Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:09

PƏRVİZ. Əli Kərimi ikinci dəfə öldürdülər


Azerbaijan -- Azeri author Parviz Jabrayil, undated
Azerbaijan -- Azeri author Parviz Jabrayil, undated
PƏRVİZ

ƏLİ KƏRİMİ İKİNCİ DƏFƏ ÖLDÜRDÜLƏR

("Azadlıq" qəzetindəki köşəsi)

Zamanında böyük çoxluqdan fərqlənən, “möhtəşəm ləyaqətsizlik konveyerinə” qoşulmayan şair Əli Kərimi çərlədib öldürdülər.

O zaman Azərbaycanın Heydər Əliyevli qızıl dövrü idi. Indi Ilham Əliyevin qızıl dövrüdü və Kərimovlar ailəsindən daha birini şərləyiblər, çərlədib öldürmək istəyirlər. Oğlu Orxan Kərimovu.

Onu öldürə bilməyəcəklər, ama bu istəklərilə, əminliklə demək olar ki, mərhum şairi ikinci dəfə öldürürlər.

Artıq qırx ildi ki, Əliyevlərin söz-sənət adamlarına sevgisindən, atalıq qayğısından danışırlar.

Bu atalıq qayğısına o qədər mifik və səmimi don geyindirmişdilər ki, hətta şairlərimizdən biri Heydər Əliyevdən unitaz belə, istəyə bilmişdi. Unitaz bir sözdü. Hökmdarın səxavət kisəsinə gözlərini dikənlər ömürləri boyu sözün içinə elədilər.

Bu gün də o unitaz məddah şairlərin ümumi istifadəsindədi. Bunlar ayrı bir dərddi. Orxan Kərimov isə şair deyil.

Ama “Azadlıq”a yazdığı məktubdan da görünür ki, o şair olmasa da, gerçəkdən şair oğludu. Məntiqi, arqumenti reallığa söykənsə də, cümlələrindən ədəbiyyat və mərdlik tökülür.

Arabir ləyaqətli adamların dövlət işində çalışdığını görəndə fikirləşirəm ki, görəsən, belə bir adam özünü o çirkabın içinə niyə atıb?

Əlbəttə, bu qüsurlu düşüncədi. Əgər hamı o qulluqdan imtina eləsə, illah da ləyaqəti və savadı olanlar, onda bəs bu işlərdə kimlər çalışar, kimlər dövlətin işini yürüdər.

Ancaq başqa bir yandan da necə təmiz olursan ol, dövlət müəssisələrində rüşvətin miqyasını, zəncirvari mexanizmini, o çirkaba bulaşmamanın mümkünsüzlüyünü və ya onlara qarşı durmanın necə tantal əziyyət bahasına başa gələcəyini düşünüb, yenə də deyirsən: axı bu adamların o çirkabın içində nə işi?

Özünə, əqidəsinə, vicdanına, ləyaqətinə, şəxsiyyətinə, təmiz adına hörmət edən şəxs hər şeyi bilə-bilə oralara üz tutursa, demək haradasa axsayır... Haradasa könül rahatlığı ilə başına and içəcəyin adam deyil... Axı almalısan ki, verə biləsən. Almasan, o zaman cibindən verməlisən.

Bu zaman yenə də korrupsioner, rüşvətxor hakimiyyətin iş rejimini pozmuş olursan. Məsələ təkcə cibindən verməklə bitmir ki.

O zaman sən nəhəng vintciyin dişləri arasına düşmüş yad və pozucu cisim kimi olursan ki, səni aradan götürməkdən başqa rejimin bir yolu qalmır.

Hətta rüşvət mexanizmi olmayan, ama büdcədən yeyinti ilə işini quran müəssisədə sən özün payçı olmasan belə, imzanı dövlətə kəf gələn hansısa sənədlərə atmalısan ki, onların işi yürüsün. Burada cibindən yüz minlərlə ödəsən də, canını qurtara bilməzsən.

Orxan Kərimov
Orxan Kərimov
Yol polisində hörmətli rütbə daşıyan, günü yollarda keçən bir dostum deyirdi ki, üstümüzə günlük rüşvət planı qoyulub.

Heç kim demir ki, get sürücülərdən rüşvət al və axşama bizim payımızı çatdır, maşına benzini cibindən tök, təmirini elətdir, təkərini al və s. Sən sadəcə bu paranı verməlisən. Istəyirsən cibindən ver.

Ama ver. Əlbəttə, bu, bir ara sürər. Ancaq sənin növbə yoldaşların var, onların çörəyinə necə bais olasan və ümumiyyətlə, hansı cəsarətlə bütöv bir sistemə paklıq göstərisi yapasan. Adamı it-qusdu eləyib cəmdəyini yollara atarlar.

Indi üzündən saflıq yağan Orxan qardaşımız, əziz şairimizin oğlu da belə bir mexanizmin içindən keçib və tam məntiqli sonucla üz-üzə gəlib. Ancaq bu işdə məni heyrətə gətirən onun heyrətidi.

O heç başa düşə bilmir ki, suçsuz ola-ola onu niyə həbsdə yatırırlar, Apelyasiya Məhkəməsi bütün uyğunsuzluqlara baxmayaraq yenə də ilkin qərarı qüvvədə saxlayır.

Əzizim, sən buraya düşənə qədər məgər harada, hansı ölkədə, hansı rejimdə yaşadığını bilmirdinmi?

Deyirsən hansısa fırıldaqçı özünü Orxan deyə qələmə verirmiş və bunu indi istintaq da bilir. Qardaş, bu ölkədə istəsən özünü prezident kimi qələmə ver, hamı da bunu bilsin. Nə dəyişir ki? Heç nə. Bu, bir cinayət konveyeridi. Cinayətlər isə hələ ki, cəzasızdı.

"Azadlıq" qəzeti

Həmçinin oxu
Əli Kərim. Vəsiyyət

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG