Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:33
Deyəsən, İran hökuməti İnternetin içində “polis” olmaqdansa, İnterneti, ümumiyyətlə, qapatmaq qərarına gəlib.

Bu barədə İran İnformasiya Təşkilatının rəsmi nümayəndəsi Peyam Karbasi açıqlama verib.

O bildirib ki, İranda «intranet» adlı milli internet fəaliyyətə başlayacaq və vətəndaşlara yalnız ölkə daxilində intranetdən istifadəyə icazə veriləcək:

«Bu, internet deyil, intranetdir. Yəni, yalnız ölkə daxilini əhatə edən milli internetdir. Bununla da İranın tezliklə dünya ilə internet əlaqəsi qalmayacaq».

P.Karbasi deyib ki, iki həftəyə qədər işə düşəcək intranetin sürəti 2 Mbit/s olacaq.

İran rəsmiləri bildirirlər ki, bu,

“'Əsl halal İnternet”

olacaq, yəni İslami qaydalardan kənara çıxmayacaq.

İlkin məlumata görə, İntranet ilk mərhələdə normal İnternetlə paralel istifadədə olacaq, sonra isə bütün ölkəni əhatə edəcək, normal İnternetə kütləvi çıxış olmayacaq.

Qeyd edək ki, Şimali Koreya, Kuba, Myanmar kimi dövlətlər ikili şəbəkədən xeyli vaxtdır istifadə edirlər.

Ölkə vətəndaşlarına İnternetdən istifadəyə icazə yoxdur, onlar İntranetə girə bilərlər. Bəzi totalitar ölkələr isə yalnız turistlərə İnternetdən istifadə etməyə icazə verirlər.

İran İnterneti onun İslam qaydalarına uyğun olmadığını söyləyərək qapatmaq istəyir. Amma müstəqil ekspertlər düşünür ki, əsas səbəb İranın inqilabdan qorxmasıdır. İran hesab edir ki, Amerika və İsrail İnterneti

İran daxilində ərəb dövlətlərindəkinə bənzər inqilab

eləmək üçün istifadə edir.

Elə son prezident seçkilərindən sonrakı etiraz aksiyalarını da dünya ictimaiyyəti İnternetdən izləyirdi.


Tehranda İnternet kafe

Tehranda İnternet kafe

Minlərlə bloqçu videoları öz bloqlarına yerləşdirir, videopaylaşma saytlarında yayırdı.

İran əslində Yaxın Şərqdə İnterneti qəbul etmiş ikinci ölkə olub – İsraildən sonra.

O zaman ruhani liderlər bunu öz ideologiyalarını yaymaq üçün yeni vasitə kimi görürdülər. Beləliklə, ölkədə minlərlə sayt, bloq yaradılmış, buna qadağa qoyulmamışdı.

Amma ötən əsrin 90-cı illərinin sonunda mühafizəkarlar anladılar ki, islahatçı qüvvələr İnternetdən kütlələlə işləmək üçün istifadə edirlər.

Bundan sonra İran hökuməti üçüncü ölkələrdən aldığı Amerika filtr proqramları ilə İnternetdə senzura tətbiq etməyə başladı, xoşuna gəlməyən saytlara girişi bağladı.

Son illərdə isə bloqçularu həbs etməyə başlayıblar

İndi məlumatlara görə, İran həm də öz mütəxəssislərinin köməyi ilə özünün filt proqramlarını hazırlamaqdadır.

İran hökuməti üçün daxildə sabitliyi qorumaq getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır.

Çünki BMT-nin, eləcə də ayrı-ayrılıqda Amerikanın, Avropa ölkələrinin qoyduğu sanksiyalar öz təsirini göstərməyə başlayır, İran pulu ölkə daxilində dollara nisbətdə dəyərdən düşür, iqtisadi problem kəskinləşir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG