Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

Çingiz Əlioğlu. Danüzü fantasmaqoriyaları


Çox yatmam yox… bəlkə də
Dördcə saat yuxum var.
Mənim yuxum çəkidə
Quh çimiridək olar…

Sonra mənəm, dörd divar…
Aynada ay işarır.
Ən doğma yad adamım
Yanımda mışıldayır.

Qalxıb, axır, yataqdan
Əkilirəm yavaşca.
Bir küncdə bir dünyam var,
Çəkilirəm yavaşca.

Yaddaşdan hara qaçım…
Xatirə qatar-qatar!
Ömrün əriş-arğacı
Nəhəng xalçaya çatar.

Nə toxuyub-hörürəm,
Orda nələr oxunur?!
Açıq gözlə görürəm
Mən yuxumun çoxunu.

Yuxu ilə reallıq
Bir-birinə qarışır.
Küsülüsüylə adam
Yuxusunda barışır.

Möhkəm unutduqlarım
Gəlib düşürlər yada.
Günahlar yada düşsə
Heç nə yetişmir dada!..

… Nə oyun-olacaqdı
Məni belə hərləyir?!
Eh, yenə huşlanıram,
Yuxu məni girləyir…

Girib yerimə yenə
Yarım saat yatıram.
Kor uyqu quyusuna
Daştək düşüb batıram…

… Nəhayət, saat zəngi
Məni işə səsləyir!
Masamın üstündəsə
Bu son şeir gözləyir…

Avqust, 2008.

Günün bütün mövzuları

XS
SM
MD
LG