Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:58

Tehran Əlişanoğlu: “Quqark” romanı ideoloji baxımdan ziyanlıdır”


Tehran Əlişanoğlu

Tehran Əlişanoğlu

Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Seymur Baycanın "Quqark" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Tehran Əlişanoğlu


SEYMUR BAYCAN "DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ"

Ədəbiyyatımızın durumu ciddi bir yerə girdiyi məqamda Seymur Baycan deyir ki: bir daha roman yazmayacaq.

Səbəb? Cəmiyyətdə yazıçı əməyinə qiymət verən yox. Hələ ki bu bəyanatı şərtən qəbul edək.


Yaxın yazılarımdan birində vurğulamışdım ki: Seymur Baycan bu gün bizdə yazıçılıq adına fədakarlıq edən azlardandır.

Yalnız yazmaq mənasında yox; o mənada ki, bütünlükdə ömrünü bu işə vermiş; “Quqark” romanında önə çıxardığı qəhrəmanı kimi; hətta: ömrünü-həyatını-taleyini tam çılpaqlığı ilə Ədəbiyyata çıxarmaqdan-çevirməkdən çəkinməmiş.

Bu yaxşıdırmı-pisdirmi, hər halda yeni dövrdə bizim şəraitdə yazıçılığın bu şərtini-tipini seçənlər heç də çox deyil.

Seymur Baycan guya publisistika ilə nəsr arasında qalıb; mənasız-sərfəsiz əziyyətindən bezib deyir ki: bir daha roman yazmayacaq. Janr məsələsi deyil, səriştə-ustalıq-Ədəbiyyat söhbətidir, məncə; Seymurun mətbuatda ilk yazılarından prozaiki görüb, ona diqqət çəkənlərdən biri də mənəm, hələ 2003-də, “Ədəbiyyat qəzeti”ndə (7 fevral, 2003).

Həmin 2003-də bizim “YeniSi”nin keçirdiyi “ProzaN” müsabiqəsində onun “Sırtıq sərçələr”i uğur qazanırkən, ekspert-həmkarlarımdan biri: axı bu ki, felyetondan başqa bir şey deyil, - demişdi; amma burda həyatın çılpaqlığını məhz prozaik detallara yığa-keçirə-köçürə bilən bir nasir istedadı duyulurdu və bunu münsiflərdən Sabir Əhmədli gərəyincə qiymətləndirə bilmişdi.

“Quqark” Seymurun 4-cü romanıdır; şikayətlənir ki: onu romanda publisistikaya çox uymaqda suçlayırlar...

Mənimcə də belədir; Seymur hələ də “qatışıq”dan qurtulmayıb, prozaik qələmin yazdığını birbaşa, publisistik münasibətdən ayıra bilmir.

Seymur XXX incinməsin, özünü Tənqidə biganə göstərsə də, bundan sonrakı klassikadan xatırlatmalarım məhz onun üçündür (bunun oxucuya bir isti-soyuğu yox).

C.Məmmədquluzadə də ömrü boyu (“Molla Nəsrəddin” üçün) publisistika yazmış, hadisələrə birbaşa, yazıçı-publisist münasibətini bildirmişdi; amma hekayələrinə (o sıradan, “Danabaş kəndinin əhvalatları” romanına) qəti publisistika buraxmamışdı; mətləbini dolayısı – Nəsr sözünün, prozaik ifadənin gücünə deməyə üstünlük vermişdi.

Çün Ədəbiyyatda hər mətləbin öz yeri-çəkisi-missionu var: prozanın girdiyi yerə publisist sözü girə bilməz; və əksinə, bunun da işini digəri görə bilməz...

Məsələ onda deyil ki, “Quqark”da prozanın, bədii nəsrin meydanı dardır və bu: guya publisistik romandır.

Əksinə, “Quqark” prozaik material baxımından aşıb-daşır; Seymur sanki doğrudan da başqa əsər yazmayacaqmış, az qala tamam həyatını bu romana qoyub.

Bir insanın uşaq yaşlarından bugününəcən həyatı: lövhə-lövhə, illər-zamanlar-radələr, bəzən hətta günlər-saatlar boyu oxucunun qarşısında mənzərələnir, fikir-düşüncə-xəyallarına yer ayrılır, xasiyyət-vərdiş-jestlərinə, hərəkət-davranış-addımlarına hədsiz təfərrüatlarınacan (hər dəfə siqaret çıxarıb yandırmasınacan) diqqət kəsilir...

Bu ki, oxucu deyə bilər: hanı burda publisistika, başdan-başa təsvirlər, detallar, bir-birini əvəz edən (kino-) kadrlardır ki!

Məsələ də burasındadır ki, Seymur Baycanın proza təsəvvürü elə budur, bu qədərdir, detallar-təsvirlər-göstərmələrdən o yana getmir.

Əlbəttə, başlayan yazar üçün bunun özü az deyil, gerçək istedad faktoru öz işini görür; məndən qabaq roman barəsində yazmış həmkarlarımla razıyam: burda xeyli qədər özlüyündə gözəl və önəmli sıra lövhələr vardır ki, uşaqlığı sovet imperiyasının çökməsi, Qarabağ hadisələrinin başlamasına təsadüf etmiş nəslin həqiqətlərini abarta-qabarda bilir; o dövrü görmüş insanların hər biri bu yerdə Seymurun qələminin əyaniliyinə şahidlik edə bilər.


Seymur stixiya ilə qələmə tapınmış yazardır; öz dediyi kimi, 100-120 roman oxuyub, 121-cisini özü yazmağa qərar verir...

Gələk publisistika məsələsinə. Bütün bu həyat materialını müəllif nədən qaldırır?; əgər sadəcə müharibə həqiqətlərini görmüş bir insanın-yazarın- Vətən övladının birbaşa (publisistik) qeydləri, düşüncələri, yaxud Nərmin Kamalın vurğuladığı tək: “memuarları” kimi təqdim edilsəydi, nə dərd, bu çox böyük və cəsarətli bir iş olardı.

Bəlkə onda əsər boyu boş-boşuna bu yandan o yana, o yandan bu yana çapan qatarların sayı da bir qədər azalar və yaxud birbaşa məna ilə yüklənərdi; hər sözün-fikrin-hərəkətin arxasında bilavasitə yazıçını görər, dolayısı qəhrəmana, əlavə bədii niyyət və tapmacalara da aldanmazdıq.

Bu da deyil; bir halda ki, “Quqark” məhz roman kimi düşünülmüş-qələmə alınmışdır, yanlış-doğru, bilərəkdən-bilməyərəkdən – Mətn nə deyir, hara çəkirsə, oxucunun bunu sormağa-bilməyə-mühakimə yürütməyə və o cümlədən mühakimə etməyə də haqqı var, incinmək-küsmək-bədgüman olmaq niyə, nə üçündür?!

Belə ki, mənimcə: roman həqiqətən də cəsarətli mövqedən qələmə alınmış, amma ideoloji baxımdan ziyanlıdır.

Müharibə şəraitində yaşayan bir ölkənin yazarının ideoloji dürüstlüyü çox vacibdir; heç də ümumbəşəri humanizmə qarşı getmək yox, əksinə, bu məqama daha həssas yanaşmaq baxımından.

“Quqark” romanının qəhrəmanı yazardır; yaşadığı ölkədə acından ölməmək üçün (nədən, niyə? – romanda təhlil predmeti deyil) beynəlxalq qurumların müharibə şəraitində olan ölkələr üçün uydurduğu layihələrdən birindən beşəlli yapışıb, “düşmən düşərgəsi”nə keçir və ordan başlayır Qarabağ müharibəsini özünə bəlli olduğu qədər eninə-uzununa seyr etməyə...

“Düşmən düşərgəsi” ifadəsini dırnağa aldım; yazıçı üçün, elə Ədəbiyyat üçün də ali mənada bu anlayış yoxdur; var – bəşəri mövqe, insanlıq və buradan irəli gələn dəyərlər. “Quqark” – simvolik olaraq bu mənaya nə dərəcədə uyur: bir zaman xalqlar dostluğunun ifadəsi olan pioner düşərgəsi və daha sonra anti- xalqlar dostluğu aktı, milli qırğın yeri kimi, yazıçının seyr üçün qəsdən məhz bu nöqtəni seçməsi barəsində artıq deyilmişdir.

Və doğrudan da, yazıçının müharibə-üstü mövqe və olaylara köklənməsi sanki alqışlanmalıdır (gecə-gündüz: barışın! – deyə məgər beynəlxalq qurumlar bizi elə buna şirnikləndirmirmi?).

Və doğrudan da ilk baxışda tam Nərmin Kamalın dediyi kimidir: “Kalkulyatorda saysanız buradakı iztirab çəkən erməni və iztirab çəkən azərbaycanlı obrazları tən gəlir...”

Amma indi gəlin, xoş niyyətlərə yox, bir az da Nəticələrə və bu sarıdan haqlı olaraq inciyən-incinən-qəzəblənən Oxucu faktoruna həssas olaq. Romanın əsas qəhrəmanı – yazar surəti post-sovet müharibə ölkəsi və şəraitinin yetirdiyi kompleksli birisini təcəssüm etdirir; bəli, yenə N.Kamalla o nöqtədə razıyam ki, XX əsr nəsrinin priyomlarından biri – altşüurun uğurla işlədiyi çoxsaylı məqamlar ağrılarla dolu bu obrazın ekzistensial aləmini görməyə imkan verir. Əslində, “uşaqlığı müharibədə həlak olmuş” (C.Yusiflinin sözləri ilə desək qəhrəmanın yaşamları müharibəyə qarşı bir nifrin, qəzəb oyatmalıdır; amma çox da belə olmur, “lokal müharibə” əvvəl-əvvəl qəhrəmanın yaddaşına “dava-dava oyunu” kimi girir, sonra da bütün dəhşətlərinə baxmayaraq, elə bu şəkildə də: “TOZ-8” tüfəngi, “qulaq kəsmək” simvolları ilə yadda qalmaqda davam edir. Qəhrəmanın üzləşdiyi sülh (atəşkəs) dövrünün digər insanları üçün də belədir; “Quqark”ın aşpazı, həmyerlisi erməni qadın, qarovulçu Bakı ermənisi, qara paltarlı erməni anaları və b.-ları üçün də müharibə keçmiş, boyat, uzaq bir ağrı kimidir...

Bu ağrıların kökü nədir; müharibəni törədənlər, səbəbkarlar, qızışdırıcılar, işğalçılar kimlərdir?.. – hərçənd qəhrəman hərbi litseyi bitirsə də, yaşı elədir ki, bütün bunlar barədə sorulara cavabdeh deyil; romanın birbaşa düşüncə predmetinə daxil etməyib, həmçinin romançı da cüzi publisist passajlarla həmin məqamın üstündən ötüşməyə

Seymur Baycan

Seymur Baycan

çalışır. Halbuki çox yerdə qəhrəmanı ilə birikməyə üstünlük verən romançıdan dürüstlük naminə bunu sormağa haqqımız var; belədə elə çıxır ki: qəhrəmanın ağrıları-kompleksləri-acılarının kökündə heç də bilavasitə “müharibə” faktoru deyil, məhz Azərbaycan mühiti, Azərbaycan gerçəkləri durur. Axı məhz azərbaycanlı qəhrəmanın nəzərlərindən qələmə alındığından romançının müharibə dövrü Azərbaycan mənzərələrinə analitik şəkildə varmaq şansı vardır da, “erməni həqiqətləri” barəsində bunu söyləmək olmur.

“Erməni həqiqətləri” romanda bir “səfər qeydləri”, kənar müşahidə həcmindədir. Paritet, tərəzinin gözü də elə bununla pozulur; nə olsun ki, azərbaycanlı adını dəyişməyə məcbur X. adlı erməni qadını, yaxud həmincə Bakı ermənisi Ermənistanda onlara asan olmadığını, türklərlə qarışığı olanlar kimi yanaşıldığını söyləyirlər, fərqli olaraq oxucunun canlı şəkildə həmin gerçəklərə varmaq imkanı yoxdur; üstəlik, nisgillərini-şikayətlərini qəhrəmanla bölüşdüklərindən sanki belə çıxır ki: qovulduqları üçün yenə də Azərbaycanı qınayırlar...

Nə olsun ki, qəhrəman müharibənin nəticəsi olaraq Ermənistanda da boş qalmış evlər, xarabazarlıqlar aşkar edir, bundan o yanasına o sadəcə varmaq iqtidarında deyil; əvəzində oxucu romanda Erməni cəmiyyətini, erməni insanını daha azad-asudə, komplekssiz, mədəni-üstün, arın-arxayın görür. Olmaya, işğalçılığın, özgə torpaqlar qəsb etməyin rahatlığı-üstünlüyüdür bu? – yox, bu barədə qəhrəman qətiyyən düşünmür, amma Quqarkda onun üçün, müvəqqəti də olsa: rahatlıq, “azad düşüncə” meydanı yaratmış erməni dostların, xoşrəftar mühafizəçilərin (!) fərqindədir hər halda...

Mədəni ermənilər və geridə qalmış müsəlman, Azərbaycan cəmiyyəti... Bu mif heç də Seymur XXX-in kəşfi deyil, Ədəbiyyatımızda daimi yeri olan müqayisənin predmetidir. Amma baxaq görək, klassiklər bu mifi dağıtmaq, məğzinə varmaq üçünmü düşüncə predmeti seçirdilər, ya sadəcə özgəyə aludə, milli özünəqəsd məqamında? Mirzə Cəlildə analogiyanın şərti və motivlənmə dümdürüstdür: “Danabaş”da Xudayar bəy üstünlüyü zorda, zoğal çubuğunun gücündə görür – bu bizik, yalnız bizdə keçərlidir; amma gücü pulda-parada-kapitalda olan erməni Karapetin qabağında (bu onlardır!) əskilməli, geri çəkilməli olur.

“Poçt qutusu”nda katdadan daim şikayətçi olan Novruzəli (bu bizik!) naçalnik divanxanasını yaxşı tanıyır, amma dünya təsəvvürü poçtdan xəbərli (bu – onlardır!) bir “erməni uşağı” qədər də deyil. “Usta Zeynal”da Muğdusi Akop Peterburqda oxuyan, dəmir yolu ilə Vətənə qayıdıb gələsi oğlu üçün ev təmir etdirir (bu – onlardır!), cənnət xülyasına qapılmış Usta Zeynalın isə (bu bizik!) həmin xülyadan özgə nəyisə yox...

Üstündən əsr ötmüş, səsimiz Dünyadan gəlir, Parisdən, Londondan, Nyu-Yorkdan reportajlar veririk; odur, Nərmin Kamal rusdilli lüğətləri artıq bəyənmir, birbaşa ingiliscədən misallar deyir, hətta Sumqayıt hadisələri barəsində də bildiyimizə yox, Nyu-York Tayms-a diqqətimizi çəkir, özününcə qəhrəmanları Almaniyadan Əfqanıstanacan dünya məkanında dolaşır; indi Dünya bizim evimizə girmiş, hər addımımıza ölçü-mız qoyur... – bəs yaraşırmı hələ də, hələ də erməni mifinin aludəsi-qurbanı olmağımız, yenə də, yenə də atı itin quyruğuna bağlamağımız? Hərçənd dedik: romanın qəhrəmanı kompleksli birisidir, altşüurunda son və post- sovet zamanının möhürünü daşıyır; burda isə erməni-rus mifinə, şəksiz ki, yer var.

Quqarka girdiyi andan həmin müqayisə mexanizmi sanki altşüurdan oyanıb da işə düşür; elə ilk gecədə holland qadınını yatağına salmış Armenin seksual qabiliyyətinə heyrət edirkən: “Nə fərasətli kişilər var. Mən hələ də yeniyetmələr kimi məhəbbət haqqında gic-gic düşünürəm.

Fərasətli kişilər isə real, ciddi işlə məşğuldur...”; həmyerlisi N. xalanın qızı X.-ə

Nərmin Kamal

Nərmin Kamal

aludəliyini yada salırkən: “X. rayonda olanda küçəyə yalnız mənimlə çıxırdı. Harasa gedəndə məni özü ilə aparırdı. Mənim uşaq vaxtı mədəni bir görünüşüm vardı. Evdə məni yaxşı geyindirirdilər. Üst-başım təmiz olurdu. Ona görə də hara gedirdimsə, əzizlənirdim. Üstəlik, X.-la küçədə gəzmək ayrıca bir qürur mənbəyi idi. X. o qədər gözəl idi ki, onda bir qram da naz və işvə görünmürdü...”; Karapetin sehrli qutularına münasibətdə: “Rayonda hamı deyirdi ki, Karapetin əli yüngüldür. Kim hərbi xidmətdə olan övladına sovqat göndərirdisə, taxta qutunu Karapetdən alırdı. Deyirdilər, Karapetin düzəltdiyi taxta qutularda sovqat göndərəndə sovqat yolda itmir, əsgərə vaxtında çatırdı, poçt işçiləri qutunu açıb içindən heç nə götürmürdülər...”; hətta əcnəbi inəkləri, heyvanları da bizimkilərdən artıqmış: “Mən artıq o vaxt bəzi şeyləri yavaş-yavaş başa düşməyə başlamışdım. Malakan məhəlləsindəki evlərin sıra ilə düzülüşü, malakanların inəklərinin bizim inəklərdən kök, qəşəng, təmiz, sevimli olması məni düşünməyə vadar edirdi. Müsəlmanların saxladığı inəklər malakanların saxladığı kök, qəşəng, təmiz, sevimli inəklərlə müqayisədə dəniz quldurlarına oxşayırdılar...”; “Hər bazar günü sərhədçi zabitlər qara cins ovçarka itləri və arvadları ilə bazara alış-verişə çıxırdılar. Zabit arvadları təmiz, sadə görünüşləri ilə bizim arvadlardan tam seçilirdilər. Zabit arvadları bazara əllərində səbət çıxırdılar. Onların itləri bizim məktəbdə oxuyan uşaqlardan daha ağıllı görünürdülər... ”

Bu isə yeni zamanların mifidir; yazıçı Ermənistan vətəndaşı Luiza Poqosyana istinadla mitinqlər zamanı guya fakültə dekanının erməni qızlarına qayğısından söz açır: “O, pilləkənlərin üstündən qalxmağımızı xahiş etdi. O dedi ki, biz soyuqlayarıq, buna isə əsla imkan verməməliyik.

Çünki biz gələcəyin analarıyıq. Əlbəttə, ona qulaq asmadıq. Dekan fakültəyə qalxdı və bizə qoca müəllimlərin stullara qoyduğu nazik döşəkçələr gətirdi. O, bizim nazik döşəkçələrin üstündə oturmağımıza nail oldu və razı halda çıxıb getdi...” Hətta müəllif bu müqayisə mexanizmini az qala romanın gizli konsepsiyasına çevirməyə mail görünür; Epiloqdakı alverçi qadınlar səhnəsində rəmzi məna axtarmasaq yaxşıdır: “Bu vaxt arvadlardan ən eybəcəri güzgünün qarşısındakı suveniri – Anuşun mənə hədiyyə etdiyi öpüşən göyərçinləri çox rahatlıqla əlinə alıb, anamdan soruşdu: “Maya, bu göyərçinləri neçəyə verirsən?” Mən oyuncaqların arasında ciddi-cəhdlə siqaretimi axtarsam da bu sual məni başımı anama tərəf çevirməyə məcbur etdi. Sanki mənim gələcəyim bu suala veriləcək cavabın məzmunundan asılı idi. Anamın cavabı qısa və konkret oldu: “5 manata” ...

Əgər mifləri dağıtmaq zamanından söhbət gedirsə, fürsətkən oxucuya başqa bir keyfiyyətli əsəri tövsiyə edərdim. Azər Abdullanın gərək ki, 2007-də qələmə aldığı “Sarı tağ” hekayətində 1950-ci illərin sonu 60-cı illərin əvvəli Ermənistanından bəhs açılır; əsərdə əsl erməni xisləti, Türkiyədən köçmüş erməni ailəsinə yad, oxumuş azərbaycanlı gəncinə qısqanc və düşmən münasibət çox yaxından fiksə olunmuşdur. Orda da bir erməni qızının azərbaycanlı türkə qəfil sevgisi yer almış; amma daha əsaslı, gərəyincə motivlənmiş şəkildə; qarşılıqlı cavab almadıqda bu sevgi tezliklə qurnaz və amansız düşmənçiliyə çevrilir...

Seymur Baycanın Anuşu qəfil sevgisində çox da inandırıcı olmasa da, yazıçının bu sevgini rəmzi motivləndirməsi aydındır. Gənc qızın cəmiyyətinə qarşı çıxaraq, guya qurban qismində düşmən obrazını dəf etmək cəhdi roman qəhrəmanını da düşündürür. Amma hansı qurbandan söhbət gedir burda; heç də “lokal” saydıqları Qarabağ münaqişəsinin faciəvi məzmununu, təzad və çıxılmazlığını özündə rəmzləşdirməyən, əksinə, realiyalardan asanlıqla yaxa qurtarmağa çalışaraq, hər hansı hesabatsız, müharibə və münaqişə fövqündə bir düşərgə - Quqark arayan gənc qəhrəmanların “qlobal dünya” çərçivəsində (qoy olsun elə Anuşun təklif elədiyi Tiflis) bir-birinə qovuşmasına nə mane olur ki? Romanda hər halda Quqark həddinə çıxmış qəhrəmanlar üçün belə bir psixolji baryer görünmür.

Rəmzi planda isə, əcəbdir, maneə: ideal erməni millətçiliyi, Anuşun bacısı və anası imiş, bir də geridə qalmış, hər gün bir boşqab borc yeməyə qane azərbaycanlı kompleksi, daha doğrusu kompleksli Azərbaycan insanı... Heç də roman mətninin prozaik zənginliyinə adekvat olmayan belə bir ideya sonluğu zərərli deyilmidir, cənablar?

Yenə klassikaya üz tutaq; bir əsr öncə də belə bir sevgi əhvalatı olmuşdu; N.Nərimanovun Bahadırı nəinki “mədəni erməni” millətçiliyi səviyyəsində dururdu, üstəlik Sonaya Şərq dilləri öyrədir, bütünlükdə dünyaya isə Dinlər arası uçurumları uçurası Sevgi təklif edirdi. Seymur Baycanın yazar qəhrəmanı isə nəinki rus dili müəllimi Anuşa (deməli, sıravi Oxucuya) Ədəbiyyat dərslərində uduzur, eləcə də ali Sevgi ideyasını məişət rəhmdilliyi səviyyəsində yozaraq, guya gənc qıza qarşı humanizm nümayiş etdirib, sevgisindən yayınır...

Mən də bilirəm, dörd roman cızmasına baxmayaraq, Seymur Baycandan bişmiş yazıçı kimi bəhs açmaq, ondan Dostoyevski, Tolstoy möcüzələri istəmək düz olmaz. Çox köhnə Körpüsalanlardan sonra, gənc yazıçının böyük ideyalara doğru Quqark axtarışlarını hələ bəlkə alqışlamaq da gərəkdir; amma unutmayaq: yanlış ideya müstəvisində heç bir bədiiyyat özünü doğrultmur.

Bu kimi qlobal məsələlərə yalnız bişmiş yazıçı mövqeyindən girişmək yeydir; məsələn, Sabir Əhmədlinin 2001-də qələmə aldığı sonuncu “Ömür urası” romanında olduğu kimi. Orda da Qarabağ müharibəsinin hər iki tərəfdən vəhşətləri, münaqişənin gec-tez barışıqla sona yetəcəyi düşüncə və təsvir predmetidir; amma hər hansı hesabatsız yox. Düşməndən azad olmuş torpaqlara can atan yazıçı-qəhrəman burda həm barışığa imkan verən dəyərlər – Böyük Vətən müharibəsi qəhrəmanının heykəlinin toxunulmazlığının şahidi olur, həm də təkcə insanlığa qarşı deyil, eyni zamanda təbiətə-meşəyə-ağaclara qarşı törədilmiş cinayətlərin Nürnberq məhkəməsinə verilməsi barəsində düşünür və s.

Ən nəhayət, qayıdaq yazımızın lap əvvəlinə, Seymur Baycanın yazmamaq barəsində bəyanatına. Mən “Quqark”da gizli və soyuq bir qəzəb də görürəm; təkrar edək: missiyasını yazmaqda görən yazar heç cür əlverişli mühit bulmayıb da, açkarca “düşmən düşərgəsi”nə adlayır. Amma niyyəti təmiz və alidir; belə ki, harda olursa-olsun, yazıçının qəsdi insanların qəlbinə yol tapmaq, təsir etməkdən, düşüncələrini oyatmaqdan, hər növ düşmənçiliklərə son qoymaqdan özgə nəsə ola bilməz... Əvəzində, anlaşıq, qarşılıqlı münasibət, adekvat reaksiya görməyib, Seymur Baycan çaşır və bir daha roman yazmayacağını söyləyir...

Güman ki, ani və müvəqqəti. Çox keçməz, Seymurun növbəti, daha inamlı romanını oxuyacağımıza inanıram.

1-2 yanvar, 2012

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG