Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:11

«Zeynalabdin Tağıyevin qızı həkim çağırmırdı, qorxurdu onu öldürərlər»


Teyyub Qurban
Teyyub Qurban
Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın yoxluğundan 20 il keçdi. AzadlıqRadiosunun «İz» proqramı bu nəcib xanımın xatirəsini yazıçı Teyyub Qurbanla anır.

DÖŞÜMDƏ KOMSOMOL NİŞANI VARDI

--Teyyub müəllim, Sara xanımla necə tanış oldunuz?

--Mən 1954-cü ildə Universitetin Jurnalistika fakültəsinə daxil olmuşam. Universitet o zaman indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Sara xanımı ilk dəfə o küçədə görmüşdüm. Əlində çanta, qoca, kimsəsiz bir qadın kimi... Bir il sonra Sara xanımla elə universitetdə tanış oldum. Universitetin əsaslı kitabxanasının şərqşünaslıq bölümü vardı. Onun müdiri Kiçikxanım adlı ziyalı bir xanım idi. O bir gün mənə dedi ki, yanıma bir qadın gələcək, de ki, onu qapıdan buraxsınlar. Gəlib gördüm küçədə gördüyüm qadındır. Onunla içəri keçmək istədim, Kiçikxanım dedi hələ gəlməginən. Çünki döşümdə komsomol nişanı vardı, rəsmi adamlardan da Sara xanım çəkinirdi. Kiçikxanım dedi hər cümə günü Sara xanım mənim yanıma gəlir. Bir yerdə nahar edirik. Çantasında da yağını, pendirini, çörəyini gətirir. Və heç kimin də çörəyini yemir. Gələn cümə gələrsən, tanış edərəm. Gəldim, tanış elədi ki, bu, əlaçıdır, jurnalistikada oxuyur. Day demədi ki, mən komsomol katibiyəm (gülüşmə).

QAPISI AÇIQ OLARDI

Söhbətə başladıq. Dedim Sizin həyatınızla maraqlanıram. Beləcə tanış olduq. Universiteti bitirəndə evinə də getdim. O, Şərifzadə küçəsində yaşayırdı. Birinci mərtəbədə tək qalırdı. Qapısı həmişə açıq olardı. Qapını döyərdin, deyərdi ki, gəlirəm. Gözləri yaxşı görmürdü onun. Tanıdığı adamların əlini sıxmaqla kim olduğunu bilərdi. Bir neçə dəfə getdim yanına, həyatını mənə danışdı. O zamanlar bir jurnalist vardı—Mailə Muradxanova, ona dedim ki, belə bir yazı yazmaq istəyirəm. Dedi, yaz! Mən də yazdım. Arxivlərdən də sənədlər tapdım. Sonra da yeni sənədlər əlavə edib «Sara» adlı bir əsər yazdım. Təəssüflər olsun ki, az tirajla çıxıb—cəmi 200 nüsxə. Amma onu təkrar nəşr etdirmək fikrim var.

SARA XANIM İNDİKİ TARİX MUZEYİNİN BİNASINDA DÜNYAYA GƏLİB...

Sara xanım indiki Tarix muzeyinin binasında dünyaya gəlib, atasının binasında—1899-cu il mayın 20-də. Günləri çox firavan keçib. Hacı Zeynalabdin başqa milyonçular kimi var-dövlətini kef məclislərində qoymurdu. Bir dəfə halalca ailə qurub—buzovnalı Zeynəb xanımla. Onun vəfatından sonra bir neçə il evlənməyib. İkinci dəfə general Ərəblinin qızı Sona xanımla ailə qurub. Ondan olan övladları da çox istedadlı olub. Onlar piano çalıblar, bir neçə dil biliblər. Ədəb-ərkan, ataya hörmət olub. Hacı Zeynalabdin İçərişəhərdə doğulub. Uşaqlıqdan azan səsi eşidib, Quranı oxuyub, Həcc ziyarətinə gedib. Ona görə Hacı Zeynalabdin çağırılıb. İslam tərbiyəsi Hacının ata-anasının da, övladlarının da qanına hopub. Sara xanım da atasının açdığı Qızlar Məktəbini bitirəndən sonra Peterburq Universitetinə daxil olub. Əla oxuyub. Oranı bitirəndən sonra onların firavan həyatına son qoyulub.

HACI CÜMHURİYYƏTİ YARADANLARDAN BİRİDİR

Hacı Zeynalabdin olmasaydı, Azərbaycan Cümhuriyyətinin iqtisadi bünövrəsi olmayacaqdı. Cümhuriyyətin baniləri—xüsusən M.Ə. Rəsulzadə Hacının yaxın adamı olub. Hacının var-dövləti Müsavat Partiyasına xərclənib. Bu partiya «İsmailiyyə» binasında yerləşirdi. Yəni, Hacı Zeynalabdin Tağıyev müstəqil Azərbaycan Cümhuriyyətini yaradanlardan biridir. İndi məni yandıran budur ki, nə Tağıyevə qiymət verirlər, nə də qızı Sara xanıma. Heykəlini götürüblər. Mən başa düşmürəm Tağıyevin əzəmətli heykəlini kombinatın önündən kimlər götürüb? Onun adına Bakıda niyə metro stansiyası yoxdur?

MİLYONÇU QIZI—ÇİLİNGƏR KÖMƏKÇİSİ...

Bolşeviklər gəlib və Hacının hər şeyini əlindən alıblar. Mərdəkandakı bağında yaşamağa başlayıb. Sona xanım xəstə olub. Kürəkəni—Saranın əri Zeynalabdin də xaricə gedib. Sara xanım atasıyla qalıb.
Tağıyevin qız rus-türk məktəbinin müəllim və şagirdləri
Tağıyevin qız rus-türk məktəbinin müəllim və şagirdləri
1924-cü ildə Hacı vəfat eləyib, daha sonra Sona xanım. Sara da baş götürüb gedib Leninqrada. Əvvəlcə kitabxanada çalışıb, sonra zavodda tokar köməkçisi... Orada tatar Nikolay Sarayev adlı bir nəfər buna vurulub. Ailə qurublar. Müharibə başlayanda Nikolay cəbhəyə gedib. 1942-ci ildə ölüm xəbəri gəlib. Saranın o vaxt iki övladı varmış. Onları da götürüb Bakıya gəlib...

--Bakı Sara xanımı necə qarşılayıb?

ATA EVİNDƏN BİR GECƏLİK YER...

Sara xanım Bakıda qalmağa yer tapmayıb. Oğlanlarını yetimxanaya verib. Axşamçağı gəlib atasının evinin qabağına. Bu bina o vaxt hərbi hospital olub. Onu içəri buraxmayıblar. Deyib, ərim cəbhədə ölüb, sabah Hərbi Hospitala gedəcəyəm. Xahiş edirəm, bir gecəlik yer verin. Səsə baş həkim gəlib. Sara ona deyib ki, küçədə soyuqdur, mənə elə qapının ağzında yer verin, çantamı başımın altına qoyub yataram... İcazə veriblər.

BAĞIROV SORUŞUB Kİ, KİMDİR GƏLƏN?

Sabahı Hərbi Komissarlığa gedib, vəziyyətini danışıb. Hərbi komissar M.C. Bağırova zəng çalıb ki, bir nəfər gəlib Leninqraddan, qeydiyyatı yoxdur. Bağırov maraqlanıb ki, kimdir o adam? Deyib Sarayeva Sara Zeynalabdinovna. Bağırov onları yaxşı tanıyırmış. Tapşırıb ovaxtkı Maarif naziri Süleyman Rəhimova. Deyib, savadlı qadındır, ona münasib iş tap. Sara xanım rus dilini ruslardan yaxşı bilirdi. Bu dildə elmi məqalələr, dissertasiya yazmışdı. Özüm görmüşəm. Sara xanımı Maarif Nazirliyinin kadrlar şöbəsinə təlimatçı götürürlər. Yaxşı maaş, ev verirlər. 1956-cı ilə qədər orada işləyib. 1956-da göndəriblər ovaxtkı Rus Dili və Ədəbiyyatı İnstitutunun kitabxanasına. 1956-da Bağırov güllələnir, bir il sonra komissiya yaranır və komissiya qərar alır: «Atası milyonçu Tağıyevin maarifpərvərliyindən dissertasiya yazmaq istədiyinə görə institutdan kənar edilsin». O komissiyanın qərarı məndədir. Arxivdən götürmüşəm.

--Bəs işsiz-gücsüz necə yaşadı Sara xanım?

1957—Cİ İLDƏN KÜÇƏLƏRƏ ATILDI...

Nə qədər məktublar yazdı, baxan olmadı. 1970-ci ildən sonra Sara xanımın daha ağır günləri başlayır. Mən onda Respublika Xalq Nəzarəti Komitəsində tərcüməçi işləyirdim. Boş vaxtlarımda gələn ərizələrə baxırdım. 1972-də Sara Sarayevadan ərizə daxil olmuşdu. MK-ya yazılan ərizə Heydər Əliyevin dərkənarı ilə komitəyə göndərilmişdi. Vəziyyətindən şikayət edir, iş istəyir. «Pensiyam azdır»—deyir. Dolana bilmədiyini yazır. Amma Sara xanım heç vaxt, heç kimin yanında qürurunu sındırmazdı. Bəziləri deyir o, dilənirdi. Xeyr! Belə şey olmayıb. Ona kömək edənlər də elə edərdilər ki, bir Allah, bir də özləri bilərdi...

DƏRMAN İÇMİRDİ, HƏKİM ÇAĞIRMIRDI

Sara xanım dərman içmirdi, həkim çağırmırdı, onlardan qorxurdu, onu öldürmək istəyirdilər. Bu qadın ölmürdü. Və deyirdi ki, mənim atamın nə günahı var? Tağıyev maarifçi olub. Millət üçün bu cür işlər görüb. Mən onlardan yazıram. Bunu sübut etmək istəyirəm. Güclə aparırdılar onu təcili yardımla ruhi xəstəxanaya...

SARA XANIM SOVET HÖKUMƏTİNİN ÇÖKÜŞÜNÜ GÖRDÜ

1985-ci ildə yenidənqurma başlayanda, Sara xanım sağ idi. Mən yenə onun yanına gedirdim. Başa düşürdü ki, yeni cəmiyyət gəlir, demokratik quruluş olacaq. Ürəklənirdi, sevinirdi. Müsahibələri var. Deyir, mən sevinirəm ki, atamın arzuları yerinə yetir. Hətta fond yaratmaq istəyirdi. Özünə qismət olmadı. Amma qızı Səfiyyə xanım bu fondu yaratdı—Sara Sarayeva adına Fond. Burada mən də iştirak edirdim. Qocalara corab paylayırdı. Səfiyyə xanım özü nə vəziyyətdəydi... Yaxşı yaşamırdı. Amma anasının adını daşıyan fondun xətrinə hamıya kömək etmək istəyirdi...

--Teyyub müəllim, Sara xanım nə vaxt dünyadan köçdü?

BİRİNCİ ÖLÜM XƏBƏRİ

Sara xanımın ölüm xəbəri iki dəfə çıxdı. Birinci dəfə Azərbaycan televiziyasında dedilər. Dedim, nə əcəb mənə xəbər etməyiblər. Onun əhatəsində o zamanlar çoxlu adam var idi. Aliyyə Abbasova, Səməd Vurğunun qızı Aybəniz xanım, Nəriman Əliyev və b. Gəldim Şərifzadə küçəsinə. Yenə qapı açıq... Yenə «gəlirəm, gəlirəm» sözü... Sevindim.

İKİNCİ ÖLÜM XƏBƏRİ

İkinci ölüm xəbəri düz çıxdı. 1991-ci ildə vertolyot qəzasından sonra. Sevda xanım, AzadlıqRadiosunun dinləyiciləri bunu birinci dəfə eşidirlər. O qəzadan Sara xanım çox sarsılır. Sara xanıma həyan olanlardan biri Vəli Məmmədov idi. Vəli müəllimin xətrini çox istəyirdi. Xəbəri eşidib zəng vurur Vəli müəllimin həyat yoldaşına. Ağlayır, başsağlığı verir. Sara xanım bilirdi ki, vertolyotdakılar məhv olandan sonra Qarabağı almaq asanlaşacaq... Bu hadisə ona o qədər təsir edir ki, 1991-ci ilin dekabrın 15-də dünyasını dəyişir...

ONU ATASININ YANINDA DƏFN ETDİLƏR

Azərbaycan dövləti--başda Ayaz Mütəllibov olmaqla onu dəfn elədi. Onun tabutu ilk dəfə laylay eşitdiyi evdən—indiki Tarix Muzeyindən qaldırıldı. Bunu heç vaxt demirik. Sara xanım iki il sonra rəhmətə getsəydi, onu heç vaxt o evdən götürməzdilər. Bu, mənim qəti qənaətimdir. Və Sara xanımın tabutu Neftçilər prospektindən Hökumət Evinə qədər piyada aparıldı. Mən də o tabutu daşıyanlardandım... Onu Mərdəkanda atasının yanında dəfn etdilər.
XS
SM
MD
LG