Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:08
-

Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev deyir ki, 22 il çalışdığı iş yerindən dekabrın 22-də çıxarılıb. Səbəbi isə universitetdə rüşvət olması barədə şikayətlər yazmasında görür.

ŞİKAYƏTLƏRDƏN SONRA MÜQAVİLƏSİ UZADILMADI...

Çoxdan universitet rəhbərliyinin hədəfində olduğunu deyən baş müəllim 5 ildən bir keçirilən seçkidən keçmədiyinə görə əmək müqaviləsinin müddəti uzadılmayıb. Onun sözlərinə görə, işdən azad edilməsinin əsl səbəbi isə universitetdəki rüşvətxorluq hallarına etiraz etməsi olub:

“Kütləvi rüşvətxorluqdur. Tələbələrdən, müəllimlərdən pul yığırlar, mən rüşvət almadığıma görə rüşvət də vermirəm. Maaşımı verəsi deyiləm ki!?”

Deyir korrupsiya ilə bağlı şikayətə heç kim baxmır, nə prokurorluğun korrupsiya ilə mübarizə idarəsi, nə də prezident:

“Noyabrın 30-da Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Idarəsinə şikayət göndərəndən sonra zəng etdim ki, bəs, nəticəsi necə oldu? Dedilər, ərizələrə 30 gündən sonra cavab verilir. Heç 30 gün başa çatmamış mənim özümü işdən çıxartdılar”.

Fikrət Hacıyev deyir ki, əvvəllər də ali təhsil ocağındakı rüşvətxorluq, korrupsiya halları ilə bağlı şikayət göndərib. Buna görə universitet rəhbərliyi ona şiddətli töhmət verib. Ancaq o, Gəncə şəhər prokuroruna töhmətdən şikayət etdikdən sonra prokuror vətəndaşın müraciət etmək hüququ olduğunu əsas gətirərək müəllim barəsindəki töhməti ləğv edib.

UNİVERSİTET RƏSMİSİ İNKAR EDİR

Gəncə Dövlət Universitetinin dekanı İldırım Qasımov ali məktəbdəki rüşvətxorluqla bağlı deyilənləri təkzib etdi:

“Azərbaycanda heç kim rüşvət almır, ona qarşı da mübarizə aparırıq. Fikrət Hacıyev nə teleqram vurur, nə danışır, özü bilər. Hər bir müəssisənin rəhbərinin ixtiyarı var ki, işçi ilə müqavilə bağlamasın. Onun müqavilə vaxtı bitib, rəhbərlik də onunla müqavilə bağlamayıb. Orda səbəb göstərilmir, yazılır ki, mən bu adamla işləmək istəmirəm, vəssalam”.

VƏKİLDƏN MÜƏLLİMƏ MƏSLƏHƏT, YENƏ ŞİKAYƏT YAZ...

Hüquqşünas Namizəd Səfərov deyir ki, əgər müəllim işlədiyi ali məktəbdəki rüşvətxorluq və korrupsiya halları ilə bağlı şikayətlər edibsə, buna görə əvvəllər töhmətlə cəzalandırılıbsa, növbəti müraciətindən sonra işdən çıxarılmasında qərəzçilik var:

“Düzdür qanunvericilik bu hüququ tanıyır ki, müddətli bağlanmış əmək müqavilələri işə götürən tərəfindən uzadılmaya bilər. Ancaq hər bir qərar mütləq əsaslandırılmalıdır. Yaşı, təhsili, savadı, qabiliyyəti elmi dərəcəsi buna imkan verirsə, ona heç vaxt deyə bilməzlər ki, vaxtın bitib, mən səni işdən çıxarıram”.

Hüquqşünasın sözlərinə görə, müəllim məhkəmə yolu ilə işinə bərpa oluna bilər. Bunun üçün o, məhkəmədə iddia qaldırmalıdır ki, onu şikayət ərizəsi yazdığına görə işdən çıxarıblar. Birinci dəfə şikayətə görə aldığı töhmətin prokuror tərəfindən ləğv olunması barədə qərarını və işdən çıxarılmamışdan bir neçə gün əvvəl Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə yazdığı şikayətin göndərilməsini sübut edən qəbzi də işə əlavə etməlidir. Təsdiq olunacaq ki, onun işdən çıxarılması yolverilməzdir.

BAŞ PROKURORLUQ ARAŞDIRIR

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. O, Gəncə Dövlət Universitetinin müəllimi Fikrət Hacıyevin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsi ilə bağlı araşdırmaların hansı şəkildə aparılmasına dair suallarımızı idarə rəhbərliyinə çatdırdı. Ancaq sonrakı zənglərimizdə məsələ ilə bağlı hər hansı cavab əldə edə bilmədiyini dedi.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG