Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:32
AzadlıqRadiosunun “İz” proqramı 2012-ci ilin ilk buraxılışını ötən ilin yekununa həsr edib. Eyni zamanda veriliş arası ölkənin tanınmış sənət adamlarına ənənəvi sualla üz tutub: Ötən il hansı mədəniyyət olayı ilə yadda qaldı? Nələr üz ağartdı, nələr qan qaraltdı?
KİNO ADAMLARI ÇOX SEVİNİRDİ
Elçin Musaoğlu - kinorejissor: Bu yaxınlarda məni ən çox sevindirən mədəniyyət hadisəsi Nizami sinemasının (Nizami Kino Mərkəzi—S.İ.) açılışı oldu. Kino adamları çox sevinirdi. Elə bil köhnə evlərini onlara qaytarmışdılar. Çünki bütün cavanlığımız bu kinoteatrın növbələrində keçib. Aktyorlar, rejissorlar ən azından böyük ekranda öz işlərinə baxa biləcəklər. Ölkə səviyyəsində digər məni tərpədəcək hadisə xatırlamıram.
MƏN EUROVİSİON ADAMI DEYİLƏM
- Hətta Eurovision da sizi tərpətmədi? (gülüşmə)
- Hm...Nə bilim vallah...Mən Eurovision adamı deyiləm, yəqin o üzdən. Mədəniyyət deyəndə mən daha çox sinemanı, teatrı və s. nəzərdə tuturam. Anlada bildim?
FRANSIZ NƏNƏ HAQQINDA FİLM ÇƏKİRƏM
- Bəli, bəli...Mənim istəyim də o idi ki, biləm- görəm sizin fikrinizcə nələr üz ağartdı, nələr qan qaraltdı?
- Əslində biz yaşadığımız hər bir günə görə şükür etməliyik. Hər gün olmasa da, hərdən üzağardan və qanqaraldan şeylər olur. Düzü, təsnifatlandırmamışam. İl sonunda məni narahat edən ən mühüm hadisə-mədəniyyətə aid olmasa da-Fransa məsələsi idi. Keçən il fransız nənədən- İvonna nənədən sənədli film çəkirdim. İmişlidə yaşayır, vaxtilə bizim partizana qoşulub gəlib. Nənə ilə onun vətəninə də getmişdim. İvonna nənə qısa müddətdə Fransada məşhurlaşmışdı. Televiziyalar göstərmişdi, qəzetlər yazmışdı və s. Nənəni küçədə hamı tanıyırdı. Adamların ona münasibətini görürdüm, çox xoşuma gəlirdi. Nənə Lion tərəfdəndir. Ora da getdik. Çox bəyəndim. Hamı bizim adamlar kimi sadə, filan... Mən bilirəm ki, parlamentdə oturanlar sadə adamlar deyil. Amma bu hadisənin baş verməsi mənin qanımı qaraltdı. Bilmirəm fikrimi çatdıra bildimmi?
SƏRGİYƏ GƏLƏNLƏRİN AZLIĞI MƏNİ ÜZDÜ
Elxan Rzayev- Bakı Kitab Evinin rəhbəri: Ötən il baş tutan iki tədbir mənim xüsusi yadımda qalıb. Bunlardan biri Azərbaycanın Eurovisionda qələbəsi, o biri isə 11 Bakı Beynəlxalq Kitab Sərgisi idi. Birinci tədbirdə qaliblərin çox balanslaşdırılmış cavablar verməsi xoşuma gəldi. İkinci tədbirdə isə məni üzən Sərgi haqqında məlumatlandırmanın kifayət qədər olmaması idi. Fikrimcə, o üzdən də bu sərgiyə gələnlərin sayı az oldu...
TEATRDA ÇALIŞA BİLMƏDİM, KİNOYA ÇƏKİLMƏDİM...
Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu

Kamran Yunis - Dövlət “Yuğ” teatrının aktyoru: İstərdim ki, 2011-ci il gözəl hadisələrlə yadda qalsın. İstərdim ki, Azərbaycanda daha çox filmlər çəkilsin, daha çox tamaşalar qoyulsun. Mən teatr sənətçisiyəm, amma bir parça çörək qazanmaq üçün dublyajda çalışmağa məhkumam. İlin pis tərəfi o oldu ki, teatrda çalışa bilmədim. Heç bir filmə dəvət almadım və potensialımdan istifadə olunmadı. Amma düşünürəm ki, xoş şeylər də oldu. Bakıda İran kino festivalı keçirildi. Mən bir tamaşaçı kimi orada iştirak etdim.
USTADIMI, YOLGÖSTƏRƏN MAYAKIMI İTİRDİM...
2011-ci ildə bizə çox çətin oldu - Vaqif İbrahimoğlunu itirdik. Ustadımı, böyüyümü, mayakımı - yolgöstərənimi itirdim. Çox qorxurdum ki, bu itkidən sonra mənim doğma ocağım “Yuğ” teatrı—sənətə təkan verən məkan öz mahiyyətini, özəlliyini itirsin. Amma bu yaltaqlıq deyil- minnətdaram ki, direktorumuz Tərlan Rəsulov bu yükün altına girdi və teatrı ayaqda saxlaya bildi. Vaqif bəyin itkisinə nə qədər üzülsəm də, teatrın yaşamasına çox sevinirəm. Mədəniyyət Nazirliyinə bu teatrı bağlamadığına görə təşəkkür edirəm. Çünki səs-soraq gəzirdi ki, Vaqif bəysiz teatr bağlanacaq... Teatr yaşayır, Vaqif bəyin ruhu naminə daha da şövqlə işləyir. Təəssüf ki, dediyim səbəbdən orada ola bilmirəm. Amma teatrın yaşamağı mənə bəs edir. Sevinirəm ki, serialların çəkilişi başlanacaq. Artıq bir çınqı, bir qığılcıım var. Biz sənət adamları istəyirik ki, hər şey yaxşı olsun. Biz ona görə müxalifik ki, hər şeyin yaxşı olmasını istəyirik. AzadlıqRadiosunun dinləyicilərinin Yeni ilini təbrik edirəm. Qoy Yeni il bütün insanlara yeni sevinclər bəxş etsin.
ÖLKƏDƏ YENİ ƏDƏBİYYAT BUMU VAR
Əlisa Cabarov - rejissor: Mən ədəbiyyatda iki hadisəni qeyd etmək istəyirəm. Bunlardan biri Seymur Baycanın “Quqark” romanı, o biri Şərif Ağayarın “Haramı” romanıdır. Bu iki romanı ədəbiyyatın, ən azından yeni ədəbiyyatın uğuru sayıram. Hər iki roman mənim üçün sürpriz oldu. Azərbaycanda yeni ədəbiyyat bumu var.
Eyni şeyi teatr haqqında deyə bilərəm. Konkret tamaşa göstərməyəcəm. Ən azından, yeni, çox uğulu tamaşaların yaranması üçün zəmin var. Kəmiyyət dəyişikliyi və dinamika var.
UĞURSUZLUQ DALĞASINDAN BİR ADDIM UZAQLAŞDIQ
Kinoda iki faktı qeyd etmək istəyirəm. Bu, Yavər Rzayevin “İlahi məxluq” filmi və İlqar Nəcəfin “Buta” filmidir. Sonuncu film Asiya və Sakit Okean hövzəsi ölkələrinin Kino Akademiyasının “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi oldu. Bu, Asiya ölkələrinin Oskarı kimi qəbul edilir. “İlahi məxluq” isə Azərbaycan kinosuna yeni mövzu, yeni nəfəs gətirdi. Kinomuzda olan uğursuzluq dalğasından bir addım çıxa bildik. Bunlar məni sevindirənlər.
“FOKUS” DƏRGİSİNDƏ SİLSİLƏ MÜSAHİBƏLƏR, USTAD DƏRSLƏRİ PLANLAYIRDIM
Əlisa Cabarov

Əlisa Cabarov

Məni üzənlər - Vaqif İbrahimoğlunun aramızdan getməsi... Bunu faciə kimi qəbul etdim. Hüseyn Ərəblinskidən sonra çox parlaq bir rejissor bioqrafiyasıdır. Kinoda bir rejissor xəstəliyi var- bu, xərçəngdir. Öz xaçını daşıyan və bir qayda olaraq xərçəngdən ölən rejissorlar olub. Vaqif İbrahimoğlunu da xaçının ağırlığından bu xəstəliyə mübtəla olmuş şəxs sayıram. Çox ağrılı qarşıladım. Hətta “Fokus” jurnalında ondan silsilə müsahibələr, ustad dərsləri etmək fikrim var idi. Füzulinin, Nizaminin, Xətainin əsərləri əsasında qoyduğu tamaşalar haqqında, sufilik mövzusunda. O cəhətdən də mən itirdim. Belə böyük bir ustad aramızdan getdi. İlin sonlarında Qədir Rüstəmovu itirməyimiz də faciə idi. Amma mən fərdi-psixoloji duyumumu deyirəm.
YARI KOMİK - YARI TRAGİK...
İl ərzində yarı komik, yarı tragik hadisələr də oldu. Buna ilin şokları da demək olar. Səməd Səmədovun xalq artisti adı almasını, aktyor Qorxmaz Əlilinin MEA-nın teatr və kino şöbəsinə müdir təyin edilməsini ilin şoku adlandırardım... Bu, adminstrativ bir qərardır və şərh vermək istəmirəm. Amma mədəniyyətin hansı istiqamətdə inkişaf etməsi sualını qoysaq, bu faktlar problemli inkişafdan xəbər verən işartılardır. Bir də, kino sahəsində ən böyük istehsalçılardan biri olan “Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyinatından danışmaq istəyirəm. Müşfiq Həsənov nisbətən gənc adamdır- 40 yaş civarındadır. Apardığı işdən asılı olmayaraq kinoçular üçün bunu şanslı bir təyinat hesab edirəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG