Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

Pakistanda mədrəsədə uşaqlara işgəncə veriblər


Pakistan. Karaçi. Polis əməliyyatı zamanı mədrəsədən çıxan uşaq ağlayarkən
Pakistan. Karaçi. Polis əməliyyatı zamanı mədrəsədən çıxan uşaq ağlayarkən
Uşaqlarını Pakistanın şimalı Karaçidəki mədrəsəyə göndərən yoxsul ailələr fikirləşirlər ki, övladlarının müalicəsi və onlara İslam dərsi verilməsi üçün vəsait ödəyirlər.
Amma 7 yaşdan yuxarı uşaqlar deyirlər ki, onların daha çox vaxt keçirdikləri mədrəsə işgəncə mərkəzi olub. Onları burda döyüblər.
“QIŞQIRARDIQ Kİ, BİZİ BAĞIŞLA”
Pakistanın Paktunkiva əyalətindən olan 12 yaşlı Harron AzadlıqRadiosuna danışıb ki, mədrəsədəki müftilər amansız olublar:
- Onlar qıfıl və zəncirləri gətirib ayağımı bağlayırdılar. Yalnız həftədə bir dəfə onlar bizə 5 dəqiqəlik bu həbsxanadan çıxmağa icazə verirdilər. Bu icazə də duş qəbul etmək üçün idi. Onlar bizi döyürdülər. Əgər çığırsaydıq, daha bərk döyürdülər. Onlardan biri qollarımızı tuturdu, digəri ayağımızı. Onlar bizə soyuq su tökürdülər və metal əşya ilə bizi döyərdilər. Biz qışqırardıq ki, "cənab müfti, bizi bağışla", amma o, daha möhkəm döyərdi.
Quettadan olan 22 yaşlı Zainullah deyir ki, zindana bənzər zirzəmidə divarlarında qandal və qarmaqlar olan otaqlar vardı:
- Mədrəsə rəhbərliyi bizi bu zirzəmidə saxlayardı. Orda 4 adam işləyirdi. Valideynlərimiz bizi görməyə gələndə ordan çıxarardılar. Amma biz ata-anamıza heç nə danışa bilmirdik. Əgər bir söz danışsaydıq, bizi daha pis döyərdilər, döyürdülər də. Mədrəsəni tərk edən gündə ayağıma ağır zəncirlər bağladılar.
Bu 7 uşaq analarına şikayət etdikdən sonra polis dekabrın 12-də Karacidəki mədrəsəyə basqın edib.
POLİSLƏR ŞOKA DÜŞÜBLƏR
Quettadan olan 22 yaşlı Zainullah deyir ki, zindana bənzər zirzəmidə divarlarında qandal və qarmaqlar olan otaqlar vardı
Quettadan olan 22 yaşlı Zainullah deyir ki, zindana bənzər zirzəmidə divarlarında qandal və qarmaqlar olan otaqlar vardı
Polis rəisi Ehsanullah Marwat deyir ki, onun işçiləri üfunət qoxuyan zirzəmiyə daxil olarkən və heyvan kimi rəftar edilən uşaqları tapanda sarsılıblar:
- Burda 54 zəncirli, 14 zəncirsiz tələbə vardı. Biz bir mollanı həbs elədik, dördü qaça bildi.
Polis rəhbərliyi deyir ki, onlar araşdırmanı davam edəcəklər və inanır ki, qaçanlar həbs olunacaq.
MƏDRƏSƏ SAHİBİ OLAN DAYISI ONUN DÖYÜLMƏSİNƏ MANE OLMAYIB
Sher Ali də dini təlim almaq üçün mədrəsəyə verilib. Onun dayısı mədrəsənin sahibidir. Amma ona işgəncə verilən zaman müftiyə mane olmayıb:
- Əvvəl onlar bizi yerə uzadıb zəncirlə bağlayırdılar. Sonra yağ-su qarışığını üstümüzə tökərdilər. Onlar bizi döyərdilər. Mən burda 3 aya qədər qalmışam. Mənə dərs öyrətməkdən çox döyüblər. Mədrəsə dayımındır, amma buna baxmayaraq, məni də burda döyürdülər.
Valideynlər uşaqlarını mədrəsə yazdırmaq üçün ilkin olaraq 150 dollar ödəniş ediblər. Hər ay isə 70 dollar ödəyiblər.
“OĞLUMU TƏRBİYƏ OLUNMAĞA VERDİM”
Paktunkiva əyalətindən olan tələbə Said Mohammadin atası Niaz Mohammadin sözlərinə görə, o, ümid edib ki, mədrəsədəki mollalar onun sözə baxmayan oğluna siqaret çəkməyi tərgitəcəklər:
- Oğlum tez-tez evdən yox olurdu. Gərək kimisə onu tapıb evə gətirmək üçün göndərəydim. O, evdə uzağı 5 gün tab gətirərdi, sonra yenə yoxa çıxardı. Mən Hepatit C-dən əziyyət çəkirəm. Oğlumun 15 yaşı var. O, siqaret çəkir, tütün qoxulayır. Mən onu polisə göndərdim, amma iş olmadı. Onda onu mədrəsəyə verdim.
ZƏNCİRLƏRİ VALİDEYNLƏR ÖZLƏRİ ALIRMIŞ
7 uşaq analarına şikayət etdikdən sonra polis dekabrın 12-də Karacidəki mədrəsəyə basqın edib
7 uşaq analarına şikayət etdikdən sonra polis dekabrın 12-də Karacidəki mədrəsəyə basqın edib
Digər valideynlər deyirlər ki, onlar yeniyetmələrlə mədrəsədə nə cür davranıldığını bilirdilər, amma buna barmaqarası baxırdılar. Bir neçə oğlunu bura gətirən Vaziristanlı cənab Talam deyir, uşaqları düz yolda olmadığından onları mədrəsəyə gətirib:
- Onlar allahı danırdılar, Məhəmməd peyğəmbəri qəbul etmirdilər. Nəyahət mən onları bura gətirdim. Onlar üçün pul ödədim. Biz zəncirləri özümüz verdik ki, aşağıda onları bağlasınlar və onları düz yola qaytarsınlar.
NİZAM-İNTİZAM MƏDRƏSƏ TƏDRİSİNİN ÜSTÜNLÜYÜ İMİŞ
Polisin hələlik həbs edə bildiyi müəllim Qari Usman deyib ki, uşaqları döyməyə görə müfti Dawood məsuliyyət daşıyır. Onun sözlərinə görə, nizam-intizam mədrəsə tədrisinin üstünlüyüdür:
- Siz görübsüz ki, onları Mufti Dawood bağlayıb. Bu uşaqlar həşiş çəkir, spirtli içki içirdilər. Biz onlara dəfn mərasimi zamanı oxunan cənazə dualarını, hədisləri öyrədirdik. Mufti Sahib onları zəncirləyirdi, çünki hesab edirdi ki, əgər onların qolları açıq olsa, bir-birləri ilə dalaşacaqlar.
22 yaşlı Zainullah deyir ki, o və mədrəsədə işgəncəylə üzləşən yoldaşları onlara verdiyi əzaba görə Müfti Dawood-un asılmasını istəyirlər.
Polisin fikrincə, Karaci mədrəsəsi və hərbi islamçı qruplar arasında hər hansı əlaqə yoxdur. Polis deyib ki, mədrəsədəki uşaqlar polisin himayəsindədir, valideynləri onları geri götürə bilərlər.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG