Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18
«2012-ci ili təkcə mənim ailəm yox, Azərbaycan xalqının 70 faizi çox pis vəziyyətdə qarşılayır».

Bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramının son buraxılışında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söylədi.

«Bakı 2012-ci ilin qarşısına necə çıxır?» mövzusunda keçirilən müzakirədə ilk sualımız bakılı qonaqlarımızın özlərinin 2012-ci ili necə qarşılamaları barədə oldu.

ÖZÜMÜZÜ ÇOX ÖYÜRÜK

Telman Zeynalovun sözlərinə görə, həm ekoloji, həm hüquqi, həm psixoloji, həm də iqtisadi baxımdan Azərbaycan çox da irəli addım atmayıb: «Hərçənd çox özümüzü öyürük. Xaricdə bunu edə bilərik. Amma daxildə problemləri araşdırmadan özünü reklam etmək çox pis yoldur. Ona görə də, irəli getməyəcəyik. Biz ekoloji cəhətdən çox pis vəziyyətdəyik».

ÖZÜMÜ QALİB HİSS EDİRƏM!

Müzakirəyə qoşulan Bakı Psixologiya Mərkəzinin rəhbəri Xatirə Səfərova illik hesabat apardığını, nələr əldə edib-etmədiyini, harada büdrədiyini saf-çürük etdiyini bildirdi: «Demək olar ki. uğuru yaxalamışam və özümü qalib hiss edirəm».

HƏR İLİN ÖZ AURASI VAR

Şəhər İnkişaf Mərkəzinin rəhbəri Fuad Cəfərli özünü realist hesab etdiyini və hər şeyə real baxdığını vurğuladı: «Amma gələn illərin insana nə bəxş edəcəyini dəqiq söyləmək mümkün deyil. Hər gələn ilin özünün müsbət aurası var. Yeni ilin gəlişi insanı sevindirir. Təzə hislər, ümidlər oyadır. O ümid məndə də var. Hamıda var».

ONA NƏ QƏDƏR ZƏRBƏLƏR DƏYİB...

Memar Elçin Əliyev Yeni il qabağı ikili hislər keçirdiyini söylədi: «Bir tərəfdən sevinirəm ki, mənim doğma şəhərim inkişaf edir. O biri tərəfdən də baxıram ki, ötən illər ona nə qədər zərbələr dəyib... Neçə sevdiyim bina söküldü. Hərdən öz şəhərimi tanımıram».

1 NÖMRƏLİ PROBLEM- MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI

Fuad Cəfərli paytaxtın inkişaf yoluna nəzər saldıqda başqalarından fərqlənmədiyimizi, dünya ilə vəhdətdə olduğumuzu iddia etdi: «Şəhərlər sözsüz ki, inkişaf edir. Amma problemləri də həmçinin. Mülkiyyət hüquqlarının pozulmasından başlamış orada gedən böyük tikililərə qədər, Çindən Çiliyə qədər bu proses gedir. Biz keçid dövründə yaşadığımızdan, olduqca böyük problemlərlə qarşılaşacağıq. Keçən ilin ən böyük problemi olan mülkiyyət hüququnun pozulması ilə bağlı bir məsələyə diqqəti çəkmək istəyirəm. Əgər Bakı 2012-ci il «Eurovision» musiqi yarışmasına hazırlaşırsa və biz yeniləşmə, ərazilərin rekonstruksiyasının şahidi oluruqsa, eyni zamanda minlərlə insanın mülkiyyət hüquqlarının pozulması ilə üz-üzə qaldığını görürük. Bu, utancvericidir».

Fuad Cəfərli ötən illərin uğurlarından danışmağa haqqımız çatmadığını da sözünə əlavə etdi: «Hələ ki, əvvəlki illərdə buraxdığımız səhvlərin acısını dadmışıq 2011-ci ildə... Ona görə də, 2012-ci ilə daha ağıllı, daha enerjili il kimi baxmaq istəyirəm».

İNKİŞAF VAR, XÜSUSƏN DƏ UŞAQLARDA

Xatirə Səfərova ölkədə inkişaf getdiyini, ən çox da bu halın uşaqlarda nəzərə çarpdığını bildirdi: «Uşaqlar özlərini realizə etməyə başlayıblar. Onlarla işlədiyim üçün bu sözləri deyirəm. Kreativ fikirlərlə, ideyalarla üzləşirik. Bu onu göstərir ki, bəzi valideynlər müasirləşib. Demək, inkişafı uşaqlarına ötürməyi bacarırlar».

MƏKTƏBLƏRDƏ PSİXOLOQ YOXDUR

Xatirə Səfərova

Xatirə Səfərova

Xatirə xanım məktəblərdə psixoloqların olmamasından narazı olduğunu dilə gətirdi: «İntiharlar niyə baş verir? Qarşısı niyə alınmır? Psixoloqların məktəblərdə zəif işləməsi, daha doğrusu, işləməməsi üzündən. İstərdim ki, mənim də övladım sağlam cəmiyyətdə böyüsün. Bunun üçün də sağlam psixologiya olmalıdır».

AZƏRBAYCAN RAHAT VƏ GÖZƏL ÖLKƏDİR

Xatirə xanım Azərbaycanı rahat və gözəl ölkə kimi gördüyünü açıqladı:

«Mən bir neçə ölkədə olmuşam. Burada insan özünü çox rahat hiss edir. Son vaxtlar yeni məktəblər, bağçalar istifadəyə verilir. Hər şey müasir səviyyədədir. İnşallah, qarşıdan gələn onillikdə Azərbaycan daha yüksək yerlər tutacaq».

BAKIDA ANALOQU OLMAYAN İSLAHATLAR GEDİR

Telman Zeynalov bu islahatların müsbət və mənfi cəhətləri olduğunu dedi: «Mənim fikrimcə, şəhərin urbanizasiyası, böyüməsi, genişlənməsi mənfi cəhətdir. Nəyə görə Qazaxıstanda paytaxtı kənara çəkdilər? Niyə Bakı o varianta getmədi? Bakı qədim şəhərdir. Onu qoyaydılar qalsın, Abşeronda 200 min hektardan çox ərazi var. 100 minini ayıraydılar. Orada təzə şəhər salaydılar- XXI əsrin Bakısını. O da olardı bizim paytaxtımız. Bütün idarələri köçürəydilər ora. Bu da gediş-gəlişi yüngülləşdirərdi».

«TULLANTIYA KVOTA QOYULMALIDIR»

Telman Zeynalov şəhərdə tikilən yeni binalardan da danışdı: «Estetik cəhətdən bəlkə də qəşəngdirlər, amma ekoloji cəhətdən yox! Bizi hər şeydən, hətta havadan da məhrum ediblər. O gün oxudum ki, Ekologiya Nazirliyi bir çox neft müəssisələrini havaya atdığı tullantıya görə cərimələyib. Fikrimcə, hər tullantıya kvota qoyulmalıdır, vergi verilməlidir. Əgər sən 1 ton zəhər tökmüsənsə, ən azı 20 min vergi ödəməlisən. Mən inanmıram ki, bu halda şirkətlər ətraf mühiti çirkləndirmək istəsinlər. Çünki gəlirləri vergiyə gedəcək».

ŞƏHƏR HEÇ VAXT TƏMİZ OLMAYACAQ!

Fuad Cəfərli

Fuad Cəfərli

T. Zeynalov: «Biz ətraf mühitlə bağlı nə qədər qərarlar qəbul edirik. Amma onlarda nə qədər boşluqlar var. Cənab prezidentin şəhərin tullantılardan təmizlənməsi ilə bağlı verdiyi sərəncamdan sonra «Təmiz şəhər» yaratdılar. Ancaq tullantıların hamısını onlara həvalə etmədilər. Bir hissəsini İcra Hakimiyyəti idarə edir, bir hissəsini «Təmiz şəhər», bir hissəsini də bu və ya digər təşkilatlar. Bu gedişlə şəhər heç vaxt təmiz olmayacaq. Çünki qərar verilirsə, bir cavabdeh şəxs olmalıdır».

ŞƏHƏRDƏ İSTİXANA EFFEKTİ YARATDIQ

Verilişimizin qonağı şəhərdə yaşıllıqların qırılmasına da toxundu:

«Yaşıllıqların neçə ağası olar? Şəhər İH bir tərəfdən, rayon İH bir tərəfdən, Ekologiya Nazirliyi bir tərəfdən. Yaşıllıqlar qırılır, göydələnlər ucaldılır, şəhəri havasız qoyurlar. İstixana effekti yaradırlar və deyirlər ki, iqlim dəyişikliyi baş verir. İndi nəfəs almaq mümkün deyil. Odur ki, Qanunvericilikdə düzəlişlər edilməlidir».

MAŞINLAR ŞƏHƏRDƏN ÇIXARILSIN!

Telman Zeynalov qarşıdan gələn «Eurovision»dan da söz açdı: «Maşınların 90 faizini şəhərdən kənarlaşdırmaq lazımdır ki, hava təmizlənsin. Qonaq qəbul eləyirik».

DOĞMA BAKIMIZI İTİRDİK...

Memar Elçin Əliyev də Telman Zeynalovla razılaşdı: «Şəhərin mərkəzində göydələnlər tikilməməlidir. İnkişaf etmiş ölkələrdə qədim şəhərlərə dəymirlər Qıraqda bir yer ayırırlar və orada tikinti aparırlar. Məsələn, Parisdə. Təəssüf ki, biz bunu Bakıda eləmədik və doğma Bakımızı itirdik».

Qonaqlar Bakı haqqında daha nələr dedilər?


«Can Bakı»nı elə bu səhifədən dinləyin:


Şərhləri göstər

XS
SM
MD
LG