Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:07

Dini ədəbiyyat satmaq niyə cinayət əməlidir?


Qanunsuz dini material yayanlar 7 min manata qədər cərimələnəcək, 5 ilədək həbs ediləcək

Qanunsuz dini ədəbiyyatın yayılmasına görə cərimələrin 400 manatdan 7000 manata qaldırılması, həm də bu əməl üçün həbs cəzasının əlavə edilməsi heyrət doğurur. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM) Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə son dəyişikliklə bağlı rəyində bunu bildirib.

Rəydə qeyd olnur ki, İnzibati Xətalar Məcəlləsində (İXM) olan 300.0.1 və 300.0.2-ci maddələr ordan çıxarılıb birləşdirilərək 167-2-ci maddə kimi Cinayət Məcəlləsinə daxil edilib.

400 MANAT ƏVƏZİNƏ 7000 MANAT VƏ HƏBS?

Əvvəllər İXM-də olan maddələrə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini təyinatlı və dini məzmunlu ədəbiyyatın, həm də digər əşyaların yayılmasına görə vətəndaşlar 200 manatdan 400 manatadək cərimə edilirdilər.

Lakin yeni dəyişikliyə görə, bu iki maddə İXM-dən çıxarılaraq ayrıca maddə kimi Cinayət Məcəlləsinə daxil edilib. Və yeni maddəyə görə, eyni məzmunlu əmələ görə 5000 manatdan 7000 manatadək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyənləşib.

167-2.2.ci maddəyə görə, əgər eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə, yaxud təkrarən törədilərsə, ya da vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək cərimə və ya 2 ildən 5 ilədək həbs cəzası kəsilir.

DEVAMM hquqşünasları hesab edirlər ki, cəzanın əsassız olaraq bu dərəcədə ağırlaşdırılmasına dünya hüquq praktikasında rast gəlinmir.

ƏDƏBIYYAT YAYMAQ İCTİMAİ TƏHLÜKƏLİ ƏMƏLDİRMİ?

“200 manat cərimə tətbiq edilən bir əməl heç bir əsas olmadan 5 ilədək həbs kimi son dərəcə ağır cəza təhdidi ilə cinayət əməli elan edilir. Bu əməlin ictimai təhlükəliliyi nədədir? Təqribən 1 ilə yaxın idi ki, İnzibati Xətalar Məcəlləsinə bu maddə ilə bağlı dəyişiklik edilmişdi. Bu 1 il ərzində nə qədər cərimələr tətbiq edildi, nə qədər “kütləvi pozuntu halları” fiksə edildi ki, birdən-birə belə ağır cəza ilə qərarına gəlindi?!”

DEVAMM açıqlamasında qeyd olunur ki, adətən, bir əməl üçün nəzərdə tutulan sanksiya effekt vermədikdə, onun sərtləşdirilməsi təklif edilir. Lakin bu müddət ərzində dini ədəbiyyatın və dini əşyaların satışına görə cərimə ya heç tətbiq edilmirdi, ya da tək-tük hallarda olurdu.

“Belə olan halda, niyə birdən-birə belə qərar verilir ki, bu əməlin qarşısını almaq üçün misilsiz sərtləşmə, ağır cəza tətbiq edilməlidir? Dini ədəbiyyatın və dini əşyaların satışı hansı amillərə əsasən cinayət tərkibli əməl hesab edilib? Belə çıxır ki, dini ədəbiyyat və dini əşyalar özlüyündə o qədər təhlükəli predmetlərdir ki, bunların sadəcə icazəsiz satışı artıq 5 ilədək azadlıqdan məhrum etmək kimi ağır cəza təhdidi ilə qadağan edilir”.

DİNİ SAHƏYƏ GƏLƏNDƏ, HÜQUQ QAYDALARI POZULUR

DEVAMM hesab edir ki, dini ədəbiyyatın bu zərərliyi hansısa araşdırma və tədqiqatlara əsaslanmır. Çünki dini əşyaların satışı ilə sosial ədalət pozulmur və bu, elə ağır cinayət deyil ki, insanları cəza təhdidi ilə bu əməli törətməkdən yayındırmaq lazım gəlsin.

“Hər hansı əməlin ictimai təhlükəsi olmayanda qanunverici bunu inzibati tənbehlərlə qadağan edir. Dini sahəyə gəldikdə isə tamamilə qərəzli və əsassız bir mövqenin sərgilənməsinin şahidi oluruq. Bu, hüquq məntiqinə, qanunvericilik məntiqinə tamamilə zidd məsələdir”.

Təşkilatın rəyində tövsiyə edilir ki, hökumət gələcəkdə ağır nəticələrə gətirib çıxara biləcək bu səhvi düzəltmək üçün zəruri addımlar atsın.

“KOMİTƏ ÖLKƏYƏ GƏTİRİLƏN HƏR BİR DİNİ MATERİALA RƏY VERİR”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu məsələdə səlahiyyəti yalnız dini nəşrlərə rəy verməkdən ibarətdir. Komitənin təmsilçisi Nahid Məmmədov deyir ki, bəzən Azərbaycana kütləvi şəkildə dini materialların gətirilməsinə cəhd olunur. Lakin Dövlət Gömrük Komitəsi tərəfindən bu cür cəhdlərin qarşısı alınır.

“Komitənin ekspertiza şöbəsi dini ədəbiyyat, əşyalar və digər materialların yayılması, idxalı və nəşri ilə bağlı rəy verir. Dini ədəbiyyatların qanunvericiliyə uyğunluğu yoxlanılır. Əgər onların dini qarşıdurmaya səbəb olacağı aşkarlanmasa, nəşrinə icazə verilir”.

HEÇ BİR MƏZHƏBƏ, TƏRİQƏTƏ QADAĞA YOXDUR

N.Məmmədov deyir ki, ədəbiyyatların yoxlanılması hansısa bir dinə, məzhəbə, təriqətə, yaxud cərəyana qadağa qoyulması demək deyil. İstənilən dini konfessiya nümayəndəsi Dövlət Komitəsinə müvafiq nümunə ilə bağlı müraciət edərək öz rəyini ala bilər.

HƏR İL 2 MİN DİNİ MATERİALA RƏY VERİLİR

İl ərzində Dövlət Komitəsi 2 minə yaxın dini ədəbiyyata rəy verir. Bəzən rəqəm daha böyük olur. Nahid Məmmədov bildirir ki, bu məsələdə rəylərin çoxu müsbət olur, çox az sayda ədəbiyyata mənfi rəy verilir:

“Elə ədəbiyyat olur ki, məzhəblərarası qarşıdurma, digər dinlərə qarşı dözümsüzlük yayır, dünyəvi dövlət sistemini inkar edir. Belə nəşrlər qadağan edilir”.

Komitə təmsilçisinin dediyinə görə, bu cür nəşrlər Azərbaycan demək olar bütün ölkələrdən gətirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG