Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:02

Quş ümidinə qalanlar


Ovçular
Ovçular
Səhər saat 5-ə qurulan saat zəngləri çağırır. Ovçular növbə ilə oyanırlar. Duran kimi hər kəs əl-üzünü yuyub, səhər yeməyini yeyib isti geyimlərini yerbəyer etməyə başlayır. Bu halda səhər yeməyi çox zaman axşamdan hazır olur ki, səhər çağı buna da vaxt getməsin. 20-25 dəqiqəyə hər kəs hazır olur. Silahlar – daha çox qoşalülə axşamdan sazlanıb hazırlanır, güllələr su keçirməyən torbalarda saxlanır. Çünki ov demək olar ki, qayıqda suyun üzərində edilir.

İsti geyim, su keçirməyən uzunboğaz ayaqqabılar, barmaqlarının ucu kəsik əlcəklər və papaq ovçuların soyuq havadakı geyimidir. Çox qalın geyinmək də olmaz. Çünki silahla rahat davranmağa mane olur və hədəfi asan qaçıra bilərsən.

DAHA ÇOX QAŞQALDAQ OLUR

Hava işıqlaşmamış, göydə hələ ay olarkən qayıq sürənlərin köməyi ilə ovçular hərəsi bir qayığa oturub gölə üzməyə başlayırlar. Adi baxışda heç kəsi seçmək olmaz. Sadəcə ay işığında qaraltılarla hiss etmək olar ki, su üzərində qayıqda hərəkət edənlər var. Gölün ortasına, quşların daha çox və asan ovlanacağı məkana çatdıqca, hava işıqlanır. Hətta göz gözü gördükcə, tüfəng səsi eşidilir. Artıq ova başlayanlar var demək. Ovun uğurlu olması hava şəraitindən asılıdır. Hava dumanlı, çiskinli olarsa, ov da bol olur. Bu da quşların daha aşağı ilə uçması ilə bağlıdır.

Ovçular bir-birindən 70-100 metr aralı məsafələrdə özlərinə qamışlıqlar arasında yer seçib gözlərini havaya zilləyir, ovlarını gözləyirlər. Bu vaxtlarda vuracaqları quş ya qaşqaldaq, ya da çöl ördəyi olacaq.
Daha çox qaşqaldaq olur, çünki ördəklər çox zaman hündürdən uçurlar. Gölün müəyyən ala-dolayı yerində qamışlıq var. Bəzən vurulan quşlar suya yox, qamışlığa düşürsə, ovu tapmaq ya çətin olur, ya da ümumiyyətlə tapılmır. Suya düşən ov isə rahat şəkildə götürülür. Qayıqçılar daşıdıqları ovçunu qalın qamışlıq olan bir yerdə saxlayır, vurulan ovu suyun üzərindən toplayırlar. Çünki suya düşən ov batmır.

İşin, yəni ovçuluğun indiki zamanda əyləncəli tərəfini bir kənara qoysaq, bunun sosial imkansızlığı ifadə edən tərəfi də var ki, bu da ovçuları daşıyan qayıqçılardır. Bəlkə də ov zamanı ən çox yorulan onlardır. Qayıqçılar daha çox yaxın kəndlərdən gəlirlər. Hətta ov mövsümündən asılı olaraq ailəsinin qazancını, çörəkpulunu bu göldən çıxaranlar da var.

«AVAR ÇƏKİB GÜNƏ 5-10 MANAT ÇÖRƏKPULU QAZANIRIQ»

Yerli əhali çox vaxt qazanc məqsədilə həm ova gəlir, həm də ovçular üçün qayıq sürüb pul qazanırlar. Kənar rayonlardan isə gələnlər daha çox işgüzar həftəsonunu daha maraqlı keçirmək üçün gələnlərdir. Bakıdan da bura ova gələnlər az deyil. Aralarında satıcı, avtomobil ustası, bank işçisi, iqtisadçı da tapmaq olar. Şəhər həyatının səsli-küylü iş günündən sonra sakit aran gölündə quş ovlamaqla həftəsonu keçirənlər
çoxdur.

Ancaq gölün yerləşdiyi ətraf kəndlərdən qayıq sürməyə gələnlər gündəlik qazanc dalınca gəlirlər bura. Bir ovçunu gün ərzində qayıqla suda gəzdirmək 10-15 manatdır. Kənardan ovçular az gələn vaxtlarda qayıq sürənlərin çoxu özləri quş ovlayıb yol kənarında, rayon mərkəzindəki bazarlarda satırlar.

Artıq 25 ildir həm ovçuluq, həm də ovçulara qayıq sürüb çörəkpulu qazanan Zakir (ad şərtidir) dayı bu gölün hər üzünü görüb: «Saat 5-də gəlirik. Ovçuluq saat 6-da başlayır. Güllən çoxdursa, axşama qədər, hava qaralana kimi ovlamaq olur. Bu işlə məcburiyyət qarşısında məşğul oluruq. Başqa daha gəlirli, daimi işimiz olsaydı, məşğul olardıq. Əlacsızlıqdan gəlib, qayıqda avar çəkib günə 5-10 manat çörəkpulu qazanırıq».

Üç övlad atası Zakir dayının evləndirməli oğlu, köçürməli qızı var. Ancaq hər səhər «sabah bəlkə qəfil bir iş oldu, dünya düzəldi, ağgünə çıxdıq» deyib qayığı daha dərinə, quşlar daha çox uçuşan əraziyə sürməyə başlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG