Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:47
«Bu, Moskva fənərləridir. 1940-cı, 1950-ci illərə aiddir. Təsəvvür edin ki, bunlar Stalini görmüş lampalardır. Bu oyuncaqlar adamda nostalgiya doğurur».

Psixoloq, kolleksioner Elmir Əkbər əntiq yolka oyuncaqlarını, işıqlarını toplamaqla məşğuldur. Dediyinə görə, az qala od qiymətinə aldığı, XX əsrin yadigarı olan bu oyuncaqlara baxanlar uşaqlığına qayıdır, nostalgiyaya qapılır. Sovet dövründəki ab-havanı xatırlayır. Gənclərəsə bu əntiq əşya kimi maraqlıdır yəqin.

Bu oyuncaqlara baxa-baxa sovet dönəmindəki bayramı xatırlayırsan. Və başa düşürsən ki, illər keçdikcə Yeni il bayramı da dəyişməyə başlayıb. Dekabrın 31-də təkcə il yenilənmir. Bu gün həm də Dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu bayram Azərbaycanda 1992-ci ildən qeyd olunur. Amma sovetlər zamanında olduğu kimi əksəriyyət yenə də evində yolka bəzəyir. Saat 12-də şampan partladır və ya sadəcə hamı bir-birini qucaqlayıb təbrik edir, xoş arzularını dilə gətirir. Sonrasa qohumlar, qonşular təbrik olunur. Buna görə bəzən mobil telefon şəbəkələrində problem də yaranır.
Amma Azərbaycanda yeni il yenə də ailə bayramı sayılır. Bunu Bakıdakı ayaqüstü apardığımız sorğu da göstərir.

«BAYRAMDA DAHA ÇOX SƏXAVƏTLİ OLURUQ»

Binəqədi rayonunda 266 saylı uşaq bağçasının tərbiyəçisi Reyhan Quliyeva deyir ki, evdə uşaqlarını başına yığıb bayram keçirəcək:

- Süfrənin başında plov olur. Dolma, toyuq, salatlar, meyvə, şirə...
- Nə qədər pul lazımdır bayram süfrəsi açmağa?
- Vallah qədərini dəqiq deyə bilməyəcəm. Amma hər kəs çalışır ki, bayramda imkanı çatan qədər xərcləsin. Bayramda daha çox səxavətli oluruq, açıb-tökürük. Təki süfrə bol olsun, uşaqlar sevinsin... Yaşlıları yad edirik. Onlara hədiyyə alırıq. Amma almasaq da gedib o qapını açmaq, halını sormaq, təbrik etmək dünyalara dəyir...

55 yaşlı İsa Rəhmanov deyir ki, imkanı olsa, xaricə gedərdi. Fransada yaşayan qohumlarına baş çəkmək istərdi:

- Qohumları ziyarət edərdik. Fransanın Nan şəhərində yaşayırlar, imkansızlıqdan gediblər. Bir adama 3 min lazım olar getməyə.

Buna görə də bayramda uşaqlarını başına yığıb evdə oturacaq. Bəs bu bayram ona neçəyə başa gələcək?

- 150-200 manat lazımdır ki, bayramı keçirək.

«BU HƏMRƏYLİK GÜNÜDÜR»

23 yaşlı Şəhla nişanlısı ilə şəhərdə olacaq həmin gün:

- Biz əslində bunu həmrəylik günü kimi qeyd edirik. Bir müsəlman kimi əslində bu bayramı keçirməməliydik. Məhərrəmliyə düşür deyə. Sadəcə, dünya azərbaycanlılarının həmrəyliyidir. Həmin gün bütün dünyada azərbaycanlılar bir olur, plov dəmləyirik, nə bilim... Eyni adətlərə əməl etməklə sanki gücümüzü, birliyimizi göstəririk.

- Nişanlınızla harasa gedəcəksimi, tutalım Azadlıq Meydanındakı şənliyə?

- Saat 12-dək şəhərdə olacağıq. 12-də evə yığışarıq. Amma xaricə getməyi, ya rayonlardan birində, misal üçün Qəbələdə olmaq yaxşı olardı. Biz gedə bilmirik, nənəm burdadır deyə...

«BİZ DƏ ORDA OLACAĞIQ»

Son illər Şəhla kimi gənclərin çoxu bayramı daha çox dost-tanış əhatəsində qeyd etməyə üstünlük verir. Əgər Bakıda olacaqlarsa, Azadlıq Meydanındakı canlı konserti izləməyə və saat 12-də Milli Parkdakı atəşfəşanlığı izləməyə çalışırlar.
Reyhan Hüseynova da 2 uşağı ilə birgə dekabrın 31-də Milli Parkda olacağını deyir. Ötən il olduğu kimi bu il də saat 12-də yeni ili burda qarşılayacaq. Amma etiraf edir ki, imkanı çatsa ya Azərbaycan rayonlarından birinə, ya da xaricə getmək istəyərdi.

- Nə bilim harasa gedərdim. İmkan yoxdur. Ya Türkiyəyə, ya harasa. Uşaqlarla gəzərik. Saat 12-də parkda olarıq. Son illər orda yaxşı bayram keçirilir, atəşfəşanlıq olur, konsert olur. Ona görə ora gedirik. Keçən il də ordaydıq. Yaxşı olur. Azərbaycan xalqı orda olur, ona görə biz də orda olacağıq...

RESTORANLARDA 400-500 MANATA YER

Milli Park

Milli Park

Amma heç də hamı yeni ili evdə, ya da Milli Parkda qarşılamayacaq. Çoxları artıq bir aydan çoxdur ki, bayrama hazırlaşan restoran və istirahət mərkəzlərinə yığışacaqlar. Bu mərkəzlərdəsə qiymətlər 50 manatdan başlayıb 400-500 manata qədər davam edir. Əcnəbi ulduzların iştirakı ilə keçirilən məclislər isə daha bahadır. Tək bir nəfərlik biletin qiyməti 500-600 manatdır.

Grand Hotel Europe isə xarici ulduzlara üstünlük verməyib. Komik cütlüyün - «Bu şəhərdə»nin aktyorları Rafael və Coşqunun iştirakı ilə proqram hazırlayıb.

Biletlərin qiyməti 200-300 manatdan başlayır. Otelin meneceri Aliyə Novruzova:

«Biletin qiyməti 199 manatdır. Saat 9-dan gecə 1-ə kimi şou-proqram olacaq, daha sonra da diskoteka. Həm də yemək və içkilər olacaq. Rəhim Rəhimli, Leyla Babayeva oxuyacaq, Ukraynanın VİP qrupu, türk müğənnisi Hakan, Tutsi qrupu. Aparıcılar da Coşqunla Rafael olacaq».

- Yer tapmaq problem deyil. Azərbaycanda bayram keçirməyə yer o qədərdir ki…

Bunu Aydan Hüseynova deyir. Dediyinə görə, hələ seçim edə bilməyib. İstəyir bu il yadda qalan bir yerdə bayram keçirsin. Buna görə də dolaşığa düşüb.
Hikmət Həsənov deyir ki, o seçim edəndə maddi imkanlarını nəzərə alıb:

- Cibimizə uyğun bir yerdə artıq sifariş vermişik.

PRAQADA DAŞ ZALDA 510 MANATLIQ ŞAM

Bayramı bölgələrdə keçirməyə tələsənlər də az deyil. Artıq Azərbaycan Dəmir Yolları bildirib ki, sərnişin sıxlığını azaltmaq üçün Bakıdan dekabrın 29-30-da və yanvarın 2-3-də əlavə qatar buraxacaq: Bakı-Böyük Kəsik-Bakı və Bakı-Mingəçevir-Bakı «Ekspress» qatarları. Sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 əlavə vaqon qoşulacaq.

Bundan başqa, dekabrın 29-da və yanvarın 2-də Bakı-Tbilisi-Bakı turist qatarı buraxılacaq. Bu da son illər bayramda Gürcüstana gedənlərin sayının artması ilə bağlıdır. Ancaq yalnız Gürcüstana yox... Artıq bir aydır hər yerdə yeni il qabağı xarici turların elanı gedir. Məsələn, elanların birində bayramı Praqada qarşılamaq istəyənlərə orta əsr ab-havası vəd olunur. Qonaqları şam və məşəllərlə işıqlandırılan daş zalda bayram yeməyi və şou gözləyir: qılıncoynadanlar, rəqqasələr, fokusçular, dərvişlər, falçılar, canlı orta əsr musiqisi də öz yerində. Bir adamlıq bu cür istirahət 510 manata başa gəlir. Amma aviauçuş və viza həmin qiymətə daxil deyil.

Arxiv foto

Arxiv foto

Hərçənd məlum olur ki, azərbaycanlılar bayramı Dubayda, Avropa ölkələrindən Fransada, İtaliyada qarşılamağa daha çox üstünlük verirlər. Bunu Free Style Safari turizm şirkətinin əməkdaşı Fidan Bağırova deyir. Onun dediyinə görə, azərbaycanlılar Dubaya getməyə ona görə üstünlük verirlər ki, viza məsələsi tez həll olunur. Paketə bunlar daxildir: ikinəfərlik nömrədə qalmaq, səhər yeməyi, «2012 Karnaval gecəsi»nə biletlər, populyar estrada qruplarının musiqili şousu, Yeni il yeməyi, əyləncəli şou, uşaqlar üçün klounlar və hədiyyələr və sairə və ilaxır... Qiymətlərə gəlincə, təxminən bir nəfərlik 5-6 günlük tur 737 manatdan başlayır. Otellərə görə qiymətlər dəyişə də bilər.

NİYƏ TÜRKİYƏ YOX?

Fidan Bağırovanın dediyinə görə, azərbaycanlılar Avropada Fransaya daha çox üstünlük verirlər. Bura bir həftəlik səfər təxminən 1000 manatdan başlayır. Amma Azərbaycanın iki addımlığında yerləşən, dil problemi olmayan Türkiyəyə tələsənlər azdır:

«Türkiyəyə əsasən yayda gedirlər. Yeni ildə azdır, amma var. Bəlkə də bayram təntənəli keçmir, o üzdən».

YENİ İL FÜRSƏTDİR Kİ...

Bayramı harda keçirməyin önəmi az olmasa da, elə böyük də deyil. Mühüm olan onun verdiyi fürsəti dəyərləndirməkdir. Psixoloq Elmir Əkbər:

«Yeni il sıradan şənlik deyil. Yeni il insan üçün həyatı yenidən başlamaq üçün şansdır, fürsətdir... Bu mərasimə bayramdan fərqli yanaşmaq lazımdır. Çünki bayram təkcə tətil deyil, yemək-içmək deyil. Yeni il möcüzəli gündür. 0 nöqtəsidir. Keçmişlə gələcək bir araya gəlir. Keçmişi unutmaq, səhvlərdən nəticə çıxartmaq, gələcəyə açıq nəzərlə baxmaq lazımdır».

O zaman gəlin yeni ili özümüz üçün yeni fürsətə çevirək. Kədəri, çətinliyi geridə qoyub, ümidlə gələcəyə baxa bilmək üçün... Yeni ilimiz və yeni fürsətlərimiz mübarəkdir o zaman!

Şərhləri göstər

XS
SM
MD
LG