Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09
«Ziyalılar Forumu»nun üzvü, professor Cəmil Həsənli 2012-ci ildə Azərbaycan ziyalısının fəaliyyətinə dair fikirlərini AzadlıqRadiosuna bölüşüb:

Cəmil Həsənli:
- 2011-ci ildə bir neçə ziyalının milli maraqlar baxımından bir araya gəlib siyasi istəklərdən kənar, çox zəruri məsələləri ilə bağlı mövqe nümayiş etdirməsi məndə ümidlər yaradıb. Ümidliyəm ki, 2012-ci ildə də bu davam edəcək və bu prosesin genişlənməsinə şərait yaradacaq.
- «Ziyalılar Forumu»nun yığıncaqlarının baş tutmasına müəyyən problemlər yaranır və Eldar Namazov bunu süni əngəllər adlandırır. Sizcə bu əngəllər forumun fəaliyyətinə mənfi təsir göstərə bilər?
- Mən də hesab edirəm ki, bu süni əngəllərdir və Hyatt Reycens kimi dünya səviyyəli otellər şəbəkəsində bu cür hadisənin baş verməsi xoşagəlməz haldır. Hər bir şirkət, kompaniya öz imicini qorumalıdır. Bizim istəklərimiz bu millətin maraqları ilə bağlıdır. Biz deyirik rüşvət, korrupsiya olmasın. Ölkədə islahatlar aparılsın. Azad, ədalətli, demokratik seçkilər keçirilsin. Vətəndaşların hüquqlarına hörmətlə yanaşılsın. İşğal altında olan Azərbaycan torpaqlarının azad olunması istiqamətində əməli addımlar atılsın. Axı, bu gün Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, artıq rüşvət bank hesablarına köçürdülür. Belə bir rüsvayçılığı təsəvvür etmək də çətindir. Rüşvət o qədər qanuniləşib, o qədər adi hal alıb ki... Vergilər Nazirliyi kiçik müəssisələrdən, iş adamlarından, biznesmenlərdən rüşvət tələb edir və onlara hesab nömrəsi verir ki, pulu ora keçirtsinlər. Yəni bu artıq rüşvətin dövlət siyasəti olmasının açıq aydın təzahürüdür.
- Amma dövlət başçısı xalqa yeni il müraciətində bildirdi ki, korrupsiyaya qarşı amansız mübarizə aparılır.
«AMANSIZ MÜBARİZƏ HİSS OLUNMUR»
- Amansız mübarizə hələ ki, hiss olunmur. Onun amansız olması da ola bilsin 2012-ci ildə başlansın. Və kim bu prosesi başlasa, biz onun tərəfindəyik.
- Dediniz 2011-ci ildə 4-5 ziyalı milli maraqlar naminə bir araya gəlib. Ümumiyyətlə təzyiq üçün bu adamların əlindən alınası nələrisə var?
- Əvvəla bu adamların əlində elə böyük bir şey yoxdur. Onların başlarında ağılları var. Bilmirəm, əgər onu müsadirə etmək mümkün olsa, bəlkə bu yolla onların əlindən nəsə alsınlar. Qaldı ki, bu adamların maddi cəhətdən elə böyük bir zənginliyi yoxdur. Digər tərəfdən, əgər nələrisə varsa da bunu onlar öz zəhməti, qabiliyyəti, istedadı ilə qazanıblar. Yəni onun nə rüşvətə, nə korrupsiyaya, nə dövlət büdcəsindən
Ziyalılar Forumunun görüşü. 30 dekabr 2011

Ziyalılar Forumunun görüşü. 30 dekabr 2011

mənimsəməyə, nə də mənbəyi məlum olmayan gəlirlərə heç bir dəxli var.
- «Ziyalılar Forumu»nu hakimiyyətin «B» planı adlandıranlar da var.
- Biz nə hakimiyyət istəyirik, nə də hakimiyyətin ötürülməsində iştirak etmək. Biz ölkədə normal hakimiyyət olmasını istəyirik. Kim bizim arzuladığımız və bu millətin taleyində mühüm rol oynayacaq islahatları aparmaq, azad ədalətli, demokratik bir Azərbaycan qurmaq istəyirsə, biz onun tərəfindəyik. Bizim mübarizəmiz hakimiyyət uğrunda deyil, milli maraqlar uğrunda mübarizədir.
- 2012-ci ili ümidvericilik baxımından özündən əvvəlkilərdən fərqləndirən hansısa konkret səbəblər varmı?
- Dünya daha böyük sürətlə dəyişir, qloballaşır, demokratikləşir. Hesab edirəm ki, bu proses 2012-ci ildə daha da dərinləşəcək. Diktator rejimlərinə qarşı əvvəlki illərdə başlanmış siyasət davam etdiriləcək. Dünyanın, eləcə də ayrı-ayrı ölkələrin demokratikləşməsi istiqamətində 2012-ci ildə əhəmiyyətli addımlar atılacaq. Azərbaycan da dəyişən dünyanın bir hissəsi olmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG