Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:13
Xaricdə dini təhsil alanların aqibəti necə olacaq? Onlara niyə dini xadim kimi işləmək və yas mərasimini aparmaq qadağan olunur? Qadağanın İslam dininə aid edilməsi dindarlar arasında ayrıseçkilik yaratmırmı? Xaricdə oxuyub gələn şəxs öz qohumlarının yasını aparsa, ona nə edəcəklər? Bu məsələyə nəzarət necə olacaq?

“İslam və demokratiya” proqramının bu dəfəki buraxılışı məhz bu mövzuya – İnzibati Xətalar və Cinayət Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı idi. Sənədlərə edilən dəyişikliklərə görə, xaricdə dini təhsil alan şəxslər Azərbaycanda yas mərasimlərini idarə edə bilməz. Belə bir qanun pozuntusuna yol verənlər üçün yüksək miqdarda cərimə, hətta həbs cəzası da nəzərdə tutulub.

XARİCDƏ OXUYANLAR QANUNSUZ TƏRİQƏTLƏRİ TƏBLİĞ EDİR

Dini Qurumlarla iş üzrə dövlət komitəsinin baş məsləhətçisi Səbinə Allahverdiyeva bu dəyişikliklərin hansı zərurətdən yaranmasına belə aydınlıq gətirir:

“Xaricdə təhsil alan vətəndaşlar oranın ab-havasını alır, gəlib bizə xas olmayan, qanunsuz fəaliyyət göstərən təriqətləri təbliğ edirlər, onlara meylli olurlar. Azərbaycanda İslami təhsil almağa hər cür şərait var. Amma qeyri-İslami təhsil almaq mümkün deyil”.

MƏSƏLƏYƏ KİMİN NECƏ NƏZARƏT EDƏCƏYİ BİLİNMİR

S.Allahverdiyevanın dediyinə görə, hələlik bu qadağaların pozulmasına kimin necə nəzarət edəcəyi, qanun pozuntularının qarşısının necə alınacağı bəlli deyil:

“Bu, hələ yenilikdir, necə tətbiq olunacaq, bəlkə tətbiqində nəsə problem yaranacaq, əlavə normativ hüquqi aktlar qəbul ediləcək. Bəlkə xaricdə dini təhsil alanlar burda öz diplomlarını təsdiqlətdirə biləcəklər. Mexanizmi necə olacaq, hələ bilmirik”.

VƏZİFƏDƏ OLAN DİNDARLAR ARASINDA XARİCDƏ OXUYANLARI ÇOXDUR

Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirzəziz Seyidzadə isə deyir ki, hazırda Azərbaycanda fəaliyyətdə olan dini xadimlər arasında xaricdə təhsil alanları çoxdur və hələlik onların işi ilə bağlı problem yaranmayıb:

Qafqaz Müsəlmanları İdarəsi

Qafqaz Müsəlmanları İdarəsi

“Biz attestasiya zamanı belə ayrısekilik qoymuruq. Hələlik hər kəsin savadını yoxlayırıq. Sonra işə götürəndə yenidən yoxlanılacaq ki, düz adamdır, ya yox. Bir ölkənin casusu bizim dində necə ruhani ola bilər? Bunu idarələr müəyyən edib bizə məlumat verəcək. Xaricdə oxuyan o qədər adam var ki, saf adamdır, ancaq elmlə məşğul olub. Bu cür adamlara əlbəttə iş veriləcək”.

“QMİ din xadimlərini necə yoxlayır, onlara necə vəsiqə verir – biz onların işinə qarışmırıq. Onlar xaricdə təhsil alanlara vəsiqə verəcək, verməyəcək, bizim işimiz deyil. Bizim işimiz din sahəsindəki siyasəti həyata keçirməkdir”. Bunu da Dövlət Komitəsinin təmsilçisi Səbinə Allahverdiyeva deyir.

İSTƏYİRİK Kİ, MƏRASİMLƏRİ SAVADLI ADAMLAR APARSIN

“İstəyirik ki mərasimlər savadlı insanlar tərəfindən aparılsın, mərasimlər şouya yox, əsl dini mərasimə oxşasın. Elə olur ki yas mərasimində molla oturub oxuyur, heç özü də bilmir ki, nə oxuyur”.

Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov isə deyir ki, xarici ölkələrdə, xüsusilə də İranda dini təhsil alan vətəndaşlar yas mərasimlərində ya Nizamidən, ya Nəsimidən, ya da Sabirdən danışırlar.

“Budurmu bizi qorxudan? Vətəndaş quran oxuya bilir, dəfn qaydalarını bilirsə, niyə mərasim aparmasın? Bəlkə adam öz yaxınları üçün məclisi ancaq özü aparmaq istəyir? Bu, müsəlmanlar arasında ayrıseçkilik aparılması deməkdir”.

Birlik rəhbəri bir il qabaq məcəllələrə salınan cəzaların indi niyə birdən birə bu dərəcədə sərtləşməsinin səbəbini anlamır:

“İndi 400 manatlıq cərimədən 7 min manatlıq cəriməyə keçdilər. Bu bir il ərzində hansı fundamental problem yaşandı, hansı ictimai təhlükə baş verdi ki? Əgər belə bir hal olubsa, niyə bunlar haqqında açıqlama verilmir?”

Vüsal Hətəmov

Vüsal Hətəmov

HƏR MÜSƏLMAN POTENSİAL CİNAYƏTKAR ELAN EDİLƏ BİLƏR

V.Hətəmov hesab edir ki, yeni dəyişikliklər hər bir dindar müsəlmana potensial cinayətkar kimi yanaşmağa imkan verəcək. Hətta güc strukturları tərəfindən sui-istifadə, korrupsiya halları da yaşana bilər.

“Kiminsə məndən xoşu gəlmirsə, deyəcək ki, cibində Quran var, dini materialların yayılmasına görə tuta bilərlər. Yaxud, indi dini məzmunlu materialların istehsalına görə də cəza sərtləşdirilib. Deməli, əgər bir xarrat çərçivə düzəldib kiminsə şəklinin arxasına Məkkənin fonunu qoyur, altında da bərəkət duası yazırsa, onu da potensial cinayətkar kimi qiymətləndirmək olar”.

İNSANLAR NAMAZ QILDIĞINI GİZLƏTMƏYƏ MƏCBUR OLUR

Yeni dəyişikliklərin hüquqi bazasının olmadığını, Konstitusiya ilə ziddiyyət təşkil etdiyini deyən V.Hətəmov hesab edir ki, bu vəziyyət vətəndaşlarda gözüqırpıqlıq yaradacaq və son nəticədə radikallaşmaya gətirib çıxaracaq:

“Bu gün elə vətəndaşlar var ki artıq uşaqlarını məscidə qoymurlar, qorxurlar. İşə girmək istəyən vətəndaşlar var ki, namaz qıldıqlarını gizlədirlər. Bu qadağalar qorxu ilə yanaşı, təzyiqə və radikallaşmaya aparacaq. Belə tədbirlər həmin insanları zirzəmilərə aparacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG