Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Novruzəli Məmmədovun əmlakı müsadirə edildi


Novruzəli Məmmədovun əmlakı müsadirə edildi
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00
Direct-ə keçid
Dekabrın 17-də «Tolışi Sədo» qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədova məxsus bəzi mal və əşyalar müsadirə olunub.

Əşyaları Yasamal rayon Məhkəmə icraçılarına N.Məmmədovun vəkili Ramiz Məmmədov və hüquq müdafiəçisi Hilal Məmmədov təqdim edib.

H.Məmmədov AzadlıqRadiosuna deyib ki, 1 həftə əvvəl onlara Yasamal rayon Məhkəməsindən həmin əşyaların təhvil verilməsi haqda xəbərdarlıq edilib:

«Xəbərdarlıq edildi ki, 2008-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə göstərildiyi ümumi dəyəri 600 manat hesablanan 1 kompyuter stolu, 1 stol, 5 stul, İranda toxunmuş 1 xalça, 1 televizor və 1 fotoaparat dövlətə təhvil verilməlidir. Əks təqdirdə Novruzəli Məmmədovun həyat yoldaşı axtarışa veriləcək. Bu xəbərdarlıqdan sonra onun Moskvada müalicə olunan 72 yaşlı yoldaşı bizə müraciət etdi ki, avadanlıqları ordan-buradan tapıb təhvil verək. Biz vaxtilə Novruzəli Məmmədovun İrandan 40 manata alıb gətirdiyi xalçanı, 4 köhnə, zədəli stulları və bir də kompyuter stolunu verdik. Amma stol, 1 stul, televizor və fotoaparatı tapa bilmədik».

2008-ci ildə çıxarılan məhkəmə hökmündə qeyd edilib ki, müsadirə olunan bu əşyaları N.Məmmədov İran xüsusi xidmət orqanlarının verdiyi vəsait hesabına alıb.

Hilal Məmmədov deyir ki, həmin hökmdən sonra bu məsələ indiyə qədər qaldırılmamışdı:

«Bu adam həbsxanada vəfat edib. Bundan sonra onun iki oğlu vəfat edib. 72 yaşlı yoldaşı Məryəm Məmmədova BMT-yə müraciət edəndən sonra Rusiyaya köçüb və hazırda orda müalicə olunmaqdadır. Bu qədər müsibət, faciədən sonra 2 il əvvəl vəfat etmiş adamdan stol, stul, fotoaparat, xalça tələb etmək çox gülməli görünür».

«Talışi Sədo» qəzetinin baş redaktoru N.Məmmədov dövlətə xəyanət, milli, irqi və dini ayrı-seçkiliyi qızışdırmaqda ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi.

O, 2009-cu ildə 68 yaşında Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. Onun baş beyin damarlarının kəskin trombozundan öldüyü bildirilir.
XS
SM
MD
LG