Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:12
İsa Məsihin məşhur buğda toxumu söhbətini yadınıza salın.

Yəqin hamınız razılaşarsınız ki, sənət adamının yetişməsində və inkişafında mühitin çox önəmli yeri vardır.

Elə isə düşünəlim: Azərbaycanda gənc bir ədəbiyyat adamının formalaşması üçün mühit nə dərəcədə sağlamdır?

Adətən, yaşlı yazarlar həmişə başımıza bəxtəvərlik oxuyublar. Ay onların zamanında çap olunmaq belə çətinmiş, az sayda qəzet və jurnallar işıq üzü görürmüş, konyunkturaya uyğun gəlməyən əsərlərin dərci və nəşri belə mümkünsüzmüş, daha nə bilim nələr.

Yaxşı, sovet dönəmi ilə bağlı giley-güzarların çoxu ilə mən razı. Amma bu o demək deyil ki, müstəqillik dövrünün qəzet-jurnal, sayt bolluğu içərisində ədəbiyyata gəlmək və ən əsası orada davam gətirmək su içimi kimi asan olub.

Əgər vaxtı ilə on min tirajlarla buraxılan “Azərbaycan” jurnalında çap olunmaq ədəbiyyat üçün pasport idisə, bu gün belə bir funksiyanı yerinə yetirən dərgi, demək olar ki, yoxdur.

Qanlı-qadalı 90-cı illərin əvvəllərində ədəbiyyatla bağlı ayrıca qəzet və jurnallar çap olunmur, siyasi qəzetlər səhifələrinin birini də ədəbiyyata ayırmaqdan imtina edirdilər.

Hətta bəzi qəzetlərdə “Biz bədii materiallar çap etdirmirik” deyə xüsusi elan da verilirdi.

Azərbaycan Yazıçılar Birliyinin qəzet və dərgilərinin vaxtaşırı nəşrə başlaması ədəbiyyat sahəsindəki məlum boşluğu aradan qaldıra bildimi? Yaşadığımız həyat göstərdi ki, xeyr!

Buna görə alternativ düşüncə sahibləri müxtəlif sosial-siyasi qəzetlərin son səhifələrində sığınacaq tapmağa başladılar.

Adətən qonorarsız və ya simvolik qonorarla dərc edilən bu səhifələr daha çox ianə xarakteri daşıyırdı. Sanki kimlərinsə ədəbiyyata, ədəbiyyat adamlarına yazığı gəlir və onlar üçün bir xeyirxahlıq etmək istəyirdilər.

Və edirdilər də! “Vətəndaş həmrəyliyi” qəzetində başlayan bu proses göstərdi ki, sən demə ədəbiyyatın da öz oxucuları varmış! Sonra bu missiyanı “Yeni Azərbaycan” qəzeti öz üzərinə götürdü və ayrıca, daha geniş formatda həftədə bir dəfə “Ədəbiyyat” əlavəsi nəşr etməyə başladı.

Bu əlavə digər buraxılışlarından həm də onunla fərqləndi ki, müəlliflərə az-çox qonorar da verirdi. Təbii ki, hakim partiyanın orqanı olan bu siyasi qəzet ədəbiyyat əlavəsi hazırlamağa borclu deyildi.

Zaman gəldi ki öz başlıca məqsədlərinin ardınca gedən qəzetin “Ədəbiyyat” əlavəsi nəşrini dayandırdı. “Yeni Azərbaycan”ın ardınca ədəbi cameədə böyük qalmaqallara səbəb olan “Ədalət” qəzetinin “Alatoran” əlavəsi çap olunmağa başladı.

Ancaq bu da bir yerə qədər! Təəssüf və böyük ağrıyla qeyd etməliyəm ki, adını çəkdiyim bu qəzetlərdəki ədəbiyyat əlavələri məqsəd yox, vasitə kimi görünürdü həmişə. Əgər belə olmasaydı zamanın hansısa dolanbacında ədəbiyyat əlavələrindən imtina olunmazdı.

“Ədalət” qəzetində sonralar da ədəbiyyat səhifələri nəşr edildi, ancaq etiraf edək ki, bu səhifələr ədəbi mühitdə heç bir həlledici rol oynamadı. “Alatoran”, “Körpü”, “Bayatı” və digər əlavələrin ardınca alternativ ədəbiyyatın müstəqil qəzet və jurnal mərhələsi başladı. “Alatoran” jurnalı, “Sənət qəzeti”, “Proloq” qəzeti nəşr edildi. Amma təəssüf ki, bu jurnal və qəzetlər kifayət qədər oxucusu olsa da müəlliflərə qonorar vermək imkanında deyildi.

Buna görə də yalnız fədakar qələm sahiblərinin yaradıcılıq məhsulları hesabına nəşr edildilər.

Bu gün mövqeyindən asılı olmayaraq əksər siyasi qəzetlər köşə yazarlarına və istedadlı müəlliflərə qənaətbəxş səviyyədə qonorar verir.

Ancaq ədəbi sözə bu cür dəyər verən mətbu orqan demək olar ki, yoxdur. Əcəba, siyasətçilər daha haqlıdırlarmı?

İndi ədəbiyyatla, mədəniyyətlə bağlı müstəqil saytlar zamanında yaşayırıq. Bu sevindiricidir. Ancaq qonorar məsələsi... Gəlin kefimizi pozmayaq!

Başqa seviniləsi hal “Qanun” nəşriyyatının başladığı, artıq neçə ildir uğurla davam edən layihədir. Qonorar məsələsində yazarların bəxti burda da gətirmir, ancaq istedadlı mətnlərin ərklə üz tutacağı bir ünvan var artıq.

İnanırıq ki, yaxın gələcəkdə dövrümüzün sərt qaydaları ədəbiyyat adamları üçün bir az da yumşalacaq. Və əlhəmdülillah!

Qafqazinfo

Günün bütün mövzuları

XS
SM
MD
LG