Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:15
Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov dekabrın 22-də Vaşinqtonda ABŞ-ın Atlantik Şurasında çıxış edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross L. Wilsonun moderatorluğu ilə keçirilən tədbirdə Əzimov daha çox Qarabağ danışıqlarının gedişi barədə açıqlamalar verib.

“ERMƏNİSTAN KƏLBƏCƏR VƏ LAÇINA NƏZARƏTİ ƏLDƏN VERMƏK İSTƏMİR”

Araz Əzimov bildirib ki, Yerevanın hazırda apardığı siyasət Qarabağda sülhün əldə olunmasına imkan vermir: “Ermənistan Qarabağın Azərbaycandan ayrılmasını qoruyub saxlamaq və işğal altında olan bölgələrə azərbaycanlıların qayıtmalarını istəmir, Kəlbəcər və Laçına nəzarəti əldə saxlamağa çalışır. Bu siyasət işləməyəcək. Bu yolla konflikt həll olunmayacaq. Ermənistanın siyasəti ona yönəlib ki, azərbaycanlılarla ermənilər Qarabağda birgə yaşaya bilməzlər.”

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında Bakının mövqeyi barədə suala cavabında Araz Əzimov deyib ki, əslində Azərbaycan həmin iki ölkə arasında sərhədin açılmasına qarşı deyil. Bu çərçivədə aparılan məsləhətləşmələrdə iştirak etdiyini deyən nazir müavini bildirir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində Yerevanın səmimi deyil. Əgər o, qoşunlarını Azərbaycanın işğal altında olan ərazilərindən çəksəydi, qarşılıqlı müsbət addımlar da atmaq mümkün olardı.

Azərbaycan rəsmisi ümumiyyətlə Ermənistanı bu regionda qeyri-sabitlik mənbəyi adlandırıb: “Ermənistan Azərbaycanda Qarabağ, Gürcüstanda Cavaxetiya, Türkiyədə soyqırım iddiaları ilə regionda qeydi-sabitlik mənbəyidir.”

Buna misal kimi də nazir müavini ABŞ-dakı erməni lobbisinin Mathew Bryzaya qarşı kampaniyasını göstərib: “ABŞ diplomatları olduqları ölkələrdə kimin siyasətini həyata keçirməlidirlər, ABŞ prezidentinin, bir-iki senatorun, yoxsa, Konqresin ətrafında dolaşan lobbiçilərin?”

SNAYPERLƏRİN GERİ ÇƏKİLDİYİNİ NECƏ YOXLAYAQ?

Snayperlərin geri çəkilməsi barədə ATƏT-in Minsk Qrupunun təklifi barədə suala cavabında Araz Əzimov bildirib ki, bunun icrası qeyri-real görünür: “Çünki xarakterinə görə snayperlər gizli yerlərdə qoyulur. Onların həqiqətən də geri çəkilib-çəkilmədiyini yoxlamaq mümkün deyil. Məsələn, biz qarşı tərəfə keçib necə yoxlaya bilərik ki, Ermənistan həqiqətən də snayperləri geri çəkib, yoxsa yox?”

Nazir müavini xüsusi ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspishiklə bağlı maraqlı açıqlama verib: “Kaspirshik sərhəd bölgələrində siçovullarla mübarizə təklif edirdi. Axı, necə müəyyənləşdirmək olar bunlar Ermənistan siçovullarıdır, ya Azərbaycan?

Dəfələrlə Kaspirshik bölgədə olanda güllələr onun başının üstündən uçub. Amma bir dəfə də hesabatlarında bunu qeyd etməyib. Gəlin, real danışıqlar aparıb, münaqişənin özünü həll edək” - deyə nazir müavini vurğulayıb.

ƏZİMOV DANIŞIQLARIN MİNS QRUPUNDAN ÇIXARILMASINA GƏRƏK GÖRMÜR

Araz Əzimov Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun yaradılmasının 20 ilinin tamam olacağını amma onun səylərinin müsbət nəticə vermədiyini təəssüflə vurğulayıb. Lakin o, danışıqların indiki formatının dəyişdirilməsinə də lüzum görmədiyini deyir.

Xarici İşlər nazirinin müavini Qarabağ məsələsində İranın vasitəçiliyi barədə suala cavabında da bunları bildirib: “İran bizim qonşumuzdur. Bizdə belə təsəvvür var ki, İran bəzən hətta Azərbaycandan daha fəallıqla Ermənistan iqtisadi əməkdaşlıq edir. Hətta, bizdə olan məlumata görə bəzi hallarda bu əməkdaşlıq bizim torpaqların işğal altında saxlanmasına dəstək ola biləcək səviyyəyə də çatır” – deyə nazir müavini bildirib.

Qarabağ müzakirələrinin Azərbaycan-Ermənistan-Rusiya-İran dördlüyü çərçivəsində aparılması barədə təklif barədə suala cavabında Əzimov bildirib ki, bu, hələlik bir ideya kimi qala bilər. Amma hazırkı mərhələdə Bakı Qarabağ danışıqlarının Minsk Qrupu çərçivəsindən çıxarılmasına ehtiyac duymur.

Əzimov deyib ki, Azərbaycanın Qarabağ sülh prosesi ilə bağlı strategiyasının dəyişməsinə hər hansı səbəb görmür. Çünki Azərbaycan beynəlxalq ictimaiyyətin qəbul etdiyi normalar, ATƏT-in prinsipləri əsasında münaqişənin nizamlanmasına çalışır.

FRANSALI KEÇMİŞ HƏMSƏDRƏ TƏNQİDLƏR

Əzimov ATƏT-in Minsk Qrupunun Fransadan olan keçmiş həmsədri Bernard Fassierin istefadan sonra verdiyi açıqlamaları da tənqid edib. Deyib ki, Fassier Vilnüsdə ATƏT-in toplantısından bir həftə əvvəl verdiyi bəyanatın əksinə bugünlər Yerevanda Fasye başqa fikirlər səsləndirib.

Detallara varmayan nazir müavini münaqişənin nizamlanması ilə bağlı prinsiplər barədə Fassierin Yerevanda dediklərini kəskin tənqid edib: "Bu cur davranmaq olarmı? Yəni, mən gedirəm, məndən sonra nə olur, olsun. Bu gülməli yanaşmadır.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG