Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

Cabbar Savalanlı: «Narkotik maddəni məni maşına basanda cibimə atıblar»


Cabbar Savalanlı AzadlıqRadiosunun Bakı bürosunda, 27 dekabr 2011
Cabbar Savalanlı AzadlıqRadiosunun Bakı bürosunda, 27 dekabr 2011

Prezident İlham Əliyevin 26 dekabrda imzaladığı fərmana əsasən 92 nəfər əfv edilib. Azadlığa çıxanlar arasında AXCP-nın üzvü 21 yaşlı fəal Cabbar Savalanlı da var. Cabbar Savalanlı 2011-ci il, fevralın 5-də qanunsuz narkotik maddə saxlama maddəsi ilə həbs olunmuşdu. Cabbar Savalanlı dekabrın 27-də AzadlıqRadiosuna müsahibə verib:

«MƏN BELƏ AZADLIQ İSTƏMƏZDİM»

– Cabbar, evdə 11 aydan sonra ilk günü necə keçirdin?

– 11 aydan sonra ilk gün... İnanırsız, mən adi hisslər keçirirəm. Düzdür 11 aydan sonra öz ailəmlə, dostlarımla birlikdə olmaq mənim üçün xoşdur. Amma mən belə azadlıq istəməzdim. Mənim əqidə yoldaşlarımın içəridə olması, mənim azadlığa buraxılmağım mənim üçün heç xoş olmadı. 17 nəfər siyasi məhbusu da azadlıqda görəndən sonra mən əsl azadlığı duyacam və hiss edəcəm.

Dünən mənimlə eyni «kolonda» saxlanılan AXCP-sədrinin müşaviri Məhəmməd Məcidli və AXCP Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazlıdan ayrılanda mənə çox çətin idi. İstəyirdim ki, ya onlar da mənimlə çıxsınlar, ya da mən elə onlarla birlikdə qalım. Gənclərə öz mübarizələri ilə bağlı tövsiyyələri verdilər. Mən də onların tövsiyyələrini həbsxanadan özümlə birlikdə gətirdim.

«ƏVF OLUNDUĞUM AXŞAM SAAT 9-DA BİLDİM»

– Əfv olunmağınla bağlı ilk dəfə nə vaxt eşitdin? Bu xəbəri eşidəndə hansı hissləri keçirdin?

- Bu xəbəri ilk dəfə axşam saat 9-a qalmış eşitdim. Həmin vaxt xəbərlərə baxmağa hazırlaşırdıq. Kolon rəisi məni çağırdı və əfv olunduğumu bildirdi. Məni gecə buraxdılar. Təxminən gecə 11-ə işləmiş məni buraxdılar ki, cəzaçəkmə müəssisəsinin qarşısına çox adam toplaşmasın.

Bu da mənim sevincimə bir az da soğan doğradı. Çünki biri var səni «kolonun» qarşısında qarşılayırlar bu zaman azadlığı daha da yaxşı hiss edirsən. Biri də var gecə ilə maşına mindirib evə getirirlər. Yol boyu yaxşı heç nə hiss etmirdim. Bircə evə gələndə yaxınları, dostları görüb sevindim.

«ÜMİD EDİRƏM AVROPA MƏHKƏMƏSİ ƏDALƏTLİ QƏRAR ÇIXARACAQ»

– Bəs, haradan və necə bildin ki, siyasi məhbuslardan təkcə sən əfv olunmusan?

- Kalon rəisində əfvə düşənlərin siyahısı var idi. Orada baxdım ki, məndən başqa heç bir siyasi məhbusun adı yoxdur.

– Gələcək planlarınız haqda?

-İnşallah Avropa Məhkəməsinə kimi gedəcəm və ümid edirəm Avropa məhkəməsi ədalətli qərar çıxaracaq. Ailə üzvlərim, yaxınlarım istəyir ki, mən təhsilimi xaricdə davam etdirim. Mən özüm isə Azərbaycandan getmək istəmirəm. Amma bilmək olmaz, yəni hələlik bilmirəm necə olacaq, ola bilər ki, getdim.

«BÜTÜN TƏLƏBƏ YOLDAŞLARIM AİLƏMİN YANINDA İDİ»

– Tələbə yoldaşlarınız həbsinizdən sonra sizinlə əlaqə saxlayırdımı?

- Bəli. Həbsdə olan müddətdə də, həbsdən çıxanda da bütün tələbə yoldaşlarımı ailəmin yanında idilər, ailəmə dəstək verirdilər. Elə həbsdən çıxanda da ilk mənə zəng edənlər məhz tələbə yoldaşlarım idi. Bu gün də əksəriyyəti bizə gəlmişdi.

«HƏMİN GÜN ÇOX BÖYÜK SARSINTI KEÇİRDİM»

- Cabbar, fevralın 5-i, həbs olunmamışdan 5 dəqiqə əvvəli bizə təsvir et. Nə baş verdi həmin gün?

- Fevralın 4-də biz Facebook sosial şəbəkədə aksiya ilə bağlı müzakirələr aparmışdıq. Fevralın 5-də isə AXCP-də müşavirəmiz oldu. Müşavirədən sonra mən bir neçə əqidə yoldaşımla birlikdə Norveç İnsan Haqları evində film izləməyə getdik. Sonra aşxam idi, mən evə - Sumqayıta gəldim. Məni yaşadığım binanın dəhlizində tutdular. Bir neçə nəfər idi. Heç nə demədən, özlərini təqdim etmədən, hara və nəyə görə apardıqlarını izah etmədən məni maşına mindirdilər.

Ehtimal edirəm ki, elə narkotik maddəni cibimə polislər məni qolumdan tutub, maşına basanda atıblar. Sonradan idarədə üstümdən narkotik maddəni çıxardılar. Çox təzyiqlər etdilər mənə ki, haradan alımısan bu maddəni? Fiziki və psixoloji təzyiqlərə məruz qaldım. Ailəmi və özümü təhdid edirdilər. Həmin gün çox böyük sarsıntılar keçirdim.

«CİBİMDƏN NARKOTİKANI ÇIXARANDA...»

– Cibindən narkotika çıxmasını necə qarşıladın?

- Düzü, bildim ki, bu nakrotikdir. Həm televiziyalardan görmüşdüm, həm də əvvəldən siyasi məhbusları da eyni üsulla həbs etdiklərini eşitmişdim. Cibimdən kağıza bükülmüş bükülünü çıxaranda başımı stola çırpdım. Başa düşdüm ki, hər şey əvvəlki kimi olmayacaq.

– Məhkəmədə hakim qərarı oxuyanda nə hiss edirdin?

- Hakim qərar oxuyanda belə heç nə hiss etmirdim. Bildirdim ki, bu qərar yuxarıdan verilib, heç bir nəticə olmayacaq. Amma axırıncı Apellayasiya məhkəməsində söhbət gəzirdi ki, cəzamı azalda bilərlər. Amma mən yenə də inanmırdım. Elə də oldu, aşağı instansiya məhkəməsinin qərarı qüvvəsində qaldı.

Cabbar Savalanlı dekabrın 27-də AzadlıqRadiosunun "İşdən sonra" proqramına da qonaq olub. Onunla söhbəti burada ətraflı dinləyin.

XS
SM
MD
LG