Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:18
Mərhum yazıçı-publisist Rafiq Tağının ailəsi Respublika Prokurorluğunu məhkəməyə verməyə hazırlaşır.

Vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, Nəsimi Rayon Məhkəməsinə təqdim ediləcək iddia ərizəsində həkimlərin məsuliyyəti məsələsi də yer alacaq. Onun
sözlərinə görə, Rafiq Tağıya sui-qəsdin istintaqını aparan Respublika Prokurorluğundan ciddi narazılıqları var: “Prokurorluq bizim hüquqlarımızı pozub.

Bu günə kimi prokurorluq Rafiq Tağının həyat yoldaşını zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımayıb və onun ifadəsini almayıb. İstintaq materialları ilə bağlı rəsmi sənədləri bizə təqdim etməyiblər. Halbuki bu sənədlər bizə mütləq verilməli idi.

Rafiq Tağının ölümü ilə bağlı ekspertiza rəyi, onun bıçaqlandığı ərazidə olan videokameraların yaddaşından məlumatların götürülməsi, ərazidə qeydə alınmış telefon danışıqlarının yoxlanması kimi məsələlər üzrə vəsatətlər qaldırmışdıq.

Ancaq çox təəssüf ki, indiyə kimi prokurorluqdan bizə heç bir məlumat verilməyib.

Bütün bunları nəzərə alaraq biz Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəldik. İddiada həkimlərin, tibbi xidmətin məsuliyyəti məsələsi də yer alacaq. Ancaq bizim əsas tələbimiz cinayətkarın tapılması, bu cinayətə kimin sifariş verdiyinin açılmasıdır”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb.

Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yekun ekspertiza rəyində deyilir ki, yazıçının ölümünə səbəb döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları və bununla bağlı keçirilmiş cərrahi əməliyyatdan sonra inkişaf edən süst gedişli peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası, eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində kəskin ürək-ağciyər çatışmazlığı olub.

"Media forum"

Şərhləri göstər

XS
SM
MD
LG