Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:48
Azərbaycanda hökumət mobil telefonlardan istifadəyə nəzarəti gücləndirir. Bu məqsədlə Nazirlər Kabineti «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nı təsdiqləyib. Başqa sözlə, bundan sonra ölkədə istifadə olunan bütün mobil cihazlar, o cümlədən mobil telefonlar qeydiyyata alınacaq. Belə bir qərarın qəbul edilməsinə səbəb «Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı»nın icrasını təmin etməkdir.

Qərara əsasən, mobil cihazların qeydiyyat sisteminin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub. Bu sistemə mobil telefonların bir sıra göstəriciləri daxil ediləcək, məsələn, mobil telefonların IMEI-kod adlanan beynəlxalq identifikasiya nömrəsi, telefonun mobil şəbəkə nömrəsi, SİM kartın seriya nömrəsi, eləcə də mobil cihaz tipinin təsdiq kodu.

YENİ QAYDALAR MOBİL TELEFON OĞURLUĞUNUN QARŞISINI ALA BİLƏR

Bu qeydiyyat sistemindən keçməyən mobil telefonların istifadəsi isə mümkün olmayacaq, çünki mobil operatorlar bu cür telefonlara xidmət göstərməyəcəklər.

Yeni qaydaya görə, ölkəyə həm şəxsi istifadə, həm də satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihaz gətirənlər də bu malları qeydiyyat mərkəzinə müraciət etməklə qeydiyyatdan keçirməlidirlər.

Mobil telefonu itən və ya oğurlanan şəxs isə qeydiyyat mərkəzinə müraciət edə bilər ki, həmin telefona xidmət göstərilməsi məhdudlaşdırılsın.

«DÜNYA TƏCRÜBƏSİNDƏ ŞƏBƏKƏ NÖMRƏSİ QEYDİYYATA ALINMIR, BU ŞƏXSİ MƏLUMATDIR»

Mütəxəssislərin fikrincə, bu qaydalar səmərəli tətbiq olunarsa bir sıra müsbət nəticələr verə bilər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, məhz oxşar qaydaların mövcudluğuna görədir ki, əksər Avropa ölkələrində mobil cihazların oğurlanması halları təsadüfidir. Çünki bu qaydalar oğurluq mobil telefonun şəbəkədə istifadəsini mümkünsüz edir.

Hacı Hacıyev

Hacı Hacıyev

İnformasiya texnologiyaları üzrə mütəxəssis Hacı Hacıyevə görə isə, bu qaydaların tətbiqi təkcə terrorizmlə mübarizə yox, həm də ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz, insan orqanizminə daha çox zərər yetirən mobil telefonların gətirilməsinin qarşısını almaq baxımından dəyərlidir. Amma mütəxəssislərin fikrincə, artıq təsdiqlənmiş qaydalarla bağlı müəyyən mənfi məqamlar da var. Məsələn, Osman Gündüz deyir ki, qeydiyyat sisteminə telefonun mobil şəbəkə nömrəsinin də salınmasına heç bir ehtiyac yoxdur, bu əksinə şəxsi məlumatların qorunması məsələsini ortaya çıxarır:

«Dünya təcrübəsində də şəxsi nömrələr qeydiyyata alınmır, yalnız avadanlığın kodu qeydiyyata alınır. Söhbət nömrədən gedirsə, bu artış şəxsi məlumat deməkdir, artıq şəxsi məlumatların qorunması məsələsi gündəmə gəlir. Yəni şəxsi məlumatlar nə dərəcədə qorunacaq, ikinci, üçüncü tərəfə verilə bilərmi? Başqa sözlə, nömrələrdən şəxsi məlumatların əldə olunması məsələsi gündəmə gəlir ki, bu da qanunvericiliklə tənzimlənən məsələdir, hər hansı qaydalarla yox».

DAHA BİR BÜROKRATİK ƏNGƏL?

Osman Gündüz

Osman Gündüz

Bundan başqa, Osman Gündüzə görə, mobil cihazların qeydiyyat mərkəzinin kim tərəfindən idarə olunacağı da mühüm məsələdir. Başqa sözlə, bunu həyata keçirəcək qurum ölkədə bu sahədə inhisarçılığın yaranmasına, rəqabətin iflic vəziyyətə salınmasına da səbəb ola bilər. Hacı Hacıyev də düşünür ki, ölkəyə istər şəxsi istifadə, istərsə də satış məqsədilə mobil telefon gətirənlərin daha bir qurumun nəzarətindən keçməsi daha bir bürokratik əngəlin yaradılmasına gətirib çıxara bilər:

«Yeni qeydiyyat mexanizminin, yeni nəzarət qurumunun yaradılması bir növ yeni bürokratik mexanizm yaradır. Yəni Azərbaycana telefon idxal edən sahibkar gərək daha bir instansiyadan da icazə alsın, sertifikat alsın. Bunun da öz növbəsində mənfi cəhəti çoxdur. Əsas bu sistem necə işləyəcək məsələsidir».

RƏSMİ MÜNASİBƏT BİLDİRMƏK ÜÇÜN VAXT LAZMDIR

Bütün bu deyilənlərə mobil cihazların qeydiyyat sistemini təşkil edəcək qurumdan - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən münasibət öyrənməyə cəhd etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov dedi ki, qaydalar yeni təsdiqləndiyindən bu barədə sualları cavablandırmaq üçün vaxta ehtiyacları var. Bildirdi ki, nazirliyin bu sahəyə cavabdeh olan əməkdaşı ilə ən tezi sabah – yanvarın 6-da danışmaq mümkündür.

Qərara əsasən, mobil telefonların qeydiyyata alınması mobil cihazların qeydiyyat sisteminin qurulmasından sonra başlanacaq.

Qərarda bu günədək istifadə olunan mobil cihazların qeydiyyatında problemin olmayacağı, həmin mobil cihazlarla bağlı məlumatların mobil operatorlardan alınacağı deyilir.

Mütəxəssislər belə bir qeydiyyat sistemin icrasının o qədər də asan başa gəlməyəcəyi fikrində olsalar da, artıq bir çox ölkələrdə, o cümlədən Keniya, Flippin, Türkiyədə ölkə daxilində mobil telefonların qeydiyyatdan keçirilməsi məcburidir. Türkiyədə də belə bir qaydanın tətbiqi ölkədə terror hadisələrinin qarşısını almaq məqsədi daşıyır.

Şərhləri göstər

XS
SM
MD
LG