Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52
"Qanun" nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından növbəti kitab işıq üzü gördü. Bu, gənc yazar Cəlil Cavanşirin tarixi mövzuda yazdığı "İtirilmiş əlyazma" romanıdır.

Kitabda Azərbaycan tarixində önəmli yer tutan, Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların Xaçmaz mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində) yaşayan varislərindən söz açılır.

Real tarixi şəxsiyyətlərlə yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən dönəmində Azərbaycan tarixində izi olan hökmdarlardan və elm adamlarından söhbət açılır.

Dayısının məsləhəti ilə ulu babalarının şəcərəsini yazmağa baş­layan müəllif, əsərin sonuna qədər yalnız babasının danışdığı əhvalatları yazır. Ancaq müəllifin axtardığı, babasından qalma bir dəftər də var...

Şirvanşah olmaq istəyən İbrahim Xaçmaz mahalında eşqə düşür...

Dünyəvi dövlət quran İbrahimlə könüllər sultanı Ərən üz-üzədir...

Hadisələr sizi çox uzaqlara, XIV əsrə aparacaq...


"Qanun" nəşriyyatının çap etdiyi daha bir kitab isə publisistik əsərdir.

Sevinc M. SƏDDAMIN OĞLUNU SEVMİŞƏM

Uzun illər İraqda, Udayın yanında tərcüməçi çalışmış Azərbaycanlı qızın etirafları.

Müəllifin xaricdə işlədiyi illərdə uzaq ekzotik diyarlarda yaşanan maraqlı hadisələri qələmə aldığı yarıbioqrafik bu kitab həcmcə kiçik olsa da əslində ciddi sosial yaralara toxunur.

Cəmiyyətin özəyi ailə və bu ailənin qeyri-sağlam atmosferdə yetişdirdiyi problemli uşaqların böyüdükcə daha dərin ruhi çöküşlərə girdiyi düzgün ailə mühitində böyüməyən hər insanın ömrünün sonuna qədər xətalı axtarışlar içində olaraq daha təhlükəli tənhalıqlara atıldığı və nəhayətdə həyatın axarına buraxılmış bir gənc qızın nə qədər güclü olursa-olsun, qarşılaşdığı ciddi təhlükələrin əlində aciz və çarəsiz qalaraq param-parça bir həyatdan əsla qurtula bilməyəcəyi haqqında bir hekayədir bu.

Göz yaşlarını gülərək gizləyən insanlar güclü insanlar deyil. Yaralarını gizləyərək xəstə olduqlarını ört-basdır edənlər cəmiyyət üçün vəba və taun qədər qorxuncdurlar...


Zakir Sadatlının "Qanun" nəşriyyatında çap edilmiş "İraq olsun" sənədli povesti isə onun telejurnalist kimi İraqa səfərinin gerçək motivləri əsasında yazılıb. Povest boyu bu günlər tarixən üzləşdiyi ağır zamanlarından növbətisini yaşayan İraqın keçmişindən bu gününəcən olan mövcudluğuna yazıçı-jurnalist baxışı sərgilənir, olaylar bəzən bədii, bəzən fəlsəfi, bəzən isə sırf stinger yanaşması ilə oxucuya çatdırılır. Povestdə Kərkük qırmızı xətlə keçir, kərküklülərin Azərbaycan sevgisi inandırıcı, tam gerçəkçi kəlmələr ilə təsvir edilir.

Məhəmməd Füzulinin məzarı, onun nəslindən olanlarla bağlı yeni informasiya isə yazar müdaxiləsinə yol vermədən İraqa, onun Səddam rejiminə yeni baxışı ortaya qoyur, bizə indiyə qədər bilmədiyimizi danışır.

Səfər boyu yazarın və yol yoldaşlarının başına gələn qorxulu əhvalatlar isə macəra romanlarını xatırladır.
XS
SM
MD
LG