Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Sahibkarın İrandan gətirdiyi 24 ton kartof necə itib?


Elman Abdullayev
Elman Abdullayev
«Malı əlimdən aldılar, sonra da mənə zəng elədilər ki, mütləq 5 min dollar ödəməlisən. Dedilər ödəməsən, malı tökəcəyik yerə, sürücünü də buraxmayacağıq. Həmin yük hara gedib, hara aparıblar, xəbərim yoxdur».

Sahibkar Elman Abdullayev iddia edir ki, bu hadisə ilə ötən ilin oktyabrında Astara Gömrük Postunda üzləşib. Dediyinə görə, istənilən rüşvəti vermədiyi üçün həmin vaxt İrandan gətirdiyi 24 ton kartof əlindən alınıb. Sahibkar bu işlə bağlı 2 gömrük brokerinin adını çəkir. Deyir onlardan biri Hafiz Məmmədov, digəri isə Vidadi adlı şəxsdir.

BROKERLƏRİN TƏKZİBİ: BİZ KİMİK Kİ?

Hər iki şəxs sahibkarı tanıdıqlarını desələr də, ondan rüşvət istənilməsini təkzib edirlər.

Hafiz Məmmədov: «Mən kartof gətirənəm, mənim firmam var. O, da mənim firmamın adına mal vurmuşdu və həmin malı da özü götürüb. O, yalan danışır. Əslində Azərbaycana keçəndən sonra kartof onun deyil. Bir də axı kartof onun öz adına olmayıb».

Bu məsələdə adıçəkilən Vidadi isə Elman Abdullayevdən mal aldıqlarını etiraf edir. Amma o, sahibkarın ittihamlarının yalan olduğunu bildirir. Onun dediyinə görə, Elman Abdullayev gətirdiyi malı sata bilmədiyi üçün kimlərəsə verib. İndi də malı kimə verdiyini tapa bilmir:

«Respublikaya bir Elmandır mal gətirən? Respublikaya 500 adam mal gətirir. Hansından şikayət var? Nə oldu elə bir Elmandan şikayət oldu..».

«BÜTÜN DÜNYADA BROKER SAHİBKARLA GÖMRÜK ARASINDA VASİTƏÇİ OLUR, AZƏRBAYCANDAN BAŞQA»

Foto: Arxiv
Foto: Arxiv
Sahibkar Elman Abdullayev isə deyir ki, adlarını çəkdiyi şəxslər Astara gömrük məntəqəsində özlərini broker kimi təqdim ediblər. O da həmin şəxslərin xidmətindən istifadə edib. Sahibkara görə, bütün dünyada broker sahibkarla gömrük arasında vasitəçi rolunu oynasa da, Azərbaycanda hər şey əksinədir:

«Bunlar isə deyir ki, biz brokerik və malı da vurmalısan ancaq bizim adımıza. Mal mənim, maşın mənim, pulu mən ödəmişəm. Niyə onların adına vurmalıyam ki? Mən onlardan kartof almıram. Onlar gömrük işçiləri ilə mənim sənədlərimi alıb malı öz adlarına sənədləşdirirlər. İran tərəfinin verdiyi bəyannamə, sürücünün imzası var. Bu sənədlər gömrük məntəqəsinə qədər var, məntəqəyə çatandan sonra yox».

Çoxsaylı cəhdlərimizə baxmayaraq, Astara Gömrük İdarəsindən bu deyilənlərə münasibət öyrənə bilmədik.

BAŞ PROKURORLUĞA EDİLƏN MÜRACİƏT GÖMRÜYƏ GÖNDƏRİLİB

Sahibkar deyir ki, Baş Prokurorluğa etdiyi müraciətə də istədiyi cavabı hələ ki ala bilməyib:

«Prokurorluqdan mənə cavab verildi ki, bu iş aidiyyəti üzrə göndərilib Gömrük Komitəsinə. 3 ay ərzində prokurorluğa bir neçə dəfə məktub yazmışam ki, problemim həll olunmayıb, mal da qalıb xarab olur. Bu iş hələ də araşdırılmayıb».

Baş Prokurorluqdan AzadlıqRadiosuna bu məsələni araşdırıb məlumat verəcəklərini dedilər.

BAZARDA PORTAĞAL NİYƏ BAHADIR?

Elman Abdullayev deyir ki, o, sonuncu dəfə problemlə ötən ilin sonunda Pakistandan portağal gətirəndə üzləşib. 21 ton yükə görə dövlət rüsumundan əlavə ondan 9 min dollar alıblar:

Foto: Arxiv
Foto: Arxiv
«Dövlət rüsumu haqda bəyannaməni vermişəm vəkilə. 7 min dollar malın dəyəridir. Sürücü Astara gömrüyündən Bakıya malı 1200 dollara gətirir. 7 min manatlıq malın 30 faizi 2100 dollar edir. Lakin mən əlavə 9 min dollar pul dilənib vermişəm. 21 ton malı rəsmiləşdirmək üçün 9 min dollar qeyri-rəsmi şəxslərə pul vermişik. Beləliklə, 21 ton portağal bizə 16 min dollara başa gəlib».

BROKER İSƏ TƏKZİB EDİR

Elman Abdullayevin iddiasına görə, bu dəfə onun işini «düzüb-qoşan» broker Vaqif Məmmədtağı olub.

Sahibkar deyir ki, bu səbəbdən o, malı Lökbatanda yerləşən «Meyvəli Bazar»da 2 min manat ziyanla sata bilib.

Adıçəkilən broker isə Elman Abdullayevin yükünü gömrük qeydiyyatından keçirdiyini desə də, sahibkardan artıq pul alınmasını təkzib edir. Deyir, həmin malın 1 tonunun dövlət rüsumu 500 manatdır, ödənilən pulun hamısı rüsum olub:

«500 manatı vur 21 tona, gör nə edir. Ondan artıq mənə pul veribsə, gəlsin, həmin pulu qaytarım ona. Bir də o, həmin pulu kassaya ödəyib. Yanvarın 1-dən Gömrük Komitəsi məni başqa yerə təyin edib, indi o sahəyə başqa adamlar baxır».

Astara gömrük məntəqəsi
Astara gömrük məntəqəsi
Sahibkar Elman Abdullayev isə deyir ki, pulu kassaya ödəsələr də, onlara heç bir rəsmi sənəd verilməyib.

CAVAB ALA BİLMƏDİYİMİZ CAVABDEH QURUMLAR

Bütün bu məsələlərə nə Bakı Baş Gömrük İdarəsindən, nə də Dövlət Gömrük Komitəsindən münasibət öyrənə bilmədik. Yalnız Bakı Baş Gömrük İdarəsindən dedilər ki, rəis Vüsal Novruzov yerində yoxdur deyə, bu barədə heç kim danışa bilməyəcək.

«İDXALDAKI İNHİSARDAN PREZİDENT DƏFƏLƏRLƏ DANIŞIB»

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov sahibkarın üzləşdiyi problemin çoxdan olduğunu deyir. O, prezidentin öz çıxışlarında bu məsələlərə dəfələrlə toxunduğunu xatırladır. Deyir ki, vergi ilə bağlı problemlərin kökü gömrükdədir:

«O problemlərin kökü gömrükdə aparılan sənədləşmə zamanı qoyulur. Sonra da bu işdən sahibkar əziyyət çəkir. İdxalda inhisarçılığın olması heç kimə sirr deyil».

Vasif Mövsümov bu problemlə sahibkarın mübarizə aparmasının hər hansı nəticə verəcəyinə inanmır. O hesab edir ki, bu sahədəki qanunsuzluqların aradan qaldırılması korrupsiyaya qarşı mübarizə aparan qurumların işidir.
XS
SM
MD
LG