Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

Dostum Məhəmməd Vaslav Havelin evində necə qonaq qalmışdı?


Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu


DOSTUM MƏHƏMMƏD VASLAV HAVELİN EVİNDƏ NECƏ QONAQ QALMIŞDI?
(Olmuş hadisə)

Çexiyanın keçmiş prezidentinin dəfn edildiyi gün belə bir qərara gəldim:

- Cənab Havel qəbirdə hökmən gözüaçıq yatır. Hələ bir müddət belə yatacaq...

Nə üçün bu cür düşündüyümü izah etməkdən öncə yada salım ki, bəzi insanların ölərkən qəbirdə gözüaçıq yatması nə bir reallıq, nə də bir mifdir, sadəcə yazıçı təxəyyüldür.

Bu bədii ideya nobelçi yazar Migel Asturiasın “Dəfn edilmişlərin gözləri” əsərindən yayılıb. Mən də həmin ideyanı oradan qəbul etmişəm.

Özümü inandırmışam ki, həqiqi demokratlar, azadlığın həqiqi tərəfdarları öldükdə hələ bir çox ölkələrdə azadlıqların tapdanması davam etdikcə gözlərini yummayacaqlar.
Həmin əsərdən bir parçanı da tez-tez yada salıram...

“ - Anan varmı?
- Yoxdur mənim anam.
- Anan ölübmü, yavrum?
- Yox.
- Bəs haradadır?
- Yoxdur mənim anam, olmayıb da...
- Bu necə ola bilər, axı hər kəsin bir anası var.
- Yox, mənim anam olmayıb, mən xalamdan doğulmuşam...”

Əsərin bu hissəsini yada saldıqca isə öz-özümə deyirəm: Bizi Tanrı azad və ədalətlə yaşayan xalqlardan fərqli yaratmayıb ki?! Yaxud Darvin demədi ki, biz ayrı meymunlardan törəmişik. Biz də hamı kimi azadlığa layiqik, biz də onu qazana biləcəyik.

Vaslav Havel bizdə bu inama kömək edən insanlardan idi. O, hamımızı inandırırdı ki, bizim də anamız var və pafoslu çıxmasın Azadlıq hamımızın anasıdır. O, yaşadığımız qarışıq dünyanın mənəvi liderlərindən biri idi. Tək-tük adamlardan idi. Mən bilirəm ki, cənab Havelə bizim ölkədə çox adamın sayğısı vardı.

Bir çoxumuz üçünsə o xüsusən əziz idi. Əmimiz-dayımız deyildi, amma çox sevirdik onu. Hətta bəzilərimiz, məsələn, mən, gənc fəallardan Turxan Qarışqa, Rəşadət Axundov və digərləri onu özümüzə əsl dost sayırdıq.

Bu gənclər cənab Havelin “Gücsüzlərin gücü” əsərini tərcümə edib buraxanda

Havel Praqanın mərkəzi meydanında nümayişçilərə müraciət edir, 1989-ci il

Havel Praqanın mərkəzi meydanında nümayişçilərə müraciət edir, 1989-ci il

Turxana demişdim: Çexiyaya getsəm, cənab Haveli görəcəyəm. Hətta mənə elə gəlirdi ki, getsəm orada oteldə yox, onun evində qonaq qalacağam.

Qətiyyən uydurmuram. Mən bir neçə dəfə onu yuxumda görmüşdüm. Hətta bir dəfə yuxuda cənab Haveli Əbülfəz Elçibəylə bir yerdə görmüşdüm.

Mən bunları ölən adamını xatirəsini əziz göstərmək üçün yazmıram. Araşdıra bilərsiniz, hələ sağlığında Havellə bağlı bir neçə yazım çap edilib. Açıqdan-açığa ona böyük bir rəğbətim və sayğım vardı.

Amma mənim bir dostumun Vaslav Hevelin evində qalması isə yuxu deyil. Bu, olmuş hadisədir.

O qədər təsirlidir ki, danışmaya bilmərəm. Sizdən bəziləri özbək müxalif lideri Məhəmməd Salehi tanımış olarsınız. Məhəmməd bəy çox sevdiyim biridir. Şairdir həm də. Hələ sovet dövründə Kafkanı özbəkcəyə çevirmişdi. Özbəkistan Yazıçılar Birliyinin sədri idi.

Müstəqillik hərəkatına qoşuldu və prezident seçkilərini uddu. Lakin seçkinin nəticələrini saxtalaşdıran Kərimov sonradan onu muzeydən əşya oğurlamaq kimi absurd ittihamla tutmaq istədi. Saleh isə mühacirət etdi. Azərbaycana gəldi, buradan da Türkiyəyə getdi.

Lakin bir neçə il sonra Kərimov onu Türkiyədən tələb etdi. Türkiyə hökuməti isə böyük biabırçılığa əl qoyub ondan ölkəni tərk etməsini istədi.

Məhəmməd bəy Avropaya getdi və Praqada İnterpol xətti ilə axtarışa görə həbs edildi. Onu qatil Kərimova təhvil verəcəkdilər.

Amma prezident Vaslav Havel işə qarışdı. O, bu olayı ölkəsi üçün biabırçılıq adlandırdı.

Praqa məhkəməsi Məhəmməd Salehi azad etdikdə isə prezident ona müraciət etdi ki, evində qonaq olsun. Dedi ki, öz xalqının azadlığı uğrunda əzab çəkən adamın evində qonaq olması ona şərəf verər. Məhəmməd bəy də bir müddət prezidentin evində qaldı.

Siz bu hekayəni Məhəmməd bəyin öz dilindən eşitsəniz elə bu an Havelə sayğı olaraq ayağa durardınız. Əsl demokrat, yüksək mənəviyyatlı bir insan olduğuna görə.

Bəlkə də artıq ayağa durdunuz!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG