Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:57

Küçədə satılan yeni il hədiyyələri


Şəhər sakinləri bir-neçə gündə paytaxtda «partlayış» səslərinin intensivləşdiyini deyirlər

Şəhər sakinləri bir-neçə gündə paytaxtda «partlayış» səslərinin intensivləşdiyini deyirlər

«Dayı, 3 «paçka» götürdük, 1 «paçka» ondan, 2 «paçka» da bundan. Neçəyədir bunlar?»

Metronun «Elmlər Akademaiyası» stansiyası yaxınlığındakı satış mərkəzində Vüqarla Sənan aldıqları pirotexnik paketlərin pulunu ödəyib bir qədər kənarda dayanan dostlarına qoşulmağa tələsirdilər. İki dost həm də partlayarkən daha güclü səs çıxaran pirotexnik paketlərin olmamasından gileylənirdilər. Dediklərinə görə, bir-neçə gün ərzində çox yeri ələk-vələk etsələr də ötən illərdəki partlayıcı paketlərdən tapa bilməyiblər:

«Əvvəlki kimi deyil, indi o «vızrıv paket»ləri partlayıcı paketləri satmırlar. İndi aldığımız lap zəif səslidir. Bəziləri heç partlamır da. Əylənmək üçün bir-iki şey alırıq».

Satıcı Nemət Mahmudov isə uşaqların axtardığı pirotexnik paketlərin satışının çoxdan qadağan olunduğunu deyir və axtarmağı da məsləhət görmür. Satıcının dediyinə görə, 1 partlayıcı paket satıb «ilişsən», gərək 1 il işləyib cəriməni ödəyəsən:

«Cəriməsi 600 manatdır. Bəyəm 600 manatımdan bezmişəm ki, onu bura qoyum satım?»

«İNDİYƏ QƏDƏR 11 MİN «VIZRIV» PAKET MÜSADİRƏ OLUNUB »

Bakıda satılan yeni il yolkaları

Bakıda satılan yeni il yolkaları

Bakı Şəhər İcra hakimiyyətinin Ticarət və Xidmət departamentindən AzadlıqRadiosuna verilən məlumata görə, Bakı şəhərində 40-a yaxın yeni il oyuncaqları satılan nöqtə var. Departamentin sözçüsü Əlabbas Bağırov deyir ki, həmin satış mərkəzlərinə tək icra hakimiyyəti yox, digər qurumlar da nəzarət edir. Qadağan olunmasına baxmayaraq Əlabbas Bağırov partlayıcı pirotexnik paketlərin ayrı-ayrı yerlərdə satıldığını etiraf edir:

«Əlbəttə, bunun qarşısını tam almaq olmur. Bu barədə Gömrük Komitəsinə, İcra hakimiyyətlərinə və Bakı Baş Polis İdarəsinə göstərişlər verilib. Biz bu işi birgə aparırıq. Ötən illərlə müqayisədə xeyli nailiyyətlər əldə etmişik. Bu yaxınlarda satış mərkəzlərindən 11 min ədəd pirotexnik paketlər müsadirə edilib zərərsizləşdirmişik. Biz bu işləri intensiv şəkildə aparırıq, bayram günlərində mübarizəmiz daha güclü olacaq».

PULU «PARTAPART»DAN ÇIXANLARIN BAYRAM MƏYUSLUĞU

Paytaxtdakı satış mərkəzlərində isə deyirlər ki, bundan əvvəlki illərdə pirotexnik paketlərə görə yaxşı alverləri olub. Bu il isə alver çox zəifdir. Mal yığdığı stolun üstündə zəif səslə partlayan pirotexnik paketlər olsa da, satıcı Nemət Mahmudov həmin mallara tələbatın az olduğunu bildirir. Onun sözlərinə görə, uşaqlar daha güclü səs çıxaran, ətrafa tüstü və qığılcım buraxan pirotexnik paketlərlə üstünlük verirlər.

Şaxtabala

Şaxtabala

Amma şəhər sakinləri bir-neçə gündə paytaxtda «partlayış» səslərinin intensivləşdiyini deyirlər.

20 KİLOQRAMLIQ KEYFİYYƏTSİZ YENİ İL HƏDİYYƏSİ

Yeni illə bağlı satış mərkəzlərində ən çox gözə dəyən oyuncaqlar dovşanla əjdaha, bir də satıcılar demişkən «kitayski» şaxtabalardır. Bəzi alıcılar bu oyuncaqların, hədiyyələrin qiymət və keyfiyyətindən elə də razı qalmadıqlarını bildirdilər.

Rəsmi qurumlarda isə keyfiyyətsiz yeni il oyuncaq və hədiyyələri ilə bağlı intensiv mübarizə aparıldığını deyirlər. İqtisadi İnkişaf Nazirliyinin sözçüsü Abbas Əliyevin dediyinə görə, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidməti bayram günləri ilə bağı nəzarəti gücləndirib:

«Oyuncaqlardan daha çox uşaqların istifadə etdiyi nəzərə alınaraq bu sahəyə nəzarət gücləndirilib. Hazırda bu sahədə intensiv monitorinqlər aparılır. Dövlət Xidmətinin əməkdaşları 20 kiloqrama yaxın keyfiyyətsiz yeni il hədiyyələrini satışdan çıxarıb məhv ediblər».

Şərhləri göstər

XS
SM
MD
LG