Keçid linkləri

Təcili xəbərlər

Rusiya ÜTT-yə daxil olur! Bəs Azərbaycan?!


ÜTT-yə üzv ölkələrin nazirlərinin 8-ci toplantısı, 15 dekabr 2011
ÜTT-yə üzv ölkələrin nazirlərinin 8-ci toplantısı, 15 dekabr 2011
. Xəbər analizi

İndilər Cenevrədə ÜTT-nin (Ümumdünya Ticarət Təşkilatı) üzv ölkələrinin nazirlərinin 8-ci toplantısı keçirilir. Toplantı Rusiya və Çernoqoriyanın təşkilata üzv olması məsələsinə baxır. Toplantı ərəfəsində səslənən rəylərə görə, bu iki dövlətin üzvlüyü ilə bağlı bir problem olmamalıdır, çünki bütün problemlər ötən illər ərzində çözülüb. Xatırladaq ki, Rusiya artıq 16 ildir ki, bu təşkilata üzv olmağa can atır. Amma onun üzvlük məsələsi yalnız indi reallaşmaq üzrədir. Bəs bu vaxta qədər Rusiya nədən bu təşkilata üzv ola bilmirdi?

HƏTTA VARLILAR DA AĞLAYIR

Azərbaycan uzun müddət məşhur 907 saylı düzəlişdən əziyyət çəkirdi. Belə təsəvvür yaranırdı ki, bu əbədi olaraq belə qalacaq, çünki ABŞ Konqresində hansısa qanunu, yaxud düzəlişi qəbul etmək nə qədər çətindirsə, onu ləğv etmək ikiqat çətindir. Məsələ Konqresin ümidinə qalsaydı, həmin 907 saylı düzəlişi heç vaxt ləğv etmək mümkün olmayacaqdı. Nəhayət, prezident G.Bush öz səlahiyyətindən istifadə edərək düzəlişin qüvvəsini dayandırdı.

Bu məsələni nədən qeyd etdim? Sən demə, Rusiya da oxşar problemlə üzləşib. Ona qarşı Venik-Cekson düzəlişi tətbiq olunmuşdu. İndi Rusiyanın ÜTT – yə üzv olması üçün bu problem də həll olunmalıdır. Artıq konqresmenlər də bildiriblər ki, prezident B.Obama öz səlahiyyətlərindən istifadə edərək bunu həll edə bilər, yəni düzəlişin qüvvəsini dondura bilər. İndi müşahidəçilər bu problemi həll edilmiş sayırlar. Demək olar ki, ÜTT-yə üzvlüklə bağlı indiyə qədər davam edən ABŞ-Rusiya danışıqları uğurla başa çatıb.

Moskvada Rusiyanın ÜTT-yə üzv olmasını istəməyənlərin aksiyası, 7 iyul 2011
Moskvada Rusiyanın ÜTT-yə üzv olmasını istəməyənlərin aksiyası, 7 iyul 2011
İndi bir əsas problem qalır. Gürcüstan Rusiyanın ÜTT-yə üzv olmamasına cəhd edirdi. Hətta bir neçə dəfə Gürcüstan rəsmiləri bəyan etmişdilər ki, onlar Rusiyanın təşkilata üzv olmasına imkan verməyəcəklər. İndi Rusiya siyasətçilərinin və analitiklərinin şərhlərindən belə hiss olunur ki, artıq bu problem də özünün həllini tapıb.

İndi onlar əsas məsələ kimi müqavilənin Rusiya parlamentində ratifikasiyasını görürlər. Parlamentdə 500 səhifəlik müqavilə paketi təsdiq olunmalıdır. Bunun üçün Rusiya parlamentinə 220 gün vaxt verilir. Deməli, bu məsələ də həll olunarsa, daha heç bir problem qalmayacaq. Parlamentin məsələyə maneçilik törədə bilməsi ağlabatan deyil, çünki son seçkilərdən sonra parlamentdə qüvvələr balansı qismən dəyişsə belə, ümumi atmosfer yenə də əlverişli olaraq qalır. Cenevrədən isə nəticələri çox gözləmək lazım gəlməyəcək, çünki məsələ dekabrın 17-nə qədər həll olunmalıdır, artıq bir gündən sonra nazirlər toplantısı başa çatır.

AZƏRBAYCAN NİYƏ LƏNGİYİR?

Xatırladaq ki, Cənubi Qafqaz respublikalarından Gürcüstan və Ermənistan ÜTT-nin üzvüdür. Azərbaycanın bu təşkilatla təmasları isə çox uzun çəkdi. Əvvəl belə fərz olunurdu ki, Azərbaycanın üzvlüyünə Ermənistan mane ola bilər. Amma sonrakı dəqiqləşmələr göstərdi ki, bu, belə deyil.
Foto: Arxiv
Foto: Arxiv
Rəsmilərin öz dilindən səslənən səbəb çox lakonikdir: «Azərbaycan bu təşkilata özü üçün əlverişli statusla daxil olmaq istəyir!».

Bəli, səbəb belə izah olunur. Ölkə bu təşkilata üzv olsaydı, ticarət sferası və gömrük sistemi xeyli liberallaşardı. Burada bir məsələni qeyd etmək yerinə düşər ki, Avropa Şurasından sonra Azərbaycan digər beynəlxalq təşkilatlara üzv olmağa can atmır, sanki onlar bir nəzarətin, necə deyərlər, «dadını görəndən» sonra bunu bir daha təkrar etmək istəmədilər.

İndi ÜTT-nin 153 üzvü var. Bu ədədin daha iki vahid də artması gözlənilir. Buradan bu nəticə hasil olur ki, dünya dövlətlərinin artıq yarıdan çoxu ÜTT-nin üzvüdür! Belə vəziyyətdə Azərbaycanın tərəddüdü bir qədər süni görünür. Necə ola bilər ki, ÜTT düz 153 dövlətin maraqlarına cavab verir, amma Azərbaycanı qane etmir?! Güman etmirik ki, sualın ciddi şəkildə arqumentləşdirilmiş cavabı olsun, çünki olsaydı, indiyə qədər onu eşidərdik...

Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.

Ən son yazılan

XS
SM
MD
LG