Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:36
Aida Kasymalieva bu yay 5 yaşlı qızı Bermeti Qırğızıstandan Moskvaya gətirib. Qızı Bişkekdə nənə-babası ilə yaşayırmış. O, qızının Rusiyada gördükləri, duyduqları barədə AzadlıqRadiosunun Qırğız xidmətinə yazıb:

«Domodedova aeroportu. Bermet gəlib çatdı. 17 kq-lıq bir xoşbəxtlik yenidən mənimlədir.

- Ana, biz indi rusiyalıyıq, eləmi?
- Niyə elə deyirsən?
- Axı, biz Rusiyadayıq.
- Yox, biz Rusiyalı deyilik.
- Onda biz niyə yaşamağa bura gəlmişik? Burda nə qədər rus var, ətrafa baxsana!
- Hə, Bişkekdəkilərdən çoxdur. Biz ona görə burdayıq ki, mən burda işləyirəm. Biz qırğızıq.
- Aha, anladım. Ruslar Bişkekə gedirlər, biz də bura gəlirik. Biz yerimizi dəyişirik. Bu, oyundur.

O, qatarda hər qırğız gördükcə bunu təkrarladı və özünə yeni bir əyləncə tapdı: Qatarda gördüyü qırğızları saymağa başladı. Biz ötdüyümüz 7 stansiyada 300 qırğız mühacir saydıq».

Aida Kasymalieva yazır ki, yaşamaq üçün Moskva ətrafında Balaşikxada ev tutub. Burdan şəhər mərkəzinə getmək üçün 55 dəqiqə avtobusla, sonra isə 40 dəqiqəlik qatarla yol getmək lazımdır. Əgər yolda tıxaclar olardısa, vaxt daha da uzanardı.

Aida Kasymalieva deyir ki, onların yaşadığı ərazidə gənc ailələrin qaldığı yeni tikilmiş binalar var. Günlərin bir günü o, qızını da götürüb gəzməyə çıxıb:

«ONLAR SADƏCƏ ÜZLƏRİNİ ÇEVİRDİLƏR»

«Mənim ünsiyyətcil qızım həyətdə gördüyü anaları dostcasına salamladı. Amma əvəzində qadınlar sadəcə üzlərini çevirdilər, qıza heç bir əhəmiyyət vermədilər.

O axşam biz evə pərt halda qayıtdıq. Həftə boyu o, tək oynamağa alışdı və artıq küçədə gördüyü hər adama salam vermədi.

Banan yeyən bir kişini görəndə o da banan istədi. Bunu eşidən həmin adam qızın üstünə bağırdı: «Hə, banan yeyirəm, amma bu sənlik deyil».

Özümü saxlamağa cəhd göstərdim. Amma həmin axşamı Twitterdə yazdım ki, bu barədə danışmaq istəmirəm, amma Bermetin gəldiyindən sonra anlayıram ki, biz burda yalnızıq, fərqliyik. Kimsə təbəssümlə baxmır. Analarının nifrəti uşaqlara da keçir».

Aida Kasymalieva yazır ki, Bermet həyətdə yenidən özünə dost tapmağa cəhd göstərib. Ancaq qızlar onu rədd edib, anaları isə öz uşaqlarını Bermetdən uzaqlaşdırıblar:

««Onlar mənimlə oynamırlar», Bermet kədərlə dedi. «Mən Bişkekə qayıtmaq istəyirəm, öz dostlarımı istəyirəm».

Sanki göy yerə gəlmişdi, Planet orbitindən çıxmışdı, sonsuzluğa qərq olmuşdu. Həmin anda hiss etdiklərim bu idi».

«TACİKLƏR»

Aida Kasymalievanın məqaləsində yazdığına görə, uzun müddət qızını inandırmağa çalışıb ki, o, özünə burda da dostlar tapa biləcək. O, deyir ki, qızı rus dilində ondan da yaxşı danışır və Bişkekdə çoxlu etnik dostları var:

«Bir gün hər bir uşaq meydançasına baxdıqdan sonra evimizə yaxın bir yerdə dayanmağa qərar verdik. Ətrafımız bizim yad olduğumuzu ifadə edən baxışlarla dolu idi.

Bermet skamyada oturub yan-yörəsini süzməyə başladı. Skamyaların birində olanlar qafqazlı idi, rus dilində danışmırdılar. İkinci skamyada rus qadınlar oturmuşdu.

Növbəti gün yaşlı qadınların oturduğu skamyada bir boş yer görüb yaxınlaşdım. Qadınlardan biri məni acıqlı baxışlarla süzüb taciklər barədə bərkdən danışmağa başladı. O deyirdi ki, taciklər bütün gecəni çığırırlar, «üfunətli ədyallarını balkondan asırlar». Elə bilmişdi ki, mən tacikəm.

Burda həqiqətən də özbəklər yaşayırdı. Əməkçi emiqrantlar idilər. Amma burda tacik yox idi.

«ÇUŞKA»LARLA DOLU HƏYƏT

Bir dəfə mən su kəmərindən işçi çağıranda ünvanı izah etməyə başladım. O dedi ki, mən «çuşka»larla dolu bir həyətdə yaşayıram.

Amma 10 dəqiqə sonra bizə gələn o «santexnik» heç bir qeyri-insani münasibətlə üzləşmədi.

«QARA BERMET»

Aida Kasymalieva yazır ki, bir gün qızı ona hamıdan qara olduğunu söyləyib: «Uşaq bağçasına getdiyi günün axşamı Bermet mənə dedi ki, onun saçı, gözləri, dərisi qaradır. O an donub qaldım, amma özümü toplayıb dedim ki, bu düzdür, biz ikimiz də qaraca gözəlik. İki ay bağçaya getsə də, Bermetin hələ də dostu yox idi. Vika və Daşa adlı iki qız ona demişdi ki, Bermet bu qrupa aid deyil və onunla oynamayacaqlar».

Aida Kasymalieva direktora şikayət edib və deyib ki, ölçü götürülməsə, Təhsil Nazirliyinə şikayət edəcək. Direktor isə deyib ki, əgər nəsə yerində deyilsə, buna görə üzr istəyir.

«Biz oranı tərk edəndə isə direktor Bermetlə heç xudafizləşmədi də», - Aidə yazır.

«RUSİYA RUSİYALILAR ÜÇÜN»

Noyabrın 4-də Milli Birlik günündə ultramillətçilər ölkələrindəki qafqazlı və digər emiqrantlara etiraz edirdilər.

Minlərlə etirazçı arasında mən Bermetdən o qədər böyük olmayan qızçığaz gördüm. O, «Moskva moskvalılar üçündür, Rusiya Rusiyalılar üçündür» çığıranlara qoşulmuşdu. Bu balaca qız izdihamdakı insanların çoxu kimi maska taxmışdı. Mən anladım ki, Bermetlə mən bu yeri tərk etməliyik.

Heç bir şeyi başa düşmürəm. Biz Bermetlə Dubayda yaşamışıq. Qızım orda ərəb uşaqları ilə qaynayıb-qarışıb. Bişkekdə də kimsə kiminsə dərisinin rənginə fərq qoymayıb.

«MƏN MOSKVANI XOŞLAMIRAM. BURDA ADAMLAR PİSDİR»

Adamlar məni inandırmağa çalışırdılar ki, bu cür millətçi münasibət yalnız şəhərətrafı yerlərdə mövcuddur, Moskvanın özündə yox. Ancaq 5 km-lik bir məsafə insanı dəyişdirə bilməz, xüsusilə qəfildən Moskvada kimisə xeyirxah edə bilməz.

Adamlar buna min cür əsas gətirirlər, onlar iddia edirlər ki, bu münasibət qəzəbdən yox, yorğunluqdan doğub. Artıq bu məni qayğılandırmır. İki ay yarımlıq Moskva həyatından sonra Bermet geri qayıdır. İstəmədim, qızım o hisslə böyüsün ki, onda nəsə yerində deyil. O, gələndə 17 kilo idi, gedəndə 19. Bu iki kilonun «içi» acı dolu idi.

«Mən Moskvanı xoşlamıram. Burda adamlar pisdir». Bermet Rusiya ilə belə sağollaşdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG