Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:42

İran həbsxanasından videomüraciət


İranda Evin həbsxanasında kameralardan biri, arxiv foto.
İranda Evin həbsxanasında kameralardan biri, arxiv foto.
İranda tanınmış siyasi fəallardan olan Heshmatollah Tabarzadi saxlandığı Rajayishahr həbsxanasından videomüraciətini yaya bilib. Bu, İran həbsxanasından çıxarıla bilən hələlik ilk belə videodur.

15 dəqiqəlik bu videoda Tabarzadi İran rejiminin əl atdığı repressiyaların onları susdura bilməyəcəyini, azadlığın hər şeydən qiymətli olduğunu deyir.

Mobil telefonla yazıldığı güman edilən bu video YouTube saytına yerləşdirilib, oradan da sosial şəbəkələrlə sürətlə dünyaya yayılıb.



Tabarzadi Qadağan edilmiş İranın Demokratik Cəbhəsi adlı müxalifət qrupunun rəhbəridir. O, dəfələrlə həbsə məhkum edilib. Sonuncu dəfə isə siyasi fəallara qarşı tez-tez istifadə edilən ittihamlarla səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

O, müraciətində qeyd edir ki, İran hakimiyyəti dinc dəyişikliklərə çağıran adamlardan qorxur. Siyasi fəallara, tələbələrə, insan haqları fəallarına qarşı tətbiq edilən zorakılıqlar isə heç bir nəticə verməyəcək:

- Biz terrorçu deyilik, zorakılıqla işimiz yoxdur. Sadəcə baxışlarımızı ifadə edirik. Bunlar da bizim hüququmuzdur. Rejim qorxusundan bizləri həbs edir. Həbslər, təqiblər bizləri susdura bilməz. Bundan da betərlərinə hazırıq. Biz hüquqlarımızı bilirik və tələblərimizin həyata keçirilməsinə nail olacağıq.

Tabarzadi bildirir ki, İranda demokratik yolla seçilmiş dünyəvi hakimiyyət qurulmalıdır ki, vətəndaş azadlıqları təmin edilsin.

İranda alternativ fikrin ifadə edilməsi üçün yeganə məkan sosial mediadır. Bir neçə gün əvvəl də İranın Qohardaşt həbsxanasının həyətində bir neçə siyasi məhbusu əks etdirən video YouTube-da yayılmışdı.

Yaydığı videomüraciətdən sonra Tabazadinin taleyinin necə olduğu hələ məlum deyil. Onun bu video ilə rejim təmsilçilərinin qəzəbinə düçar ola bilər.

İranda 2009-cu ilin prezident seçkisindən sonra baş vermiş etirazlar yatırılandan sonra fəallar sosial şəbəkələrdən istifadə etməyə başlayıblar. Getdikcə daha çox məhbus həbsxanada üzləşdiyi işgəncə və zorakılıq haqqında sosial mediada məlumat yayır.

Onların bəziləri İranın ali dini lideri Ayətulla Ali Khameneiyə ünvanlanan açıq məktublar yazır, onu istefaya dəvət edirlər. Keçmiş siyasi məhbuslardan biri olan Mohammad Nourizad ali dini liderə 15 belə açıq məktub yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG