Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01
YAŞAR

RAHATLIQ

(Hekayə)

Əmrah oğlunu yanına salıb qonşu kəndə, qızının evinə gələndə hava qaralmışdı.
Arvadı öləndən Əmrah yaman sınıxmışdı.

Hər dəfə o arvad yuxusuna girəndə diksinib oyanardı, bütün gecəni halı özündə olmazdı, səhər o başdan bir qurtum su da içməzdi, birbaş qəbiristanlığa yollanardı.

Siftə-siftə qəbrin yan-yörəsini ot-ələfdən təmizləyəndə əlinə dinclik verməzdi, dayanıb bir hovur nəfəsini dərməzdi. İndi Əmrah hər gələndə qəbrin bir böyründə, yaş torpağın üstə heysiz-hərəkətsiz oturub qalardı, gün-gündən boy atıb uzanan otlara baxıb köksünü ötürərdi.

Oğlu dünən gəlmişdi. Gəlmişdi, ev-eşiyi satıb atasını özüylə şəhərə aparsın. Əslində, Surxayın pula ehtiyacı yox idi. Amma anası öləndən Surxay elə bil qəflətən ayılıb bilmişdi ki, daha atasını bu evin umuduna qoymaq olmaz. Əvvəllər illərlə səs-sorağı çıxmayan Surxay indi hər ay atasını yoluxmasa toxtaya bilmirdi.

Dünən axşam Surxay axır ki, dilləndi. Əmrah bir xeyli fikirli-fikirli oğluna baxıb, sonra dinməzcə yatmağa getdi. Surxay başa düşdü ki, atasını aparmaq üçün bu ev-eşiyi də yanına salıb özüylə şəhərə aparmalıdı. Surxay bu gecə çıxıb gedəcəkdi. İndi də bacısıyla görüşməyə gəlmişdi.

Darvazanı Dilbər açdı. Əli-qolu sabunluydu. Deyəsən paltar yuyurdu.

Əmrah:

- Salam, - dedi, - ərin necədi? – amma cavab gözləmədi, ağır-ağır pilləkəni qalxdı.

Dilbər atasının ardınca dönüb darvazanı bağlamaq istəyəndə qardaşını görüb nəsə özünü itirən kimi oldu. Çünki, axırıncı dəfə anasının dəfnində rastlaşdığı qardaşı hələ indiyəcən onun evinə ayaq qoymamışdı.

...Elə o vaxt da həyət-bacanın adamla dolu olduğu həmin o gündə də qardaşıyla görüşəcəyi Dilbərin ağlına da gəlməzdi. Kişilər həyətdə üç-üç, beş-beş dayanıb söhbətləşirdilər. Əmrah da o kişilərin içindəydi, tez-tez eyvana qalxırdı, gözucu meyitə baxırdı, səssizcə qayıdıb kişilərin arasına girirdi, cibindən təsbeh çıxarırdı, amma fırlatmırdı, təsbehin dənələrini bircə-bircə ağzına aparıb dişiylə çəynəyə-çəynəyə deyəsən bir balaca toxtaqlıq tapırdı.

Eyvana yığılan arvadların hönkürtüsü həyəti başına götürmüşdü. Pərinisə arvadın meyiti eyvanın düz ortasındaydı. Dilbər meyitin baş tərəfində oturmuşdu, ağlamayan da elə təkcə özüydü. Dilbər, deyəsən çox ağlamışdı, yorulmuşdu, indi də dırnaqlarıyla dinməzcə üz-gözünü cırırdı. Qəflətən araya sükut çökdü. Bəlkə artıq meyiti dəfn eləməyin vaxtı çatmışdı? Dilbər başını qaldırdı. Qara kostyumda, ağ köynəkdə bir kişi ağır-ağır pilləkəni qalxırdı. Hamının gözü o kişiyə dikilmişdi. Əmrah da eyvana qalxmışdı, amma indi meyitə gözünün qırağıyla da baxmırdı, həmin kişiyə baxırdı. Əmrahın sifəti bu dəqiqə yaman qəribəydi. Bilmirdi, sevinsin ya ağlasın. Amma vallah, kim nə deyir desin belə bir oğul doğan anaya ağlamaq günah idi. Əmrah kişi yaxınlaşıb əlini Surxayın kürəyinə qoydu:

- Axır qəmin olsun, - dedi, başqa söz tapa bilmədi, çünki bu saat beynində bayaqdan bəri ona başsağlığı verən camaatın dilindən eşitdiyi bu sözdən savayı söz yox idi.
Sonra dönüb meyitin örtüyünü qaldırdı və arvadına baxanda eynən öz sifətini gördü. Deyəsən o meyit də camaatın gözündən yayındığını hiss eləyib oğlunun gəlişinə sevinirdi.

Əmrah lap özünü itirdi. Pərinisə arvad elə bil indicə gözlərini açıb oğluna «xoş gəlmisən» deyəcəkdi.

Əmrah diksinib birnəfəsə:

- Oğlum, ananla sağollaş, - dedi, təsbehi cibindən çıxarıb təzədən həyətə düşdü.
Meyitin üstə ikisi qalmışdı. Dilbər qardaşına baxırdı. Hərdən-hərdən televizorda gördüyü bu kişidən ötrü yaman darıxmışdı. Amma nədənsə Dilbərə elə gəlirdi ki, qardaşının gəlişi də, anasının dəfninə yığılan bu camaat da onun yuxusuna girib. Elə bil yasa batmış bu ev-eşik nəsə bağlı bir qutunun içindəydi. Çünki Surxay bacısına eynən televizordan baxdığı kimi baxırdı.

Surxayın gözləri bacısının üzünə zillənmişdi:

- Bu nə sir-sifətdi, - dedi, - get əl-üzünü yu.

Surxayın ona nə dediyini anlamasına da indicə eşitdiyi bu səsi Dilbər min səsin içindən seçərdi. Görünür, döşəməyə uzadılan bu qupquru qurumuş ananın ruhu bədənindən çıxsa da, öz ruhsuz canının həndəvərində qardaşla bacını görüşdürməyə birtəhər güc tapmışdı.

İki arvad yaxınlaşıb Dilbərin qolundan tutdu, onu qaldırıb apardılar.

Surxay tək qalmışdı, gözlərini anasının üzünə zilləmişdi, ağappaq ağarmış o sifətin hər cizgisinə bir xeyli diqqətlə baxıb, sonra üzünü yana çevirirdi. Görünür, o sifəti yaddaşına köçürürdü, qoy sonra nə vaxtsa anası yadına düşəndə o sifəti hörüb-qurmaqdan ötrü çətinlik çəkməsin...

Amma indi bacısına baxanda başa düşdü ki, bu neçə vaxtı özünü nahaqdan əziyyətə salıb. İndi tələsik əl-qolunun sabununu donunun ətəyinə silə-silə üzünü Surxaya tutub:

- Burada niyə durmusuz, içəri keçin, - deyən bacısı səsindən tutmuş ətəyindəki sabun köpüyünəcən elə bil dipdiri anasıydı.

Oturmuşdular. Surxay tez-tez saatına baxırdı, deyəsən tələsirdi. Dilbər mətbəxdə çay dəmləyirdi, hərdən-hərdən arakəsmənin qapısından oğrun-oğrun qardaşına baxırdı. Otaq tör-töküntüydü, əri çarpayıda uzandığı yerdəcə Əmrahla söhbətləşirdi, körpə qızı öz atasına qısılıb yuxuya getmişdi.

Dilbər ürəyində: - Biabır oldum, - dedi, - bilsəydim Surxay gələcək yır-yığış eləyərdim. Amma nə xeyri, bu bircə otağı nə qədər səliqə-səhmana salsaydı, yenə axşam bu kökə düşəcəkdi.

Gözünü qardaşından çəkən kimi Dilbəri ərinin fikri götürdü.

Muradın yatağa düşdüyü iki həftədən çox olardı. İşdən qayıdan kimi:

- Soyuqlamışam – demişdi.

Dilbər kişisini yatağa salıb araqla ovxalayandan sonra yorğanla üstünü bərk-bərk basdırmışdı ki, tərləyib sağalsın. Amma odu-budu azar Muradın canından çıxmırdı.
Muradın anası Güllü keçən həftədən burdaydı. İki-üç günlüyə oğlunun yurd-yuvasına baş çəkməyə gəlmişdi. Amma indi oğlunu bu halda qoyub öz yurd-yuvasına qayıda bilmirdi.
Güllü arvad divanda oturub mütəkkəyə dirsəklənmişdi, gah oğluna, gah da Əmraha baxırdı. Əmrah kimi bir kişinin qanadı altına sığınan oğlundan narahat olmağa dəyməzdi. Nə yaxşı ki, Allah onun bircə balasını belə bir evə qismət eləmişdi, belə bir kişiyə rast gətirmişdi. Lap dünya dağılsaydı belə Əmrah Muradı korluq çəkməyə qoymazdı. İndi Güllü arvad ürəyində Əmrah kişiyə dua eləyirdi: «Allah səni mənim balama çox görməsin» -deyirdi. Buradan qayıdan kimi Güllü arvad ürəyindən keçənləri bircə-bircə kişisinə də çatdıracaqdı. «Özünü üzmə, dərd çəkmə, vallah-billah balamızın bizə ehtiyacı yoxdu» - deyəcəkdi.

Qoy kişisi də qəbirdə rahat yatsın.

Əmrah bayaqdan Murada öyüd-nəsihət eləyirdi, amma bir gözü nəvəsində qalmışdı. Murad yatağa düşəndən Əmrah kişi hər dəfə bu evə gələndə o uşağı atasının böyründə görərdi. Hələ yaşı tamam olmayanda özüylə dünyaya qoşa gətirdiyi bacısını itirən bu körpə balasını Murad yaman çox istəyirdi. Görünür, yazıq uşaq axır günlər atasını bu halda görüb qorxuya düşmüşdü.

Əmrah mətbəxə sarı dönüb:

- Qızım, bu uşaq yatdı, - dedi, apar rahatla. Dilbər yerə döşəkcə sərib çarpayıya yaxınlaşdı, qızını qucağına aldı.

Qəflətən Əmrahın nəsə elə bil tükü ürpəşdi. Bir vaxtlar həmişə Əmrah evə yorğun qayıdardı. Balaları hələ körpəydi, indidən onlara bir gün ağlamalıydı. Ac qarnını doyurmağa da vaxtı olmazdı, tələsik paltarını soyunub səssizcə yerinə girərdi ki, balalarını oyatmasın.

Amma Dilbərlə Surxay bütün günü oyaq qalıb onun yolunu gözlərdi. Əmrah gözünü yuman kimi onun qucağına atılardılar. Dilbərlə Surxay atasının qucağında oynaya-oynaya yuxuya gedərdi. Onda Əmrahın bu iki balasından ötrü yorduğu bədəninə nəsə elə bil qəflətən güc gələrdi. Arvadını haylayıb: - Uşaqlar yatdı, - deyərdi, - apar rahatla. Pərinisə uşaqları bir-bir qucağına alıb döşəkçəyə uzadanda Əmrah gözünü arvadından çəkə bilməzdi. Deyəsən, Əmrah bu iki balasının anasını ancaq o gecələrdə sevərdi. Ata kimi, bala kimi sevərdi. Düz səhərəcən o iki uşaqdan gizlində qol-boyun olub sevişərdilər...

İndi Əmrah büzüşüb oturmuşdu, nə oğluna, nə də qızına baxa bilirdi. Elə bil nə vaxtsa gecələr özündən ötrü o iki balasından oğurladığı anaya görə xəcalət çəkirdi.
Sonra başını qaldırıb yazıq-yazıq qızına baxdı. Dilbər öz qızını döşəkçəyə uzadıb yerini rahatlayırdı. Əmrah kişi elə o sifətlə arxaya, oğluna sarı qanrıldı. Deyəsən, Surxay da saatına baxa-baxa yuxulamışdı. Görünür, təkcə o gecələr yox, Əmrahla Pərinisənin bütün ömrü bu iki balasından gizlində keçmişdi. Əmrah kişi dərindən köksünü ötürüb belini dikəltdi.

Dilbər əyilib yorğanla qızının üstünü örtəndə uşaq qəflətən yuxudan səksənib gözlərini açdı. Dilbər:

- Qızım, yat, - dedi – amma uşaq gözlərini anasına zilləyib elə bil ondan nəsə istəyirdi.
Bu qızın öz əkiz bacısını itirdiyi vaxtdan Dilbərin hər günü beləydi. Dilbər imkan eləyib öz doğmaca balasına da doyunca ağlaya bilmədi. Evin işini-gücünü qurtarandan sonra oturub bir hovur dincəlmək istəyəndə ölən balası yadına düşərdi. Onda Dilbəri qəhər boğardı. Amma Süsən hər dəfə gəlib anasının qabağında dayanardı. O uşağın bütün günü anasının ardınca mətbəxi, eyvanı gəzən gözləri bu dəfə düz Dilbərin gözlərinə zillənərdi. Bir kəlmə də dinib-danışmazdı, baxmağı da həmişə eyni cür olardı. Elə bil o uşaq hər dəfə o dupduru, dilsiz gözləriylə yalnız bircə şey soruşardı: «Niyə məni tək qoydun?»

Təkcə gecələr yuxuya gedəndə Süsənin üzünə sakitlik, rahatlıq çökərdi. Bəlkə də o uşaq bütün günü axtardığı bacısıyla yuxuda görüşərdi.

Dilbər:

- Yatdı, - deyib, başını qaldırdı, yan-yörəsinə baxdı. Amma deyəsən, bu dəqiqə o uşaq Dilbərdən savayı bir kəsin də yadına düşmürdü.

Dilbərin oğlu Səlim bayaqdan bəri otağın bir küncündə oturub dərslərini hazırlayırdı. Dayısıyla, babası içəri keçəndə başını da qaldırmadı. Amma hərdən-hərdən gözünü kitabdan çəkib altdan-altdan dayısına baxırdı. Surxay indicə yerindən qalxıb ona yaxınlaşacaqdı: - Yekə oğlan olmusan – deyəcəkdi, - sonra əyilib onun üzündən öpəndə gözü stolun üstə lap açıqda qalan gündəliyə sataşacaqdı. O gündəliyi götürüb vərəqləyəndə dayısının üzü güləcəkdi: - bax belə oxumaq lazımdı – deyəcəkdi, sonra bacısı oğlunun bu qiymətli başını bir də qucaqlayanda Səlim Surxayın qoltuğu altından səhər-axşam anasından, atasından eşitdiyi sözü deyəcəkdi:

- Dayıma çəkmişəm.

Amma Surxay deyəsən əməlli-başlı mürgüləmişdi. Səlim astaca dəftər-kitabını yığışdırdı, keçib Surxayın yanında oturdu. Surxay gözlərini açıb:

- Lap yekə kişi olmusan, - dedi, amma bu yekə kişiyə gözünün qırağıyla da baxmadı, yenə saatına baxdı.

Səlim dinməzcə ayağa qalxıb stolun üstünü eşələdi, təzədən qayıdıb əlindəki gündəliyi Surxaya elə uzatdı ki, onun gündəliyi bu uşaqdan alıb vərəqləməkdən başqa çarəsi qalmadı.

Səlim gözünü Surxaydan çəkmirdi. Elə bil dayısıyla üz-üzə dayandığına hələ də inanmırdı. Yəqin sabah dərsdə uşaqları da inandıra bilməyəcəkdi. Amma Səlim yəqin bilirdi ki, dayısının baxdığı o gündəlikdə nə qədər beş vardısa hamısı bu gündən ötrüydü. Çünki hər dəfə o beşləri alanda ən əvvəl Surxay müəllim gözünün qabağına gələrdi. Beşlər çoxaldıqca Səlimin gözləri də iştahlanardı, Surxay müəllimlə əl-ələ tutub o böyük şəhərin küçələrini gəzərdi. İndi dayısı o gündəliyi vərəqləyəndə Səlimin gözləri Surxay müəllimin şəhərdəki yaraşıqlı ev-eşiyinə baxırdı. Surxay qəflətən elə bil Səlimin o işıqlı gözlərindən diksinib başını qaldırdı və qabağında dayanan bu uşağa baxanda hiss elədi ki, gəlib bu evə düşəndən bəri birtəhər canını onun əlindən qurtarmaq istəyir.

...Bir vaxtlar Surxay da eynən belə bir gündəliyin yiyəsiydi. Səhər-axşam gözünün yağını kitablara yedirərdi. Oxuduğu o qalın-qalın kitablardan nə istədiyi əvvəl-əvvəl Surxaya o qədər də məlum deyildi. İllər ötdükcə Surxay hər şeyi başa düşdü.
Dərs qurtarandan sonra tay-tuşları qızları ötürəndə Surxay hər dəfə bir qıraqda büzüşüb dayanardı, yazıq-yazıq onların ardınca baxardı. Ürəyindən keçərdi ki, gedib o qızlardan heç olmasa ən kifirinin yanıyla addımlasın, oğlanlardan heç olmasa ən mağmınıyla dostluq eləsin. Amma o dəstəyə qoşulmağa üzü gəlməzdi. Çünki Allahdan aldığı öz eybəcər görkəmindən özünün də zəhləsi gedərdi. Tez evə qayıtmaq istərdi, məcbur olub bir neçə saatlığa adam içinə çıxardığı üzünü sabahacan gizləməyə tələsirdi. Qapıdan içəri keçən kimi birbaş öz otağına çəkilib kitabları qabağına tökərdi. O kitabları oxuyanda Surxay sırayla düzülən hərflərin, sözlərin içində gizlənib özünü büsbütün unudardı, o böyük, yad şəhərlərin gözəl-gözəl qızlarını görərdi və hardasa lap uzaqda darıxa-darıxa dayanıb bu şəhərə qaynayıb-qarışmaq istəyən bir özgə Surxayı görərdi. Yəqin elə ona görə də günlərin bir günü oxumağa yollananda Surxay elə bil o yad şəhəri yüz illər idi ki, tanıyırdı.

Sonra Surxay daha çöldə-bayırda, məclislərdə üzünü gizləməyə macal tapmadı.
«Surxay müəllim, orda durma, burda dur. Surxay müəllim, orda oturma, burda otur».
Bir vaxtlar yuxusuna gətirməyə belə ürək eləmədiyi gözəl-gözəl xanımlar da indi Surxayla kəlmə kəsəndə onun ağlından, qanacağından elə heyranlıqla utanıb-sıxılardılar ki, elə bil mələklə üz-üzə gələrdilər. Amma üzündən asılan o mələyin əksini nə zülmlə özündə gəzdirdiyini təkcə Surxay bilirdi. Yəni, tək bircə gün Surxay küçəyə çıxanda addımından tutmuş, baxmağına qədər bütün hərəkətlərini ölçüb-biçməsəydi, elə həmin gün hamının üzü ondan dönəcəkdi. Çünki dostların məclisində, o gözəl xanımların isti qucağında belə Surxayın öz əsl sifəti bir dəqiqə də yadından çıxmırdı.

Amma indi qabağında dayanan Səlim adlı bu uşağa Allah hər şeyi hələ anasının bətnində vermişdi. Surxayın ömrü boyu sürünə-sürünə, cırmaqlaya-cırmaqlaya açdığı qapılar bu uşağın o gözəl üzünə indidən taybatay açığıdı.

Surxay qəflətən özündə bu uşağa qarşı nəsə bir nifrət hiss elədi, üzünü yana çevirəndə gözü Güllü arvada sataşdı.

Güllü arvad divanda yerini rahatlayıb Surxaya elə sevə-sevə baxırdı ki, elə bil birinci dəfə üzünü gördüyü bu kişi öz doğma balasıydı. Bəlkə də o qadın bu dağınıq otaqda Surxayı öz oğluyla dəyişik salmışdı.

Surxay yenə gözlərini yumdu. Amma yuxusu qaçmışdı. Təzədən gözlərini açıb bu otağın adamlarına baxmağa da həvəsi yoxudu. Yumulu gözləriylə birtəhər özünü məşğul eləməkdən ötrü bircə çarəsi olub-keçənləri yada salmaq idi.

Görəsən, bu otağın adamlarından kim daha diridi? Yəni, atasıyla bacısından hansının keçmişi Surxaya yuxu gətirə bilərdi? Qatara minib-gedənəcən mövcud olacağı vaxtın boşluğunu nəyləsə doldurmaq lazım idi.

Atası haqqında fikirləşməyə halı yoxudu. Bu gün səhərdən-axşamacan yuxulu milçək təki gözünün qabağında o yan bu yana fırlana-fırlana harda gəldi büzüşüb canını dincəltmək istəyən o kişidən xirtdəyəcən doymuşdu.

Bəlkə Dilbər dadına çatacaqdı? Amma yox, Surxay hansısa uzaq kəndlərin birində yaşayan bacısını kefinin kök vaxtlarında yadına salardı.

Doğrudan da hərdən-hərdən Surxayın belə vaxtları olardı. Səbəbsiz-filansız, elə oturduğu ya durduğu yerdəcə qəflətən özündə nəsə bir yüngüllük hiss eləyərdi. Elə bil təpədən-dırnağacan yaşamaqdan həzz alardı. Amma sonra qarış-qarış qalxıb bədəninin çəkisini sümürən bu yad hissdən diksinib qorxardı. Elə bil o yad ruhu bədənindən çıxıb uçacaqdı. Heç yanda özünə söykənəcək tapmayıb onu da özüylə aparacaqdı. Hara?..
Onda Surxay birtəhər özünü saxlamaq, sakitləşdirmək istərdi. Hər dəfə də Surxayı bu şirin əzabdan qurtaran bacısı olardı. Yəni, Surxayın kefini alt-üst eləməkdən ötrü o qadının bircə adı belə bəs idi.

Niyə?

Surxay bu sualın cavabını bilmirdi.

Sağlığında Pərinisə arvad bir kərə də Surxaya acıqlanmadı, xətrinə dəymədi. Elə bil öz doğmaca balası deyildi, bir yad uşağıdı, hardansa ona pənah gətirmişdi. Amma deyəsən, Pərinisə arvad elə o vaxtdan bu balaca oğlunda gələcəyin ən böyük əzabkeşini görmüşdü. Doğub yarıda bilmədiyi bu uşağın ömrü boyu çəkəcəyi bəlaları qabaqcadan duymağı o arvadı bu dünyadan tez apardı. Vaxt vardı ki, gecələr hamıdan xəbərsiz azı üç-dörd kərə çarpayıdan qalxıb Surxaya baş çəkərdi, onun yuxusunu qoruyardı. Səhərlər Surxayı dərsə ötürüb günortayacan ürəyi əsə-əsə yolunu gözlərdi. Çünki Surxay günlərin bir günü dərsdən qayıtmaya da bilərdi.

Surxay böyüyüb boya-başa çatanacan Pərinisə arvad qorxu-hürkü içində yaşadı. Oğlunun fikri öz yaşını da ona birdəfəlik yadırğatdı. Bəlkə övladının dərdindən indi qəbirdə də canını dinclik tapmamışdı. Amma özündən olsaydı yəqin ki, Pərinisə arvad belə tez yorulmazdı. İşləri yarımçıq qaldı, bu dünyadan narahat köçdü. Əslində, Pərinisə arvad öz əcəlinə hələ sağlığında hazırlıq görmüşdü. Çünki, Surxayı başlı-başına qoymaq olmazdı. Pərinisə arvadı bu evdə Dilbər əvəz eləməliydi.

Görəsən, evin sonbeşiyi olan bu fağır qız Pərinisə arvadın günahını yuya biləcəkdimi? Amma borcuydu. Çünki o günahdan Dilbərin də payına düşürdü. Düz doqquz ay, doqquz gün, doqquz gecə o günah hələ onun bətnində yaşayan Dilbərin yolunu gözləmişdi.

Surxay bələklənib beşikdə yatan bu körpə bacısına saatlarla baxmaqdan doymazdı. Gözləriylə hələ dili söz tutmayan bacısının qapqara saçlarını danışdırardı.
Pərinisə arvad oğlunu qucaqlayıb bərk-bərk ürəyinin başına sıxardı: - Nədi, bacını belə çox istəyirsən? – deyərdi. Amma Surxay təkcə o ürəyin döyüntüsünü eşidərdi. O səs hələ də Surxayın qulağındaydı.

...Keç günahımdan. Sən dünyaya gələndə də qulağının aldığı ilk söz bu oldu. Yanımızda heç kəs yoxudu. İkimizdik. Rəhmətlik nənən də səni lüt-üryan o dünyadan alıb yanıma uzadan kimi çıxıb getdi. Ancaq sən onun da günahından keç. Vallah yazıq arvadın təqsiri yoxudu. Oğlundan qorxurdu, sənin atandan, belindən gəldiyin o kişidən qorxurdu. İçimizdə o kişidən qorxmayan təkcə səndin. Çünki hələ azad deyildin, elə bir bağlı yerdəydin ki, ora o kişinin nə əli çatırdı, nə səsi yetirdi. Amma yox, səsi yetirdi. Bu evdə nə olurdusa, hamısını eşidirdin. Balaca yumruqlarınla içimi-içalatımı döyəcləyirdin. Bəlkə də mənə qahmar çıxmaq istəyirdin, məni o kişinin əlindən qurtarmaq istəyirdin. Nənən birtəhər oğlunu sakitləşdirib aparardı, ancaq sən kirimək bilməzdin, vurnuxardın, çabalayardın, canımı dağıdardın. Ufuldayardım, zarıyardım, deyərdim bəlkə eşidib mənə yazığın gəldi. Nənən qayıdıb üstümü kəsdirərdi: - Səsini niyə başına götürmüsən? -deyərdi. Əslində o arvad haqlıydı. Çünki oğlu heç vaxt mənə əl qaldırmazdı. Məni ağrıdan, ağladan təkcə səndin. İçimi gömgöy eləmişdin. Soyunub atanın yanına girməyə də məndə üz qoymamışdın. Ürəyimin altında sənin ürəyin döyündüyü gündən doğulduğun günəcən atanla bir yastığa baş qoymadım.

Deyəsən, səni çətinə saldım. İndi hər şeyi əvvəlcədən olduğu kimi danışaram. Bir az səbr elə, qoy ağrım azalsın. Deyəsən, ağrımın səsini sən də eşidirsən. Ürəyimin ağrısıdı, elə döyünür ki, qəbirdə də mənə rahatlıq vermir.

Sən ölü doğulmalıydın. O kişinin bir sözü iki ola bilməzdi. Əslində, deməyə də bir sözümüz yoxudu. Nənən də, mən də o kişinin qabağında gözü kölgəliydik. Çünki sənin nənən oğlunun ayağını çöldən yığmaqdan ötrü məni zorla ona arvad eləmişdi. Atan məni də yoldan çıxarmışdı. Əslində, o kişidən ötrü kəndin bütün qızları yoldan çıxmağa hazırıdı. Zəhmiylə dağ yaran bir nəhəng kişiydi. Hər dəfə çiynimizdə səhəng bulaqdan qayıdanda qabağımızı kəsib-dayanardı. Nə bir kəlmə dinib-danışardı, nə də bir qurtum su istərdi. Amma düzünü deyim ki, bulağa hamımız təkcə o kişiylə rastlaşmaq üçün yollanardıq. Hələ dünyanın işlərindən xəbəri olmayan sütül qızlardıq. Gecələr yatmaq istəyəndə də yuxuya getməkdən ötrü bir şey fikirləşə bilməzdik. Amma o kişinin hər səhər bizi ayaqdan-başacan süzən gözləri yuxumuza o qədər şirinlik gətirmişdi ki, düz səhərəcən yerimizin içində qıvrıla-qıvrıla qalardıq. Bir səhər ayıldım ki, özgə bir evdə, yad bir çarpayıda o kişiylə qucaq-qucağa yatmışam. Qışqırıb çığırmaq istədim, çünki mən, mən deyildim. Elə bil özüm yatıb özgəni oyatmışdım. Amma sənin atan həmin gecədən səmimi də qıfılladı. Yetişib-dəymiş bir yad bədən oldum. Elə bil dünyaya təzədən gəlmişdim, anam da, atam da o kişiydi. Amma sən doğulanacan atan ayağını bulaq başından kəsmədi.

Həmin gün qapının arxasında gəzişən atanın addımlarından savayı bir hənirti yoxudu. Gərək insafla deyəm ki, o səs ağrım tutandan bizləydi. Sənin atan o gün evdən çölə çıxmadı. Sonra bütün ömrü boyu mənə nifrət eləsə də, deyəsən həmin gün sənin atan öz taleyilə barışmışdı. Bizi sən birləşdirmişdin. Amma səsin çıxmırdı. Əvvəl elə bildim ölü doğulmusan. Sən tərəfə baxmağa ürək eləmirdim. İçimi yeyə-yeyə qalmışdım. Barı insaf eləyib bir ağız ağlayaydın, mənə ürək-dirək verəydin. Qapının dalından gələn hənirti də kəsilmişdi. Deyəsən, atan da kirimişcə dayanıb sənin ağlamağını gözləyirdi. Amma sən ağlamadın. Çünki binasını qoyduğun ömründə birinci dəfəydi ki, biz səndən asılıydıq. Öz əvəzimə də, öz əvəzinə də bətnimdə səni çox ağlatmışdım, bir cana yerləşən iki dərdi tək sənə daşıtdırmışdım. Keç günahımdan, dedim, üzümü çevirəndə sənin gözlərinlə rastlaşdım. Dipdiri açılmış bir cüt bomboş, işıqsız göz idi. Görürdün, amma baxmırdın. Bilirəm, bütün ömrün boyu çəkəcəyin əzabların qabağında indidən özünü yormağa qıymırdın.

Sonra atan da içəri girdi. Mən o kişinin duruşunu ömrüm boyu yadımdan çıxara bilmədim. Sənin gözlərinin qabağında o kişi də tab gətirə bilmədi. Qəflətən elə büzüşüb cılızlaşdı ki, səni atıb öz cəlladımın köməyinə qaçmaq istədim, ona qahmar çıxmaq istədim. Yenə deyirəm, keç günahımdan, amma həmin gün sən o bir qarış boyunla bizim ikimizdən də güclüydün.

Sonra atan başını qaldırıb yazıq-yazıq gülümsündü: - Göbəyi düşüb, - dedi. Sən göbəyini hələ bətnimdə salmışdın. Bunu təkcə mən bilirdim. O kişinin hədələri gəlib qulağına çatanda qorxmuşdun, ölü doğulacağından qorxmuşdun. Amma həmin gün sən atanla ananın ilkbeşiyi oldun, dil tapıb danışa bilmədiyim o kişiylə məni biryolluq barışdırdın. İndi hər ay şəhərdən gəlib satmaq istədiyin bu evin özülü oldun. Deyəsən, birinci kərə gözünü açıb gördüyün o uçuq-sökük daxmamız sənin də yadına gəlir. Atan səni mənimlə tək qoyub getmişdi. Ürəyimdə fikirləşirdim ki, yəqin yenə hardasa bir qıraqda dayanıb bulaqdan qayıdan qızlara tamaşa eləyir. Amma qayıdıb odun şələsini çiynindən qoyanda, sobanı qalayıb pəncərənin sınıq-salxaq şüşələrinə pambıq tıxayanda, bizə sarı baxıb yazıq-yazıq, - balama soyuq olar, deyəndə başa düşdüm ki, indi belini büküb qabağımda dayanan bu adamda dünənəcən gecələr qolları arasında sümüklərim xırçıldayan o hirsli-hikkəli kişidən əsər-əlamət də qalmayıb. Sənin atan həmin gündən ayağını bulaqdan biryolluq kəsdi. Sonra sən böyüməyə başladın. Sən böyüdükcə daxmamız da əməlli-başlı ev-eşik cildinə düşürdü. İndi ucaboylu, enlikürəkli o kişi bu vaxtacan hara, nəyə xərcləmək lazım olduğunu bilmədiyi sel kimi aşıb-daşan gücünü təkcə bu evə sərf eləmişdi. İməkləyəndə dizlərin zığa-palçığa batmasın deyə evimizin qabağındakı şüşəbəndə, saatlarla pəncərədən baxdığın, gün-gündən yaşıllaşan həyətimizə görə təkcə sənə borcluydum. Sənin hesabına anan da gün-gündən dirçəlib ətə-qana gəlirdi. Çünki daha o kişinin dilindən bircə kəlmə də ağır söz eşitməzdim. Gecələr o kişiylə qol-boyun olub uzananda düz səhərəcən ürəyimdə sənə dua eləyərdim. Elə bil səni doğub özümü də səninlə dünyaya təzədən gətirmişdim. İndi kəndin bir qızına gözünün qırağıyla da baxmayan o kişinin canında qalan o böyük məhəbbətə tək yiyəlik eləyirdim. Düz səhərəcən güclü, qabarlı əlləriylə tumarlayıb-sığalladığı bədənim elə bil təzədən yetişirdi, təzədən dəyirdi. O gecələrdə sən həmişə böyrümdə olardın, hər şeydən xəbərsiz şirin-şirin yatardın. Boynumu-boğazımı tərlədən isti nəfəsindən boğulardım, dönüb səni qucaqlamaq istərdim, o arıq əllərini, əyri ayaqlarını, dənə-dənə pırtlayıb çıxmış qabırğalı bədənini, hələ bundan sonra ömrün boyu gəlib səni tapacaq dərdləri yerbəyer eləməkdən ötrü bircə barmaq da salamat yer qalmayan, elə indidən qırış içində itib-batmış sir-sifətini bağrıma basıb öpmək istəyirdim. Çünki bu böyüklükdə xoşbəxtliyə hazır deyildim: nə gücüm çatırdı, nə nəfəsim. Yəqin iniltilərim, sızıltılarım yuxularında sənin də qulağına çatırdı. Anan xoşbəxtlikdən boğulurdu oğlum, keç günahımdan, vallah-billah boğulurdu...

Sən ayaq açıb yeridiyin gün nənən öldü. Əslində yazıq arvad çoxdan, sən dünyaya gələn gündən xırda-xırda ölməklə məşğul idi. Elə ki, evimiz bir gün gördü, əvvəlcə başladı ürəyindən şikayətlənməyə, sonra da yorğan-döşəyə yıxılıb bir də qalxmadı. Deyəsən, sənin nənəni bu vaxtacan diri saxlayan oğlunun dərdiydi. Yıxılanı tuta-tuta, dağılanı yığa-yığa hamımıza dayaq olub özündən ötrü ölümü də unutmuşdu. İndi də bu evdə hər şey öz yoluna düşəndən sonra, görünür, yazıq arvad özünə gəlib bu boyda rahatçılığan dözə bilmədi.

Sonra bacın dünyaya gəldi.

Burdan o yana nə olubsa, özün öz gözünün şahidisən.

İndi ananı rahat burax.

Aç gözlərini.

Daha sənin başını qata bilmirəm.

Ürəyim yenə ağrımağa başladı.

Elə sancır ki, az qalır, təzədən diriləm.

Eşidirsən necə döyünür?

Deyəsən, eşitmirsən?

Bir də ki, necə eşidəsən? İndi mən çox uzaqdayam, bir dünya o yanda.

Surxay qəflətən diksinib gözlərini açdı. Bayaqdan bəri çəkic təki beynini döyən çaqqıltı səsi kəsilmişdi. Ağır-ağır qolunu qaldırıb saata baxdı. VAXT dayanmışdı.
Dilbər məcməyidə gətirdiyi çayı stolun üstünə qoydu. Süfrədə limondan tutmuş zoğal mürəbbəsinəcən hər nə desən var idi. Hər şeyi yerli-yerində düzülən bu yaraşıqlı süfrə divarları çatdaq-çatdaq olmuş otağa azca da uyuşmurdu. Görünür, Dilbər bu neçə vaxtı Surxayın yolunu gözləyə-gözləyə qabaqcadan işini ehtiyatlı tutub nəyə də gücü çatmasa heç olmasa açacağı süfrəni qardaşının adına yaraşdırmaq istəmişdi.
Dilbər bir doyunca süfrəyə baxandan sonra dönüb getmək istəyəndə Surxayın xırıltılı səsini eşitdi:

- Bu nə vaxtın dəm-dəsgahıdı?

Əslində, Surxay bomboş gözlərini harasa zilləyib oturduğu stula elə pərçimlənmişdi ki, tərpənənə oxşamırdı. Bunu Dilbər də hiss elədi, dinməzcə mətbəxə keçdi.

Daha oturub qala bilmirdi. Surxay bir də qolunu qaldırdı, amma bu dəfə saatına baxmadı, şişib zol-zol dayanmış damarlarına baxdı. Bütün bədəni gərilmişdi, elə bil illər uzunu damarlarıyla axan nə qədər qan vardırsa hamısı bir yerə toplanıb laxtalanmışdı, bir damla qan da hərəkətdə deyildi, axmırdı. Lap barmaqlarınacan göyərmişdi. Surxayı bir qəribə üşütmə tutdu.

Zəhrimar azar da bu vurhavurda gəlib onu tapmağa vaxt seçdi. Surxay ha fikirləşsə də özünü qızışdırmaqdan ötrü ağlına bir şey gəlmirdi. Elə bil beyninin tərpənişləri də laxtalanmışdı.

Sonra birtəhər bədəninə güc verib ayağa qalxanda hardansa qulağına bir doğma xırçıltı səsi gəldi. Görünür, sümüklərinəcən keyimişdi.

Surxay bacısının ardınca ağır-ağır mətbəxə keçdi.

Dilbər Surxayın onunla qabaq-qənşər dayandığını görəndə əvvəl karıxan kimi oldu, sonra bir balaca sıxıla-sıxıla qardaşına baxdı. Yəqin Surxay hal-əhval tutmağa gəlmişdi. O qədər adamın içində yaxşı deyil, bacı-qardaş təklikdə dərdləşəcəkdilər.

Surxay:

- Bacı, nə təhər dolanırsan, - deyəcəkdi, - sağlıq-salamaqlıqdırmı?

Bir azdan eyni şeyi Dilbər qardaşından soruşacaqdı. Sonra nə vaxtsa olduğu kimi yenə bir qırağa çəkiləcəkdilər. Deyib-danışmağa o qədər söz vardı ki...

- Əgər evinizdə varsa bir stəkan araq süz.

Surxayın səsi elə bil quyunun dibindən gəlirdi. Amma yox, qardaşının səsiydi. Dilbər bu səsi min səsin içindən seçərdi. Çünki ömrünün çoxu bu səsdən keçmişdi.

- Qardaşının bir sözünü iki eləsən gözünü çıcararam. Lap səni təpiyi altına salıb şil-küt eləsə də ağlama, üz-gözünü turşutma, qalx ayağa, ətəyinin tozunu çırp, sonra qardaşının boynunu qucaqla, üzündən öp...

Dilbər qəflətən ayılıb:

- Niyə yoxdu, Allaha şükür, hər şeyimiz var, - deyib, döndü, tələsik gedib siyirməni açdı, kişisinin bədənini ovmaqdan ötrü orda saxladığı yarım şüşə arağı çıxarıb stolun üstünə qoydu.

- Bəlkə yeməyə bir şey hazırlayım?

Surxay tərs-tərs bacısına baxıb:

- Elə yavanca içəcəm, - dedi, - stəkana süzdüyü arağı birnəfəsə başına çəkib elə o saatca damarlarının yumşaldığını hiss elədi. Qan axıb canını isidəndə Surxayın bir ürəkdən «oxxay» eləməyi gəldi. Amma bir küncə qısılıb donunun ətəyini didişdirə-didişdirə qardaşını bu halda görməkdən özünü zorla saxlayan bacısına:

- Bu şüşəni gizlət, deyib. - Dilbərin yanında içinin ləzzətini çölə çıxarmaqdan vaz keçdi.
Surxay yenə keçib öz yerində oturmuşdu. Handan-hana Əmrah kişi arxaya qanrılıb oğluna baxdı. Deyəsən, Surxay bir balaca özünə gəlmişdi. Əmrah kişi nəsə ürəklənən kimi oldu:

- İndicə bacı-qardaş özünüzü xəlvətə verib nə pıçıldaşırdız, - dedi, amma səsi elə quru çıxdı ki, elə bil bu sözləri demirdi, əzbərləyirdi.

Surxay cavab vermədi, qabağındakı stəkanı kənara itələyib üzünü mətbəxə tutdu, bacısını çağırıb:

- Gəl bu çayı təzələ, - dedi.

Əmrah kişi onun ardınca sevinə-sevinə:

- Qardaşının çayını bir az tünd elə – dedi.

Amma Surxay bacısının süzüb gətirdiyi o pürrəngi çaydan da bircə qurtum dilinə vurmadı.

Əmrah kişi hiss elədi ki, oğlu tələsir. Amma əslində özü getmək istəyirdi. Çünki gəlib bu evə düşəndən ürəyinə dammışdı ki, arvadı bu gecə yenə yuxusuna girəcək. Səhər o başdan qəbiristanlığa yollanmaqdan ötrü indidən gedib azca da olsa dincini alardı.
Qəflətən Əmrah kişi hiss elədi ki, bayaqdan bu iki balasına nəsə demək istəyir. Deyəsən, elə Surxayı birtəhər dilə tuta-tuta bacısının evinə gətirməyi də o sözü deməkdən ötrüydü. Qardaşla bacını görüşdürüb özü bir qıraqda dayanacaqdı, o sözü deyəndən sonra həm də nəsə soruşacaqdı. Darvazadan içəri keçənəcən hər şey yadındaydı. Hələ ömründə özünü bu qədər yüngül hiss eləməmişdi. Beyni elə duruydu ki, elə bil oğluyla qızına nə qədər sözü vardısa hamısı indicə deyəcəyi sözlə axıb gedəcəkdi. Onda Əmrah diksinib sözünü sonraya saxlamışdı.

Amma indi bu otağın sıxılmış havasındanmı, ya bayaqdan yeznəsiylə danışa-danışa bir kəlməsi də fikrində qalmayan söhbətdənmi, həmin o söz də beynində boğulmuşdu. Amma lap səhərəcən oturub qalmalı olsaydı belə, o sözdən azad olunmayınca yerindən tərpənən deyildi.

Əmrah lap astadan:

- Qızım, gəl bu çayı da təzələ, - dedi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG