Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:44

Zeynal Bağırzadəyə işgəncə verilibmi?


Naxçıvan nümayəndəliyinin qarşısında aksiya
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid

Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi qarşısında aksiya

Dekabrın 29-da bir neçə müxalifət fəalının Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirməyə cəhd etmələri deyəsən onlara baha başa gəlir. Aksiyada AXCP fəalı, Zeynal Bağırzadənin həbsinə və təcridxanada ona işgəncə verilməsinə etiraz edirdilər.

Aksiya iştirakçısı Sahib Hüseynov bildirir ki, dekabrın 29-dan sonra Naxçıvan şəhərində və yaşadığı Nehrəm kəndində naməlum şəxslər onu izləyib. O deyir ki, özünə qarşı təhlükə hiss etdiyindən yaxınlarının məsləhəti ilə yanvarın 4-də Naxçıvandan Bakıya gəlib. Sahib Hüseynov hesab edir ki, izlənməsinə səbəb aksiyada Naxçıvan hakimiyyətinin əleyhinə tənqidi şüarlar səsləndirməsidir.

Zeynal Bağırzadənin qardaşı AXCP Naxçıvan şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy isə deyir ki, aksiyanı keçirməkdə məqsədləri həm də Naxçıvanda insan haqları ilə bağlı baş verənləri mərkəzi hakimiyyətin diqqətinə çatdırmaq olub:

«İSTƏYİRDİK Kİ, MƏRKƏZİ HAKİMİYYƏT NAXÇIVANDAKI ÖZBAŞINALIQLARDAN XƏBƏR TUTSUN»

«İstəyirdik ki, mərkəzi hakimiyyət Naxçıvandakı özbaşınalıqlardan xəbər tutsun, oradakı hakimiyyətə təzyiq göstərilsin, işgəncələrin qarşısı alınsın».

Yaşar Bağırsoy təcridxanada qardaşına işgəncə verilməsi haqda mətbuata verdiyi açıqlamalara aydınlıq gətirib:

«Mən və qardaşım Zeynal Bağırzadə hələ 2001-ci ilin iyin ayında həbs olunanda, polisdə bizə 3 saat işgəncə veriblər. Bizi «tok»a verməkdən belə çəkinməyiblər. Zeynal məhkəmədən sonra sağ-salamat təcridxanaya göndərilib. İki gün sonra isə onu diaqnostika mərkəzinə aparıblar».

Aksiyadan sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğu Zeynal Bağırzadə haqqında açıqlama yayıb. Prokurorluq Zeynal Bağırzadənin istintaq təcridxanasında təzyiqə məruz qalması və səhhətinin ağırlaşması barədə yayılan məlumatları təkzib edib. Açıqlamada həmçinin deyilir ki, Zeynal Bağırzadənin həbsinin siyasi xarakterli olması haqda deyilənlər həqiqətə uyğun deyil.

Yaşar Bağırsoy isə Prokurorluğun açıqlamasını Naxçıvan hakimiyyətinin baş verənlərə don geyindirməsi kimi dəyərləndirir:

«YAXINLARINA ZEYNAL BAĞIRZADƏ İLƏ GÖRÜŞMƏYƏ İMKAN VERİLMƏYİB»

«Fərz edək ki, qərəzli mövqe yoxdur, siyasi sifariş deyil! Amma istintaqa ifadə verən hərbi komissarlığın keçmiş əməkdaşı etiraf edir ki, Zeynala saxta sənədin verilməsinə o, köməklik edib. Bəs necə olur ki, o, həbs olunmayıb?
Elçin Behbudov
Elçin Behbudov
Siz ölkənin qanunlarını qoruyursunuzsa, etiraf edən adamı həbs etmirsiz, lakin bu iddianı qəbul etməyən birisinin həbs olunması haqda iddia qaldırırsınız? Həqiqətən də Zeynala işgəncə verilməyibsə, yaxınlarına onunla görüşməyə imkan versinlər. Bu günə qədər də ailə üzvlərinə onunla görüşməyə imkan verməyiblər. İşgəncə olmayıbsa, imkan versinlər görüşək, görək ki, doğrudan da işgəncə verməyiblər».

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov AzadlıqRadiosuna bildirib ki, komitənin Naxçıvan nümayəndəsi həbsdə olan Zeynal Bağırzadə ilə görüşüb.

Elçin Behbudov deyir ki, Zeynal Bağırzadə təcridxanada hər hansı formada işgəncələrə məruz qalmadığını deyib:

«XAHİŞ EDİB Kİ, ONUN QARDAŞINA ÇATDIRAQ Kİ...»

«Zeynal Bağırzadə bizim əməkdaşlara bildirib ki, o, qeyri-insani rəftara məruz qalmayıb. Onu incitməyiblər, döyməyiblər. Xahiş edib ki, onun qardaşına bu barədə çatdıraq. Zeynal Bağırzadə yalnız onun barəsində qaldırılmış ittihamları əsassız hesab etdiyini deyib».

«BU AÇIQLAMA İNANDIRICI DEYİL»

Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy isə onun qardaşının bu cür açıqlama verməsinə inanmır:

«Qardaşım heç bir işgəncəyə məruz qalmayıbsa, niyə həbsindən 2 gün sonra - dekabrın 28-də mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilib? Naxçıvanda bizim inandığımız 4 hüquq müdafiəçisi var. Görüşə icazə verilirsə, qoy onlar görüşsün».

«NİYƏ BİZ GÖRÜŞƏ BİLMİRİK?»

Naxçıvandakı hüquq müdafiəçilərindən Məlahət Nəsibova isə deyir ki, onlar Zeynal Bağırzadə ilə görüşmək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər:

«Naxçıvanda çox az QHT var. Amma Zeynal Bağırzadə ilə görüşənləri nə biz - hüquq müdafiəçiləri, nə də Zeynal Bağırzadənin yaxınları tanıyır. Biz əvvəldən proseslərin içindəyik, dəfələrlə görüş üçün müraciət etsək də, heç bir nəticə olmayıb.
Məlahət Nəsibova
Məlahət Nəsibova
Amma bu prosesləri izləməyən, yaxınlarının tanımadıqları adamlara icazə verilir».

Zeynal Bağırzadə ilə görüşən İşgəncələrə Qarşı Komitənin Naxçıvan rəhbəri Məhəmməd Rzayev isə onlara yönəlik şübhəni əsasız sayır. Məhəmməd Rzayev deyir ki, Zeynal Bağırzadə bədənini onlara göstərməkdən imtina etsə də, onun sifətində işgəncə izləri olmayıb:

«DƏFƏLƏRLƏ DEDİ Kİ, HEÇ BIR ŞİKAYƏTİM YOXDUR...»

- Dekabrın 3-də getmişdim Zeynalın yanına. Getməmişdən öncə ailə üzvlərinə də məlumat vermişdim. Zeynaldan soruşdum ki, sənə qarşı hansısa işgəncə olubmu? Dedi ki, saxlanma şəraitindən razıyam, heç bir şikayətim yoxdur. Sağlıq vəziyyəti yerində idi. Mən ona dedim ki, bədənində hansısa işgəncə izi varsa, baxış keçirim bədəninə. Dedi heç bir ehtiyac yoxdur, buradakı penitensiar xidmətin rəisi özü gəlib tez-tez yoxlayır. Dəfələrnən dedi ki, heç bir şikayətim yoxdur, mətbuatda yazılanlardan xəbərim yoxdur.

- Soruşmadınız ki, heç bir şikayəti olmayıbsa, xəstəxanaya niyə aparıblar?

- O barədə heç nə demədi. Ümumi soruşdum ki, sənə işgəncə verilməsi haqda məlumatlar nə dərəcədə doğrudur? Dedi ki, mənə işgəncə verilməyib. Saxlanma kamerasına da baxış keçirdik

«ONUNLA TƏKLİKDƏ GÖRÜŞMƏDİK»

- Ola bilərmi, Zeynal nədənsə çəkinib bədənini sizə göstərmək istəməyib?

- Onunla təklikdə görüşmədik. Rəis müavinin yanında görüşdük. O barədə heç nə deyə bilmərəm.

- Bədəninə baxmaq üçün siz ondan soyunmağı xahiş etdinizmi?

- Mən ona dedim, kəskin şəkildə etiraz elədi. Dedi ehtiyac yoxdur. Psixoloji vəziyyəti də normal idi.
Yaşar Bağırsoy
Yaşar Bağırsoy
Fotoaparat aparmışdım. Çəkmək istədim, özü imkan vermədi. Deyirdi ki, qardaşım Yaşara görə sifarişlə həbs olunmuşam. Qorxsa idi, bunları da deməzdi».

Məhəmməd Rzayev bildirdi ki, rəhbəri olduğu komitə 2009-cu ildə yaradılsa da, 2011-ci ilin may ayından Naxçıvanda rəsmi fəaliyyətə başlayıb.

AXCP yerli təşkilatının rəhbəri Yaşar Bağırsoy isə bildirir ki, Naxçıvanda müstəqil vəkillər olmadığından Zeynal Bağırzadə hələlik müdafiəsiz qalıb. O deyir ki, qardaşının hüquqlarını müdafiə etmək üçün Bakıdan vəkil tutmaq fikrindədir:

«Zeynalın vəkillə təmin olunması istiqamətində danışıqlar gedir. Bu işdə onun mənsub olduğu partiya, AXCP də fəal iştirak edir».

Dekabrın 26-da AXCP fəalı Zeynal Bağırzadə Naxçıvan şəhər Məhkəməsinin hökmü ilə 3 ay həbs cəzası alıb. O, CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluqla külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG