Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

Deputatlar Fransa parlamentinə müraciəti lazım bilmədilər


Ziyafət Əsgərov
Ziyafət Əsgərov
«Təsəvvür edin ki, bir Azərbaycan tarixçisi Fransaya dəvət olunur və bu mövzuda çıxışı zamanı qeyd edir ki, o erməni soyqırımını qəbul etmir. Əgər bu qanun qəbul olunsa, bəli, həmin alimi həbs edəcəklər. Onda gəlin biz də Fransaya qarşı adekvat addım ataq. Əgər Azərbaycana gəlmiş hər hansı bir fransız Xocalı soyqırımını tanımasa, biz də ona qarşı cinayət məsuliyyəti müəyyən edək. Belədir də, təsir, əks təsirə bərabərdir».

Bunu Milli Məclisin vitse spikeri Ziyafət Əskərov Fransa Milli Assambleyasının «erməni soyqırımı» haqda qərarına münasibət bildirərkən deyib.

Dekabrın 23-də keçirilən iclasında cari məsələlərin müzakirəsi yalnız bu mövzuya həsr olunub və siyasi mənsubiyyətindən asılı olmayaraq çıxış edən deputatların hamısı Fransa parlamentinin bu hərəkətini cavabsız qoymamağı təklif edib. Türkiyənin yanında olduqlarını bildiriblər.

FRANSANIN ATƏT-İN MİNSK QRUPUNDA GƏLƏCƏK FƏALİYYƏTİNƏ ŞÜBHƏ...

Deputat Məlahət İbrahimqızı deyib ki, əslində Fransanın bu hərəkəti Türkiyəyə yox, Azərbaycana qarşı atılmış addımdır. Onun fikrincə, bundan sonra ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağa dair Fransadan yaxşı heç nə gözləmək olmaz.

Qərarın Azərbaycan cəmiyyətində hiddətlə qarşılandığını deyən deputat Siyavuş Novruzov isə bildirib ki, Bu, Avropa dəyərlərinə zidd addımdır. Üstəlik Azərbaycan Türkiyənin atacağı hər addımda onun yanında olacaq.

Millət vəkili Mübariz Qurbanlı isə qeyd edib ki, hələlik bu qanun layihəsi yalnız Milli Assambleyadan keçib: «Fransa Senatında da bu məsələ müzakirə olunacaq». O ümid edir ki, senat bunu qəbul etməyəcək.

M.QURBANLI: «GÖZLƏMƏK LAZIMDIR»

Mübariz Qurbanlı həmçinin deyib ki, Azərbaycan lazımi addımlar atacaq. Ancaq bəzi məsələlərin tam aydınlaşmasını gözləmək lazımdır.

Bir sözlə bəzi deputatlar Senatın məsələyə münasibətini gözləməyi təklif etsə də, «sonra gec olacaq» deyib indidən ora müraciət göndərməyi təklif edənlər də olub.

Əli Əhmədov
Əli Əhmədov
YAP icra katibi, deputat Əli Əhmədov billdirib ki, Dağlıq Qarabağ probleminin iyirmi ildir həll olunmamasının bir səbəbi də Fransanın bir vasitəçi kimi ədalətli mövqe ortaya qoymamasıdır.

Millət vəkilləri Xocalı faciəsini yada salaraq qeyd ediblər ki, əslində Fransa bir tərəfli və ədalətsiz mövqe nümayiş etdirir.

NƏ KOMİSSİYA YARADILDI, NƏ DƏ MÜRACİƏT QƏBUL OLUNDU

Əksər deputatlar Milli Məclisin Azərbaycan xalqının mövqeyini əks etdirən və konkret şərtlərdən ibarət bir müraciət hazırlayıb Fransa Senatına göndərilməli olduğunu bildirsə də sonda nə komissiya yaradıldı, nə də müraciət qəbul olundu. Gündəliyin müzakirəsi zamanı deputat Elmira Axundova isə yenidən bu məsələyə qayıdaraq öz iradını bildirib:

«Quru bəyanatlardan bir şey çıxmaz, konkret addımlar atılmalıdır. Fransa ATƏT-in Minsk qrupundan kənarlaşdırılmalıdır. Quru bəyanatlardan bir şey çıxmaz, konkret addımlar atılmalıdır».

Bu məsələnin müzakirəsi zamanı vitse-spiker Bahar Muradova da Azərbaycanın Türkiyənin yanında olduğunu bəyan edib. Onun sözlərinə görə, bu addım həm də Türkiyənin Avropa Birliyinə qəbulunun qarşısını almağa hesablanıb.

«SƏS ÜÇÜN TARİXƏ LƏKƏ YAXMAQ»

İqbal Ağazadə
İqbal Ağazadə
Deputat İqbal Ağazadə də çıxışı zamanı Fransa Milli Assambleyasının bu qərarını pisləyib. Amma həm də həmkarlarından bir qədər fərqli formada.

«Fransa parlamenti bu qərarı qəbul etməklə əslində öz vətəndaşlarının hüquqlarını pozub. Azərbaycan və Türkiyə bu məsələyə münasibət bildirməklə yanaşı, saxta olan bir şeyə qarşı bu qədər əsəbi davranmamalıdılar. Bu soyqırım Ermənistan üçün deyil. Əslinə daxildə 350 minədək ermənin səsini almaq üçün tarixə ləkə yaxmaq üçündür».

«FRANSA İLƏ İŞLƏMƏK LAZIMDIR»

Deputat Zahid Oruc isə deyib ki, bütün baş verənlərə rəğmən Fransa ilə işləmək, əməkdaşlığı davam etdirmək lazımdır.

Dekabrın 22-də Fransa Milli Assambleyası «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
XS
SM
MD
LG