Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:09

Şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdiriləcək


Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişikliklər barədə sənəd parlamentin müzakirəsinə təqdim olunub.

Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.

Layihədə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlarda dəyişiklik edilməsi də nəzərdə tutulur.

Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip) yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək.

2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Qanun layihəsində qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Hazırda qüvvədə olan qanunla 16 yaşı tamam olan vətəndaşlar şəxsiyyət vəsiqəsi alırlar. Həmçinin, vətəndaş 25, 35, 50 yaşlarında şəxsiyyət vəsiqəsini dəyişməlidir.
XS
SM
MD
LG