Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:17
İki gənc Azərbaycan şairi Qismət və Əli Əlioğlu Gürcüstanda Vaja Pşavela mükafatına layiq görülüb.

Bu barədə "Oxu zalı"na “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səim Babullaoğlu məlumat verib.

Onun sözlərinə görə, gəncləri Gürcüstan Yazıçılar Birliyinin keçirdiyi ümumqafqaz poeziya müsabiqəsinə “Dünya ədəbiyyatı” dərgisi təqdim edib.



- Əslində mən iki şairin yaradıcılığı ilə yaxından tanışdım, iş elə gətirib ki, onların ikisinin ilk kitablarının redaktoru olmuşam.

Odur ki, bilirdim hansı mətnləri təqdim eləmək olardı. Mətnləri bizim sifarişimizlə tanınmış şair və tərcüməçi İmir Məmmədli və tərcüməçi Nelli Məmmədli hazırlamışdılar.

Qaydaya görə mükafat bir şairə təqdim olunmalıydı. Digər ölkələrdən elə belə də oldu.

Amma hər iki şairin şeiri uğurluydu və Gürcüstan tərəfi də qərar verməyə çətinlik çəkdi deyə axırda mən Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşviliyə təklif etdim ki, mükafat hər iki şairə verilsin və pul mükafatı da onların arasında bölünsün.

Sevinirəm ki, “Dünya ədəbiyyatı” dərgisinin təqdimatı və təşkilatçılığı ilə bizim iki gənc və olduqca istedadlı şairlərimiz bu mükafatı aldılar.

S.Babullaoğlu müsabiqə haqqında onu da deyib ki, Vaja Pşavela gürcü klassikidi. XIX əsrin ortalarında anadan olub, ötən əsrin əvvəllərində bəfat edib.

- Gürcü şeirində onu yaradıcılığının özünəməxsus yeri var. Həm tematik, həm üslubi baxımdan. Onun adını daşıyan mükafat isə Gürcüstan Yazıçılar Birliyinin təsis elədiyi nüfuzlu mükafatlardan sayılır.

Bunu vaxtilə Aleksandr Mejirov kimi tanınmış rus şairi alıb. Yaxud tutalım müasir gürcü poeziyasının istedadlı nümayəndələrindən olan Zviad Ratiani və başqaları.

Bu ilki müsabiqəyə şərtlərinə görə yaşı otuza qədər olan şairlər iştirak eləməliydi müsabiqədə. Və onların yeni diqqətçəkən kitabları nəşr olunmalıydı ana dilində. Bizim seçimimiz düz oldu, gürcülər və ordakı münsiflər də bizim yanılmadığımızı sübut elədilər.

Yaxın günlərdə Qismət də, Alik də Tfilisdə olacaqlar, həm mükafatlarını alacaqlar, həm də çağdaş ədəbi problemlər adlı dəyirmi Masada iştirak edəcəklər. Mən gənc həmkarlarımı təbrik edirəm və Gürcüstan Yazıçılar Birliyinin sədri hörmətli Makvala Qonaşviliyə təşəkkür edirəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG