Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:27

Qafqaz Müsəlmanları İdarəsinin arxivi Tbilisidən gətirilir


Tbilisidə yerləşən Cümə məscidi

Tbilisidə yerləşən Cümə məscidi

Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tbilisidən Bakıya gətirilir. Bu İdarənin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə baş tutub. Qafqaz Müsəlmanları İdarəsi Arxivinin rəhbəri, tarix elmləri doktoru, professor Anar İsgəndərli APA-ya belə deyib.

Onun sözlərinə görə, sənədlərin gətirilməsi üçün 2 ildən artıq danışıqlar aparılıb. Arxiv sənədləri 1823-1918-ci illəri əhatə edir. Anar İsgəndərli:

“Həmin müddətdə idarə Tbilisidə fəaliyyət göstərib. Artıq 4 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. Amma bu istiqamətdə də işlər görülür. Əsas odur ki, arxivdə Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı hansı sənədlərin yerləşdiyi artıq bizə məlumdur. Bu məsələdə Şeyxülislamın şəxsi münasibətləri də mühüm rol oynayır, iş uğurla davam etdirilir”.

Bu sənədlər yaxın illərdə kitab şəklində çap olunacaq. Anar İsgəndərli belə deyib və əlavə edib:

“Qafqaz Müsəlmanları İdarəsinin müfəssəl tarixinin yazılması yönündə işlərə başlanıb”.

1823-cü ildə Rusiyada Qafqaz şiələrinə başçılıq etmək üçün Tbilisidə şeyxülislam vəzifəsi təsis edilib. 9 il sonra isə Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi yaradılıb.

1872-ci ildəsə çar fərmanı ilə şeyxülislamın və müftinin rəhbərlik etdiyi 2 ruhani idarəsi təsis olunub. Bu idarələr 1917-ci ilin fevralına qədər fəaliyyət göstəriblər.

1823-cü ildən bu günə kimi 12 şeyxülislam və 11 müfti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG