Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

Bakı haqqında foto-kitab çıxdı


AzərTAc
AzərTAc
.“Bakı ulu Xəzərin və qızmar Abşeronun övladıdır”

Bu sözlər ilin ən son günlərində işıq üzü görmüş “Bakı. Böyük şəhərin nəbzi” kitabından götürülüb.

AzərTAc xəbər verir ki, bu nəfis tərtibatlı foto-kitab Şərq ilə Qərbin vəhdətini özündə yaşadan Azərbaycan paytaxtını yaxından tanımaq, onun keçmiş şöhrətini və bugünkü əzəmətini bir daha görmək istəyənlərə dəyərli töhfədir.

BAKININ ÖZÜNƏXAS RİTMİ VAR

Fotokitabın müəlliflərinin fikrincə hər şəhərin özünəxas həyat ritmi var: “Onda həm şəhərin avtomobillərlə dolu prospektlərinin səs-küyü, həm Abşeron çimərliklərinin dalğalarının gurultusu, həm saysız-hesabsız fəvvarələrin şırıltısı, həm parklardakı yarpaqların xışıltısı, həm də muğamların avazı və caz melodiyaları yer alıb”.

XX1 ƏSRİN BAKISI NƏ İLƏ SEÇİLİR?

Fotokitabda XXI əsr Bakısının ritminin getdikcə daha aydın və inamlı səsləndiyi vurğulanır: “Bu gün isə yeni tikililərin və göydələnlərin, müasir otellərin və geniş bulvarların olduğu yeni Bakının ritmi bu simfoniyada ana xətt təşkil edir…Şəhər böyüyərək gözəlləşir, onun yeni məhəllələrinin konturlarında artıq sabahkı gün görünür”.

ƏSRLƏR BİR AN KİMİ

Kitab-albomun “Əsrlər bir an kimi” bölməsində Bakı və Abşeronun canlı tarixi əks olunub: “İnsanlar bu torpağa qırx min il öncə gəlmişlər. 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi abidələrinin siyahısına saldığı Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda altı mindən artıq qayaüstü rəsmlər qorunub saxlanmaqdadır. Bizim sələflərimizdən gələcək nəsillərə altı min məktub”.

Bu bölmədə Abşeronun tarixi abidələri, Bakı və onun ətrafında günümüzə qədər qorunub saxlanılan qədim tikililər, eləcə də “neft bumundan” sonra bir neçə onillik ərzində Avropa və Şərq memarlığı üslubunda tikilmiş əzəmətli binaların görüntüləri verilib.

BAKININ FƏRDİ MEMARLIQ ÜSLUBU VAR

Kitab-albomun yaradıcılarının fikrincə, Bakı həmişə parlaq memarlıq üslubu ilə seçilib: “…son illər paytaxtımızdakı tikililərə cağdaş dünya memarlığının dəbdə olan yeni meyillərinin gətirilməsi nəticəsində (şəhər) olduqca müasir bir görkəm almışdır”.

FOTO-ALBOMDA DAHA NƏLƏR VAR?


AzərTAc
AzərTAc
Bakıdakı muzey və qalereyalarda saxlanılan nadir sənət inciləri, şəhəri bəzəyən heykəllər, bənzərsiz Azərbaycan xalçaları, Müasir İncəsənət Muzeyində sərgilənən Azərbaycanın avanqard rəssamları və heykəltəraşlarının əl işləri, Heydər Əliyev Fondunun reallaşdırdığı humanitar layihələrin əks olunduğu görüntülər də albomda yer alıb.

QƏDİM BAKININ YENİ ÜZÜ

Çağdaş Bakıya foto-albomda ayrıca bir bölüm ayrılıb.“Yeni siluetlər” adlanan bölümdə Dövlət Bayrağı Meydanı, “Üç alov” adlandırılan “Flame Towers” kompleksi, inşası davam edən Heydər Əliyev Mərkəzi, tikintisi yekunlaşmaq üzrə olan dəniz kənarının yaxınlığında yerləşən “Port Baku Residence” kompleksi, “Park-Bulvar” Ticarət Mərkəzi, Bakı bulvarı, Milli Məclisin möhtəşəm binası, Bakı Metropoliteninin yeni stansiyaları, Heydər Əliyev Beynəlxalq Aeroportu, müasir yol qovşaqları, göydələnlər əks olunub.

ÜRƏKLƏRİN GÖRÜŞDÜYÜ YER HARADIR?

Kitab-albom müəlliflərinin fikrincə, bu yer İçərişəhərdir. Bu bölmə hər il İçərişəhərdə keçirilən Novruz şənliklərindən soraq verir. Həmçinin hər il mayın 10-da keçirilən ənənəvi Gül bayramlarının fotoşəkilləri ilə davam edir.

Fotokitabda Bakıya gələn xarici turistlərin təsvirləri, çoxsaylı idman yarışları, yeni otellər, kafe və restoranlar, böyüklər və balacalar üçün qurulmuş attraksionlar, ləziz şirniyyatlar, təndir çörəyinin bişirilməsini əks etdirən təsvirlər də var, Azərbaycan muğam sənətini, milli teatr ənənələrini, opera sənətinin və Bakıda keçirilən ənənəvi caz festivallarının əks olunduğu şəkillər də.

İKİ BAKI VAR?!

Foto-kitab müəllifləri sonda iki Bakının mövcudluğu fikrinə gəlir:

Biri ultramüasir və realist gündüz Bakısı, digəri isə çıraqbana çevrilmiş binalardan ibarət gecə Bakısı.

Və kitab-albom Azərbaycan Dövlət bayrağının dalğalanmasını əks etdirən fotoşəkillə yekunlaşır.

Buna da bax:

XS
SM
MD
LG