Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:07

Dörd “İmamzadə”dən ən möhtəşəmi


İlin son günlərində - dekabrın 30-da prezident sərəncamı ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinə 2 milyon manat ayrılıb.

AzərTac bu məbləğin türbənin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi üçün nəzərdə tutulduğunu yazıb.

Həmin qaynaq vəsaitin Gəncə Şəhər İcra Hakimiyyətinə ayrıldığını da vurğulayıb.

Xatırladaq ki, Azərbaycan ərazisində bu adda 4 türbə mövcuddur.

Onların biri Naxçıvanda, ikincisi Babək rayonunun Nehrəm kəndində, üçüncüsü Bərdədə, dördüncüsü--ən möhtəşəmi isə Gəncədə yerləşir.

Gəncədəki İmamzadə türbəsi (Göy İmam) xalq arasında “Göy günbəz”, “Göy məscid” adı ilə də çağrılır.

Kompleks kərpicdən tikilib. Ətrafında kiçik məscidlər, təkyələr, karvansara, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılıb.

Kompleks daş və kərpicdən hasarla dövrələnib.

Türbə bu kompleksin ən dəyərli abidəsi sayılır.

Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi güman edilir.

Türbənin hündürlüyü 12 m, günbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.
Günbəzə mavi kaşıdan üzlk çəkildiyindən ona “Göy İmam “ adı veriblər.
Ziyarətgah şəhərin 6-7 kilometrliyindədir.

Ziyarətgahda ilk dəfə Mövlana İbrahimin dəfn edildiyi güman edilir. İmam Bağır Bəqinin oğlu sayılan Mövlana İbrahimin təzyiqlər üzündən Gəncəyə gəldiyi və burada vəfat etdiyi söylənilir. Türbə o üzdən İmamzadə--İmam oğlu adlanıb. Daha sonra burada dəfn edilənlərin sayı artıb və ətrafında böyük qəbiristanlıq yaranıb.

Bu kompleksin bir vaxtlar Gəncənin əsil-nəcabətli nəsillərindən sayılan Şeyxzamanlılara məxsus olduğu da deyilir.

İmamzadə” kompleksində tarixin müxtəlif zamanlarında təmir aparılıb. Deyilənə görə, həmin təmir-bərpa işləri onun görkəminin dəyişməsinə səbəb olub.

Bu bərpanın nələr gətirəcəyini gələcəkdə biləcəyik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG