Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22
- Baxdım ki, gözümün içi saralıb, getdim analiz verdim. Cavabında hepatit C virusu çıxdı.

- Ciyərinizdə ağrılar var idi?

- Yox, ağrılar hiss olunmur. Müalicəyə Bakıda başladıq. Birinci dərmanlar verildi, sonra da iynə. Bir dənəsinin qiyməti 197 manatdır.

Rahib Əliyev 7 aydır ki, qaraciyər virusundan müalicə olunur. Deməsinə görə, virusu həkimlər tez müəyyən etsələr də, pulu olmadığından müalicəyə 3 ay gec başlamalı olub. Rahib Əliyevin həyat yoldaşı Nazimə Əliyeva deyir ki, analizlər və müalicə çox bahadır:

MÜALİCƏ ÜÇÜN KİMİ OĞURLUQ EDİR, KİMİ DƏ KREDİT GÖTÜRÜR…

«Sarılıqdan sonra müayinə olunduğum aparatdan bilindi ki, ciyər çox böyüyüb. Analiz verdik, təsdiqləndi ki, C virusu var bunda. Analiz çox bahadır. Müalicələr çox bahadır. İlk üç ayı iynəni 200 manata aldıq, sonrakı 3 ayı 197 manata. Hər həftə iynənin biri vurulmalıdır. Hüceyrənin sayına görə vurulur. Bu həftənin 1-ci günü iynə vurulubsa, gələn həftənin 1-ci günü nə olur olsun mütləq vurdurmalısan. İmkanımız çatmırdı. Ayda təkcə 800 manat iynəsi eləyir. Hər ay 500 manat isə bunun analizlərinə gedir. Mən müraciət elədim, dedilər heç kömək yoxdur. İki bankdan kredit götürdük, maşınımızı satdıq. Hələ də müalicə davam edir. Bir xəstə var idi, and içdilər ki, iynəni almaq üçün qardaşı oğurluq edib. Məcburdur, iynənin həftəsi çatanda nə olur-olsun vurulmalıdır».

Nazimə Əliyeva deyir ki, heç olmasa, müayinələr dövlət hesabına aparılsa, hamı müalicə olunar və belə xəstələr çoxalmaz. Nazimə Əliyeva müalicə zamanı üzləşdikləri problemlərdən də danışır. Deyir ki, dərmanı Bakıdan baha almaqla yanaşı, onun gətirilməsi də həm vaxt, həm də əlavə pul tələb edir:

ƏYALƏT XƏSTƏLƏRİNİN ƏLAVƏ ÇƏTİNLİKLƏRİ…

İradə Dəmirova

İradə Dəmirova

«Mənim yoldaşıma alınan dərmanın adı «Pegasus»dur. O iynə də Gəncədə yoxdur, onu da soyuducuda gətirmək lazımdır. Buzda «pakopka» elətdirirdik. O iynə ampulada olmur, şprisin içində olur, 1 dərəcə isti görsə, keyfiyyəti ölür. İynəni almaq bir kənara, onu aparmaq da çətindir. Rayonlular alıb apara bilmirdilər».

O deyir ki, hepatit C virusu daşıyıcısı olan ərinin cəmi 6 aylıq müalicəsi 8-10 min manata başa gəlib.

Gəncə şəhərinin baş infeksionisti İradə Dəmirova da deyir ki, son vaxtlar hepatit C virusuna yoluxanların sayı artıb. Hepatitdən müayinə olunan xəstələrin təqribən 15 faizində məhz hepatitin C növü aşkarlanır. Həkim bunun ilkin səbəbinin miqrasiya olduğunu deyir. Düşünür ki, insanlar arasında maarifləndirmə işi də aparılmalıdır:

«BƏZƏN BU XƏSTƏLİK GİZLİ GEDİR»

«Xəstədə ümumi halsızlıq, iştahasızlıq olur. Bəzi xəstələrdə qaşınma, qızdırma və sair olur. Bəzən də heç bir əlamət olmadan gizli gedir bu xəstəlik».

İradə Dəmirova hesab edir ki, hepatit C virusundan əziyyət çəkən xəstələrin ancaq 40 faizinin sağalma imkanı var. Həkim bunu müalicənin çox baha olması ilə əlaqələndirir:

«Dərman İsveçrənin dərmanıdır. Bütün dünyada qəbul olunub. İstər Avropa, istər də Şərq hamısı ondan istifadə edir. Dövlət tərəfindən adi bir xəstə üçün belə kömək ayrılmayıb. İndi hepatitə yoluxanların 10-15 faizi C-yə tutulur. Artıb xəstəlik».

Foto: Arxiv

Foto: Arxiv

Həkim ekspert Adil Qeybulla deyir ki, bu xəstəliyin müalicəsi üçün dövlət proqramının olması zəruridir. Ekspert xəstələrə yardım üçün çıxış yollarından danışır:

«DÖVLƏT PROQRAMINA EHTİYAC VAR...»

«Hepatit C virusu qaraciyərdə inkişaf edən virusudur. Bu virusun hələlik keçmə yolu qanladır. Qanköçürmə proseduralarında hepatit C-nin yolu yüksəkdir. Müalicə nə qədər erkən başlasa, o qədər yaxşıdır. Gec olanda, virus müalicəyə tabe olmur. Xəstəliyin müalicəsi zamanı «Alfa 2» preparatından istifadə olunur. Həftədə 1 dəfə vurulur xəstəyə. Onunla yanaşı, müxtəlif cür müalicə də aparılır».

Adil Qeybulla sığorta təbabəti yolunu başqa bir çıxış yolu hesab edir. Düşünür ki, belə olarsa, müalicə daha ucuz başa gəlir.

«Hepatit C-nin sayı artır, dövlət dəstəyi lazımdır. Azərbaycan səhiyyəsinə ayrılan vəsaitin müəyyən hissəsini bu xəstələrin müalicəsinə xərcləmək olar».

Şərhləri göstər

XS
SM
MD
LG