Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

54 ziyalı Rafiq Tağı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi


Rafiq Tağı

Rafiq Tağı

Bir qrup ziyalı tanınmış yazar Rafiq Tağının qətli ilə bağlı yanvarın 2-də beynəlxalq təşkilatlara müraciət edib. Avropa Şurasına, BMT-yə, beynəlxalq insan haqları təşkilatlarına ünvanlanan müraciəti Azərbaycanda və Almaniyada yaşayan 54 ziyalı imzalayıb.
Müəlliflər 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlandıqdan sonra vəfat edən 61 yaşlı yazar Rafiq Tağının qətlinə görə İran ayətullalarından birini günhkar bilirlər. Qeyd edirlər ki, yazarın vəfatından dərhal sonra onun haqqında ölüm fitvası çıxarmış ayətullanın oğlu qatili alqışlayıb: “Bu, Rafiq Tağıya yas tutan həmfikirlərə istehza idi! Bu, bizim gənc və dünyəvi dövlətimizə edilmiş həqarət və meydan oxuma idi!” – deyə sənəd müəllifləri yazırlar.
Sənəddə daha sonra bildirilir ki, Avropa dəyərlərini yaydığı üçün bir yazıçını ölümlə susduran təhlükə get-gedə böyüyür, sahəsi genişlənir. Bu tendensiyanın genişlənməsinə qarşı səslərini ucaltmağa çağıran müəlliflər yazırlar ki, Azərbaycanın İran olmasına imkan verilməməlidir.
Sənədi Azərbaycandan professorlar Firudin Cəlilov, Rəhman Bədəlov, Əli Abbasov, alimlər Ağalar Məmmədov, Zeynal Məmmədli, millət vəkili Aqil Abbas, yazarlar, Almaniyadan yaşayan fəallar Fəxrəddin Hacıbəyli, İshaq Ozanoğlu və başqaları imzalayıblar.
Müraciətə imza atanlardan biri, jurnalist Zeynal Məmmədli AzadlıqRadiosuna bildirib ki, onlar fərqli, azad düşünənlərin belə bir tale ilə üzləşməməyi üçün bu müraciəti ediblər.

- Rafiq Tağı məqsəd deyil, vasitədir ki, 21-ci əsrdə Rafiq Tağı kimi öz fikirlərini sərbəst söyləmək istəyənləri belə bir tale gözləməsin. Biz fikrini ucadan söyləmək istəyənlər üçün həyəcan siqnalı çalırıq.
Rafiq Tağı keçən il noyabrın 19-da Bakıda bıçaqlanıb. Bir neçə gün sonra isə xəstəxanada vəfat edib. Yanvarın 2-də onun dəfninin 4-cı günü münasibətilə Bakıda anma mərasimləri keçirilib.
Rafiq Tağı bir neçə il əvvəl yazdığı “Avropa və Biz” adlı məqaləsinə görə həbs edilmişdi. O zaman həmin məqaləni islam peyğəmbərinə təhqir sayan İran ayətullalarından biri onun ölümünə fitva vermişdi.
Hələlik Azərbaycanın hüquq-mühafizə orqanları bu qətllə bağlı hər hansı versiya elan etməyiblər. Respublika prokurorluğu bildirir ki, istintaq gedir, qatilin tapılması üçün bütün lazımi tədbirlər görülür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG