Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:10

"AĞAC" - yeni ədəbiyyat dərgisidir


Yaxın günlərdə ilk sayı çapdan çıxacaq “Ağac” dərgisi dünya ədəbiyyatından seçilmiş əsərlərin Azərbaycan dilinə tərcüməsini qarşıya məqsəd qoymuş modern tərcümə dərgisidir.

"Ağac"ın baş redaktoru Namiq Hüseynovun ilk say üçün yazdığı ön sözdə oxuyuruq:

"Ədəbiyyatı öyrənmək istəyən hər bir insan əvvəlcə dünya ədəbiyyatının ən yaddaqalan nümunələri ilə tanış olmalıdır. Bunun üçün çoxlu vaxt, enerji və dil bilikləri ilə bərabər tərcümə ədəbiyyatının da danılmaz rolu var.

Bədii tərcümə humanizm və vətənsevərliyin bir formasıdır. Hər şeydən əvvəl insanı tərcüməyə vadar edən səbəb oxuyub təsirləndiyi əsəri başqaları ilə paylaşmaq, içində yaşadığı cəmiyyət üzvlərinin yeni fikirlə tanış olması, köhnə qəliblərdən azad olması, ibtidai təfəkkürdən imtina edib müasir dəyərlərə yiyələnməsinə yol açmaqdır."

"Ağac"ın ilkin hədəfi sadəcə dünya xalqlarının ədəbiyyatını tanıtmaq olsa da, Azərbaycan oxucusunun hələ qəbul etməyə hazır olmadığı modern bədii, estetik düşüncəni də təbliğ etmək onun məqsədləri sırasındadır.

Ötən illər ərzində ölkədə hər cür imkanlar olmasına baxmayaraq, tərcümə ədəbiyyatı olduqca zəif inkişaf etmişdir.

Bu sahə demək olar ki, dövlət dəstəyindən məhrum olmuş, ayrı-ayrı fədakar ədəbiyyat adamlarının, həvəskar tərcüməçilərin hesabına az da olsa irəliləyə bilmişdir. Təqribən iyirmi il müstəqillik dövründə dünya ədəbiyyatı ilə bağlı cəmi bir neçə dərgi çap edilmişdir.

Bunlar arasında fasilələrlə çap olunan “Xəzər” , “Dünya Ədəbiyyatı” kimi ədəbiyyat dərgilərinin, “Sənət” qəzetinin adını qeyd etmək lazımdır. Həmçinin olduqca gecikmiş olsa da, 150 cildlik dünya ədəbiyyatı seriyasının çapına verilmiş qərar da xeyli sevindiricidir. Bundan başqa son illər “Qanun” nəşriyyatının bir-birinin ardınca yayımladığı qiymətli dünya ədəbiyyatı nümunələri Azərbaycan ədəbiyyatında tamamilə yeni ədəbi zövqün formalaşmasına xidmət edir.

“Ağac” dərgisi ölkədə ədəbiyyatın düşdüyü bu durğun vəziyyəti az da olsa dəyişdirməyi qarşısına məqsəd qoyub.

“Ağac” dərgisi başlanğıc olaraq ildə 4 dəfə yayınlanacaq, imkan olduqca dovriliyini və həcmini artıracaqdır. Dərgini Dekabr ayının 15-ndən başlayaraq Metro daxili köklərdən və mərkəzi kitab dükanlarından əldə etmək mümkün olacaq.

"Alatoran"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG