Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:22

Azərbaycanda artan narazı səslər mövzusunda ABŞ-da konfrans keçirildi


Hikmət Hacızadə və Cəmil Həsənli, Washington, 22 dekabr, 2011
Hikmət Hacızadə və Cəmil Həsənli, Washington, 22 dekabr, 2011
-
- Azərbaycan iqtidarı hətta müxalifəti də idarə etmək, özünə sərf edən müxalifət yaratmağa çalışır.

Bunu Vaşinqtonda “Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” Təşkilatının “Azərbaycan – artan narazı səslər” mövzusunda keçirdiyi konfransda tarixçi alim Cəmil Həsənli bildirib.

Cəmil Həsənli hökuməti tənqid edərək neft gəlirlərinin xalqın yox, məmurların mənafeyinə uyğun xərcləndirini, seçkilərin saxtalaşdırıldığını deyib:

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycan tarixinin heç bir dövründə bu qədər intellektsiz, zəif adamlar hamısı eyni vaxtda eyni hakimiyyətdə təmsil olunmayıb. Bu gün Azərbaycanda mülkiyyət azadlığı ilə bağlı ciddi problemlər var. Və mülkiyyət azadlığı olmayan yerdə heç bir siyasi azadlıqdan söhbət gedə bilməz. Yeridilən siyasət tədricən əhalinin mülkiyyətsizləşməsinə gətirib çıxardı. Son zamanlar Bakının mərkəzində on mindən artıq ailənin evi zorakı üsulla sökülməkdədir.

Cəmil Həsənli ölkədə sərbəst toplaşmaq azadlığına imkan verilmədiyini, 2 aprel mitinqinə cəhd zamanı müxalifət fəallarının saxlandığını, onlardan bəzilərinə həbs cəzaları verildiyini bildirib.

Onunla birlikdə tədbirdə FAR Araşadırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə də məruzə edib.

O, Azərbaycan iqtidarının alternativ fikrə dözümsüz olduğunu, hətta Azərbaycan Ziyalılar Forumunun radikallıqdan uzaq islahat çağırışlarını da aqressiv qarşıladığını deyib:

- Ziyalılardan kimsə işdən azad edildi, kimsə mülkiyyətindən məhrum oldu, kimsə hökumətyönlü mediada hücuma məruz qaldı. Ümumilikdə, onlar böyük işə start veriblər, biz onları alqışlayırıq.

Hikmət Hacızadə hökumətin 200-ə qədər dini fəalı da həbs etdiyini deyib.

Washington-dakı tədbirdə Azərbaycan hakimiyyətinin nümayəndələri iştirak etməyiblər.

Əli Həsənov
Əli Həsənov
Azərbaycan hökuməti avtoritarizmdə ittiham edilməsini qəbul etmir.

Bu günlərdə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, Azərbaycanı avtoritar ölkələr siyasına salanlar qərəzlidirlər:

- Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsinə söykənir və bunun əsas meyarı da Azərbaycan xalqının dinc, firavan həyatıdır, ölkənin dünyada öz maraqlarını, təhlükəsizliyini təmin etməsidir.

Washington-dakı tədbirdə yerli jurnalistlər məruzəçilərə suallar da veriblər.

Suallardan biri belə olub ki, niyə Azərbaycanda ərəb inqilablarına bənzər dalğa müşahidə edilmədi?

Cəmil Həsənlinin bu suala cavabı belə olub:

- Azərbaycan hakimiyyəti güc strukturlarını işə salaraq birinci etiraz dalğasının qarşısını ala bildi. Həbslər, təqiblər, hətta sosial şəbəkələrə müdaxilələr bu istiqamətdə öz işini gördü. Amma bu, insanların içində olan etiraz hissini azaltmadı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG