Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

Təbrizdən xəbər: 35 il həbs və 2240 şallaq


Bəhrad Xudayari
Bəhrad Xudayari
«BU İSTƏKLƏR BİZİM YAŞAMAĞIMIZ ÜÇÜN VACİBDİR»

«Mənə 91 gün həbs və 30 şallaq cəzası verilib. Məhkəmənin rəyinə vəkilimlə birlikdə etiraz hazırlayıram. 20 gün ərzində etiraza baxılmalıdır. Sonra da görək nə olur».

Bunu Marağada yaşayan və Təbriz İnqilab Məhkəməsi tərəfindən barəsində hökm çıxarılmış Bəhrad Xudayari deyir. Sözlərinə görə, bu ilin avqust ayında Traxtorsazi futbol komandasının oyunlarında ana dili ilə bağlı səsləndirdiyi şüara görə ETTELAAT (İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə Nazirliyi) tərəfindən həbs olunub, 15 gündən artıq həbsdə saxlanılandan sonra girov müqabilində məhkəməyə qədər azad edilib. Həbsxanaya salınıb-salınmayacağı isə barəsindəki hökmdən verəcəyi etirazla bağlı çıxarılacaq qərardan asılıdır.

Təbrizdə 112 azərbaycanlıya hökm çıxarılıb və 3 gün əvvəl hökmün surəti onlara verilib. 37 nəfərə ümumilikdə 35 il həbs və 2240 şallaq cəzası kəsilib. Qalanları barəsində isə xəbərdarlıq və digər qərarlar çıxarılıb. Onların arasında qadınlar və 9 azyaşlı var. Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) üzvü Yaşar Həkkəkpur məlumat verib.

Barəsində hökm çıxarılanlar Urmiyə gölünün quruması ilə bağlı bu ilin avqust ayından yenidən baş qaldıran etiraz yürüşlərində iştirak edənlər və Traxtorsazinin oyunlarında Urmiyə gölünün quruması, milli kimliklə bağlı şüarlar səsləndirənlərdir. Onlar iğtişaşlar yaratmaqda və asayişi pozmaqda təqsirləndiriliblər.

Bəhrad Xudayari hökmü əsassız hesab edir. Onun fikrincə, hüquqları uğrunda şüar səsləndirməyə görə həbsə atılmaq söz azadlığının boğulmasıdır:

«Mən ondan sonra yenə də 3-4 dəfə oyuna getmişəm, şüarlar səsləndirmişəm. Haqlarımız bərqərar olana qədər davam edəcəyəm. İstəklərimiz ana dilidir, milli kimlik hüquqlarımızdır ki, bu istəklər də bizim yaşamağımız üçün vacibdir».

«BİZİ SORĞUYA ÇƏKİB İŞGƏNCƏLƏR VERİRDİLƏR»

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) üzvü Yaşar Həkkəkpur
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) üzvü Yaşar Həkkəkpur
91 günlük həbs və 30 şallaq cəzasına məhkum olunanlardan biri də avqust ayının sonunda Urmiyə gölünün qurumasına Təbriz bazarındakı etiraz aksiyasında iştirak etmiş Allahverdi Qurbanidir. Deyir ki, onu və qardaşını 2 gün ac-susuz ETTELAAT-ın Təbriz şöbəsində, 7 gün həbsxanada saxlayıblar. Girov müqabilində hər ikisi məhkəməyə qədər azad ediliblər:

«Həbsdə olarkən bizə deyirdilər iddialarınızdan əl çəkin, oturun yerinizdə, sizin səsinizə heç kəs yetişməz. Biz isə bunu qəbul edə bilmərik. Bizi sorğuya çəkirdilər, deyirdilər gərək bu şeyləri boynunuza alasınız, onların dedikləri bizim dediklərimizlə tutmurdu, ona görə də fiziki işgəncələrə məruz qalırdıq».

Ancaq Allahverdi Qurbani deyir həbslər onu ana dili və milli kimlik uğrunda aksiyalardan çəkindirə bilməz: «İçi Quzeyli və Güneyli bütöv Azərbaycan bizimdir. Ürəyimiz Azərbaycan üçün çırpınır».

ADAPP üzvü Yaşar Həkkəkpur deyir ki, 2011-ci ildə İranda yaşayan azərbaycanlıların milli kimlik və ana dili haqlarının tanınması üçün dinc aksiyaları İran hökumətini silkələməsə də, orada baş verənlər dünyanın diqqət mərkəzində olub. BMT İnsan haqları Komitəsi və bir sıra başqa beynəlxalq təşkilatlar İran hökumətini irqçilikdən çəkinməyə çağırıb.

«BU İL DƏ MİLLİ KİMLİK İSTƏYƏNLƏR ARASINDA HƏYATLARINI İTİRƏNLƏR OLDU»

Yaşar Həkkəkpur:

«Azərbaycanlıların haqlarını müdafiə edən fəallar müxtəlif şəhərlərdə etirazlar keçirmişdilər, dil haqlarını müdafiə etmişdilər, universitetlərdə basqılara məruz qaldılar, kütləvi şəkildə işdən çıxarıldılar, həbs olundular, fəallardan bir neçəsi həyatını itirdi. Bu da onu göstərir ki, durum getdikcə ağırlaşır. İran hökuməti azərbaycanlıların insan haqlarını tanımaqdansa basqıları daha da artırır. Ancaq 2011-ci il həm də güney azərbaycanlıları üçün gərəkli il oldu. BMT İnsan haqları Komissiyası dəfələrlə İran hökumətini azərbaycanlılara qarşı irqçi hərəkətlərdən çəkinməyə çağırıb».

«Arzum budur ki, ana dilimiz haqqımız olsun, ana dilimizdə danışaq yazaq, müstəqil Azərbaycanda yaşayaq».

Bu isə 3 aylıq zindan və 30 şallaq cəzası almış Bəhrad Xudayarinin arzusudur.
XS
SM
MD
LG