşı bilir.
“Vətən” diaspor ilə Azərbaycan arasında mənəvi körpü yaratmışdı və bu körpü ikitərəfli hərəkata malik idi: Azərbaycan – diaspor, diaspor – Azərbaycan. Biz gəmidə oturub, gəmiçi ilə dava edirdik. O zaman – 80-ci illərin sonu, 90-nın əvvəlləri – mən Azərbaycan SSR Ali Sovetinin deputatı idim və bu status “Vətən”in hər gün rastlaşdığı çətinlikləri aradan qaldırmaqda mənə çox kömək edirdi.

Nə isə, həmin çətinliklər barədə danışsaq, söhbət uzandıqca, uzanacaq. Bütün bunları tədqiq etmək, “Vətən” Cəmiyyətinin xalqın milli oyanışında, siyasi yaddaşının bərpa edilməsində, Azərbaycanın müstəqil bir dövlətə çevrilməsində oynadığı rolu müəyyənləşdirmək gələcək tarixçilərin işidir və mən qətiyyən şübhə etmirəm ki, onlar bu işi görəcəklər.

Mənim haqqımda hansı təxribatlara əl atmadılar və hansı şayiələri yaymadılar: Elçin KQB-nin adamıdır, həyat yoldaşı ermənidir, millətin ağır günündə Elçin Parisdə şəxsi otel alıb, Kaliforniyada villası var, Elçin orda oturub videoya baxır, övladları İsveçrədə təhsil alır və s., və i.a. Bütün bu təxribat və şayiələrin arxasında isə sovet KQB-si, onun təlimatlandırılmış agentləri dayanırdı. O manqurt agentlərin bir qismi elə mənim öz ətrafımda idi.

Ancaq bir həqiqəti də deməliyəm: həmin illərdə, xüsusən 20 yanvar hadisələri zamanı Azərbaycanda elə KQB işçiləri də var idi ki, onlar sidq-ürəkdən bizə kömək edirdilər, çünki onların vətənpərvərliyi ciblərində gəzdirdikləri sovet KQB-si kitabçasının tələblərindən qat-qat güclü idi.

KQB dedim, yadıma düşdü. Bu yaxınlarda təsadüfən İlhüseyn Hüseynovun xatirələr kitabı əlimə keçdi. O, həmin dövrlərdə KQB-nin tez-tez dəyişən sədrlərindən biri idi və o kitabda oxudum ki, “Vətən” Cəmiyyəti Sov.İKP MK-nın Politbüro iclasında müzakirə edilib, o zaman SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən keçmiş xarici işlər naziri Andrey Qromıko “Vətən” Cəmiyyətinin əleyhinə kəskin çıxış edib.

Bəli, sən düz deyirsən, “Vətən”in ömrü uzun olmadı, bu gün “Vətən” daha fəaliyyət göstərmir. Ancaq nə üçün? “Vətən”, dediyim kimi, beton sınırlarla əhatə olunmuş qapalı bir ölkədə xarici dünyaya açılmış pəncərə idi. Bu gün o sınırlar aradan götürülüb, Azərbaycan öz müstəqilliyini bərpa edib, gediş-gəliş azaddır, diaspor ilə əlaqələr yaratmaq, onun mütəşəkkilliyinə nail olmaq artıq dövlət səviyyəsinə qaldırılıb və siyasətimizin prioritet sahəsinə çevrilib. “Vətən” isə öz tarixi işini görüb və artıq tarixin də bir səhifəsinə çevrilib.

Orasını da deyim ki, Yaşar, mən son illərdə ilk dəfədir ki, “Vətən” haqqında bu cür nisbətən ətraflı danışıram, çünki, təkrar edirəm, bu – artıq mənim yox, tarixçilərin işidir.

(Ardı gələn şənbə)
525-ci qəzet

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG