Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:43
NƏRMİN KAMAL "OXU ZALI"NA YAZIR.
VYANA KİTAB SƏRGİSİNDƏ ALINAN SONUNCU MÜSAHİBƏ


Almaniyada yaşayan, kitabları orada nəşr olunan türk yazıçı çoxdur. Avstriyada isə hələlik yalnız Seher Çakırdır.

1971-ci ildə İstanbulda doğulub, 1983-cü ildə ailəlikcə Vyanaya köçüblər.

Onun hekayələrinə Vyanada çıxmış “İçimdəki əcnəbi” (1999) “Sənin dilin mənim dilim deyil” (2002) adlı Avstriyada yaşayan immiqrantların əsərlərindən ibarət almanaxlarda rast gəlmək olar.

Münxendəki Almandilli Poeziyanın Milli Kitabxanası 2003-cü ildəki “VI Seçilmiş əsərlər” kitabına onun da şeirlərini daxil edib.

2004-cü ildə Seher Çakırın türkcə-almanca şeir kitabı Vyanada nəşr olunub, 2009-cu ildə isə hekayə kitabı. Bu müsahibədə o, Avstriyada yazar kimi meydana çıxmaq təcrübəsini bizimlə bölüşür.



- Təsəvvür edin, sizi uşaq ikən bir ölkədən başqa ölkəyə aparırlar, kültür şoku yaşayırsınız, bir az da həssassınızsa, axırda ya rəssam olursunuz, ya da yazar olursunuz... Məndə də elə oldu. 12 yaşımda Vyanaya köçdükdən sonra daha çox yazmağa başladım.

- Avstriyada türk yazıçı olmaq nə deməkdir?

- Əvvəlcə onu deyim ki, avstriyalı olmadığınız zaman Avstriyada yayımlanmaq asan deyil. İndi əvvəlkinə baxanda yollardakı daşlar azalıb. Amma mən ilk dəfə yayımlanmaq istəyəndə çox gənc, sadəlövh bir qız idim. O zaman əsasən qadınların əsərlərini nəşr edən bir nəşriyyata zəng etdim, dedim ki, hekayə yazıram, yazılarımı yayımlatmaq istəyirəm. “İlgimizi çəkməz” dedilər, telefonu qapatdılar. Amma düşünürəm ki, adım alman adı olsaydı, hekayələrimi oxumadan, məni tanımadan belə deməzdilər. Deyərdilər ki, ora get, bunu et, özünü inkişaf etdir. Mən Avstriyada böyümüşəm, təhsili alman dilində almışam, hekayələrimi alman dilində yazıram. Amma Vyanada ilk dəfə türk dostların açdıqları “Öneri” dərgisində yayımlandı şeirlərim və reportajlarım... Avstriyada bir qəzetçi olaraq da karyera qurmaq istəmişdim. Türkiyədən gələnlər üçün bu da çətin idi.

Son beş ildə bir az irəliləmə oldu bu sahədə, yəni indi bizi də insan olaraq görməyə başlayıblar. O zamana qədər xarici kökənli insanlar, yəni bizim haqqımızda yazılırdı, amma biz yazmazdıq. Sadəcə “Bir türk bir adamın çantasını oğurlayıb”, “Bir yuqoslav birisini öldürüb” – yazırdı qəzetlər. Son zamanlarda bir neçə dostun çalışmasıyla, sağ olsunlar, inkişaf var. Amma mənim ilk sınadığım zamanlarda bu, mümkün deyildi. Bir dəfə “More colour in the media” (Mediada rəngarənglik) adlı proqramla işləyən bir qəzetə getdim. O zaman bir illik media yapımçısı məktəbi bitirmişdim. O qəzetdə mənə verilən mövzular “baş örtüyü”, “bir məsciddə yanğın olub” kimi həp mənim kökənimlə bağlı mövzular idi. Mən hər hansı mövzu haqda yazmağa getmişdim, onlarsa məni bu mövzu daxilində görürdülər. Məndən klişelər gözləyirdilər, özümü çox təzyiq altında hiss edirdim. Onların istədiyi kimi yaza bilmədim. Olmadı.

iki ölkənin dəyərlərilə böyümüşəm, mənim üçün Milad bayramı da önəmlidir, çünki necə deyərlər, “party is a party” (şənlik şənlikdir), eyni dərəcədə şəkər bayramı da önəmlidir. Amma burada türk kökənlisənsə, hələ də türklərlə
Seher Çakırın posteri Vyana Kitab Sərgisində "Exil" nəşriyyatının stendində

Seher Çakırın posteri Vyana Kitab Sərgisində "Exil" nəşriyyatının stendində

bağlı müəyyən mövzuları işləmək məcburiyyətində qalırsan...

- Bəs sizin mövzularınız nədir?

- Mənim mövzularımda təbii ki, Türkiyə var, amma yalnız Türkiyə deyil. Mənim mövzularım özgürlük, insanın özgürlüyü, cinsi özgürlük, bir yeri atıb başqa yerə getmək, istədiyin kimi yaşamaq özgürlüyü... “Gediş” adlanan hekayəmdə iki adamın hekayəsi danışılır. Bir qadın qocalıb, yaşlılar evindədir. Avstriyada tipik türk dediyin zaman hər kəs pula görə işləmək üçün bura gələn adam başa düşür. O yaşlanmış qadın isə zamanında basketbolçu imiş, Avropa turuna çıxarkən bir kişiyə deyil, Vyana şəhərinə aşiq olmuş, hamilə halında, Türkiyədə durumu çox yaxşı olan ərini tərk etmiş, uşağını Vyanada, imperatriça Sisi Elizabetin şəhərində böyütmək istəmiş, Vyanaya köçmüş. Amma o yeni doğulan qız da buranı heç sevməmiş, onun da könlü Parisdəymiş!

Yəni insanlar hər zaman gəzirlər, gedirlər, gəlirlər. Bizim ailəyə baxanda mənim anamın nənəsi Gürcüstandan gəlib Türkiyəyə... İndi mənim qızım İngiltərədə oxumaq istəyir, orada tutalım, bir afrikalı ilə tanış oldu, getdi tam ayrı bir ölkəyə daimi yaşamağa, - normaldır, insanın belə bir azadlığı olmalıdır.

- Sizin sarı üzlü bir kitabınızı gördüm, adı necə idi? O kitabın nəşri necə baş tutdu?

- Avstriyanın ədəbiyyat yarışmalarından birini uddum. O qalibiyyət mənə çox qüvvət verdi. Əlinizdə “Exil” nəşriyyatının broşürü var, o nəşriyyatın 2004-cü ildə keçirdiyi ədəbi yarışmada ikinci olmuşam. Ona qədər müxtəlif almanaxlarda hekayələrim və ayrıca şeir kitabım çıxmışdı burada. Amma tamamı özümə məxsus ilk hekayələr kitabımın nəşri o ədəbi yarışmadan sonra mümkün oldu. Kitablarımın adlarını türkcəyə çevirsək, biri “Çərşənbə şeirləri”, o biri “Əlli altıncı qadına limonlu piroq” kitabıdır. Siz mənim son adını çəkdiyim kitabımı görmüsünüz.

- Avstriyada yazıçı türk qadınlar yoxdur sizdən başqa, belə eşitdim...

- Hələlik Avstriyada almanca yazan türk yazarlar yoxdur məndən başqa, amma yaxın illərdə olacaq. Buna mənim kitabımı çap edən “Exil” nəşriyyatı şərait yaradıb. Bu nəşriyyatın təşkil etdiyi “Mədəniyyətlər arasında yazı” ədəbi yarışması yabançı kökənli insanları kəşf etmək istəyən yarışmadır. Fərqli mühitdən, fərqli milliyyətdən olanların yazılarını qəbul edirlər yarışmaya. Hər il ora qatılan almandilli türklər olur, gələcək on ildə bir neçə türk kökənli yazar meydana çıxacaq burada. Mən “Exil” yarışmasını üçüncü cəhdimdə qazanmışam...

- Qalib gəlmiş hekayəniz nədən bəhs edir?

- Bir az klişelərlə oynayan hekayə idi. Bilirsiniz, Avropaya çıxan türklər adətən kasıb ailələr olur, çünki zəngin nədən yerini tərk etsin, yeni bir həyat qurmağa çalışsın, qürbətdə əziyyət çəksin ki!? Və o kasıb bölgələrdən Avstriyaya gələnlər də təhsilsiz insanlardır. O insanlar milli kimliklərini itirməmək üçün Avropada ikən Türkiyədə olduqlarından daha çox özlərinə
Seher Çakır və Nərmin Kamal (sağda)

Seher Çakır və Nərmin Kamal (sağda)

sarıldılar və nəticədə geri qaldılar. Milli kimliklərini qorumaq üçün türkləşməyə mən saxta türkləşmə deyərdim. Bu insanlar burada çox qəddar hərəkətlər etməyə başladılar, bunlardan biri qızını “almana deyil. türkə ərə gedəcəksən” deyə, məcburən türkə ərə verdi. Amma qız heç istəmirdi və mən bu qızı tanıyırdım. Onu Türkiyəyə aparıb orada öldürdülər. Bu hadisə olanda mənim 16 yaşım vardı. Onu hekayələşdirdim, adını “Hannanın məktubları” qoydum. Orada qız söyüşcül bir dillə Hanna adlı alman rəfiqəsinə Türkiyəyə məcburən aparıldığını, oradakı kəndi təsvir edir. Mənə sancı verən bir hekayədir...

- Hekayə kitabınızın tirajı nə qədərdir?

- Min ədəd. Çünki “Exil” – ilk basamak yayın evidir. Yazarlar orada debüt edir, o nəşriyyatın məqsədi yazarı kəşf etmək və oradan daha böyük nəşriyyatlara göndərməkdir. Bolqar Dmitri Dinev bu yarışmanı məndən 5-6 il əvvəl üçüncü yeri tutaraq qazanmışdı, indi çox irəlilərə getmiş bir yazardır, yeri gəlmişkən, onun kitablarını çox tövsiyə edirəm, xüsusən “Mələk dili” kitabını.

- Avstriyada böyük nəşriyyatlar bir yazarı nəşr etmək üçün onda yaxşı yazı qabiliyyətindən başqa nə arayırlar?

- Gerçəkdən ilgi çəkəcək hekayət olmalıdır. Məsələn, indi mən türkiyəli xanım olaraq erotik anlamda yaşadıqlarımı yazsam, onu dərhal nəşr edərlər.

- Bu dəqiqə burada bestseller olan kitab hansıdır?

- Vampir kitabları indi dəbdədir, səhərdən axşama qədər mən səni yeyərəm, qanını içərəm... Fentezi, vampir və porno mövzularının niyə bestseller olması məlum məsələdir. Adını çəkməyəcəm qadının, neçə kişilə yatdığını anladır. Yaşlı bir qadın var, 60 yaşdan sonra orqazm olduğunu anladır. Təbii ki, erotika yazmaq olar və gözəl də olar, amma onlar kimlərə girdi, neçə santim girdi, harasını tutdu, harasını buraxdı, belə şeylər yazırlar. Mən bunları ədəbiyyat saymıram, fəqət bunlar bestseller olur. Bunlar hər zaman çox satılıb, satılır və satılacaq. Mən yaxşı satılmaq istərim, amma ən yaxşı deyil.

- Avstriyada on beş-iyirmi il yaşayan türklərin alman dili öyrənməməsindən şikayət edirlər burada bəzi alman tanışlarım. Onlar deyirlər ki, belə adamlar adicə marketdə alış-verişdə dialoqa girə bilməyib problem yaradılar yerlilər üçün.

- Bu çox çətin məsələdir. Əvvəlcə onu deyim ki, bu doğrudur. Yanlış deyil. Amma! Avstriyalı insanlar bunu deyərkən türkiyəli insanları ittiham edərək söyləyirlər. İlk baxışdan elə də görünür. Lakin məncə, hər iki tərəfdə günah var. Avstriyalılar ilk türk fəhlələri bura gətirdikləri zaman onların adını
qoymuşdular “qonaq fəhlə”. Qonaq işçi! Amma qonaq işləməz ki! Gətirib bunlar üçün ayrıca baraklar qurdular. Orada bu türk işçilər yatdılar, işlədilər, yatdılar, işlədilər. Heç bir şəkildə alman mühiti ilə kontakta girmədilər, alman dili gərək olmadı, öyrətmədilər. Şefləri onlara nə öyrətdisə, həmin bir neçə sözü öyrəndilər. Sonra ailələrini, uşaqlarını Türkiyədən gətirtdilər. İkinci nəsil alman dilini öyrəndi. Yəni tam da avstriyalıların dediyi kimi deyil. Avstriyada qırx ildir ki, Türkiyədən köçmənlik yaşanır. Yalnız son beş - on ildə avstriyalı siyasətçilər “Aaa, burada fərqli insanlar da var ki! Gəlin onlarla bir az maraqlanaq” dedilər.

Gerçək budur ki, ilk gələn türkiyəli insanlar artıq təqaüd yaşındadırlar, onlar çox qocadırlar, dükana getmirlər ki, dialoqda da çətinlik çəksinlər. Onların uşaqları almancanı öyrəndi. Almanca bilməyən, uzun illərdir burada yaşayan türklər var, təbii ki, yox deyil. Amma... mənim bir misalım var, qoy onu deyim, Türkiyədə yeni bir evə köçsəniz, qonşu əlinə bir şirni, ya yemək, ya çay tutub gəlir, “xoş gəldin” deyir, Avstriyada isə yeni evə köçdüyünüzdə, avstriyalı qonşular sənin gəlib “mən gəldim” deməyini gözləyirlər. Türkiyə ilə avstriyalılar arasındakı münasibət belə başlandı. Belə də bitdi. Nə avstriyalılar gəlib “xoşgəldin” dedilər, nə də türklər gedib “mən gəldim” dedilər. Millət hələ də gözləyir.

- Vyanada türklərin “20-ci Vyana”-da yaşadıqlarını eşidib ora getdim, türklər orada getto kimi yaşayırlar. Ərzaq mağazaları, bazar, geyim alacaqları dükanlar evlərinin düz yanında. Bəlkə də şəhərin ümumi alış-veriş mərkəzi olan küçələrinə işləri düşməsin deyə. Orada küçədə çoxlu başı örtüklü qadınlar gördüm...

- Həqiqəti görmüsünüz. 16-cı Vyana da var elə bir yer. Dediyim kimi, 40 il öncə gələn nəsil artıq qocaldı. O ailələrdən bəziləri oxumağın nə olduğunu bilmədikləri üçün uşaqlarının oxumasına izn vermədilər, bəzilərinin isə uşaqları buna qarşı çıxaraq oxudu, bəziləri izn alaraq oxudu. Yəni yaxşı təhsil görmüş, yerini tutmuş türklər də var Vyanada. Mən təkcə yazarlıqla məşğul olmuram, yazarlıqla yaşayış pulu qazanmaq çətindir. Eyni zamanda türkiyəli xanımlara Vyanada iş tapmağa kömək edən bir proyektdə işləyirəm. Bu proyekt çərçivəsində gündə altı-səkkiz türk qadınıyla görüşürəm. Bu səkkiz qadından ikisi-üçü almanca bilir. Qalanı yox. Türkiyədə də təhsil görməyib, burada da. Tək dərdi yemək bişirmək, uşaq böyütmək.

Qadına deyirəm ki, alman dili kursunuz necə gedir. Cavab verir: “Ya işte anlamıyorum ki”. Nədən? Deyir: “Benim beynim çok dolu”. Tənbəllikdən! Dediyim kimi, hər iki tərəfdə günah var. Avstriya, sən bunlara başlanğıcda təhsil vermədin, dil öyrətmədin, burada dilsiz də yaşamağın mümkün olduğunu öyrəndilər, indi də gec oldu. Qadınlar düşünürlər, onsuz da türk dükanında işləyəcəyəm, niyə almanca öyrənim ki.

- Son beş ildə burada xaricilərin vəziyyətinin yaxşılaşdığını deyirsiniz. Yəni bu yaxşılaşma avstriyalıların münasibəti deyil, Avropa Birliyinin sizə münasibətidir, eləmi?

- Mən də elə düşünürəm. Əvvəl çox çətin idi. Üstəlik, kulinarik həsrətimiz də vardı. 25 il əvvəl mən uşaq olanda, Vyanaya ilk gəldiyim vaxtlarda burada yalnız bir türk fırını vardı, orada Ramazandan Ramazana pide ala bilirdin, indi isə burada hər küncdə türklərin supermarketi var, heyvası, ənciri, narı...

Günün bütün mövzuları

XS
SM
MD
LG