Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

11 milyonluq film 2 milyona necə çəkilir?


Foto: Arxiv
Foto: Arxiv
Bu ilin avqustundan çəkilişi gedən “Qorxma mən səninləyəm - 2” bədii filminin heyəti qonorarlarını almaqda problemlə üzləşib. Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə istehsalı olan filmin maliyyəsi də iki ölkədəndir.

QONORARLAR NİYƏ VERİLMİR?

“Qorxma mən səninləyəm” filminə çəkilən aktrisalardan Nuriyyə Əhmədova bir neçə aydır qonorarlarının gecikmə səbəbini bilmir:

“Biz adət eləmişik də, onsuz da bizim çəkilişlərimiz elə olub. Amma qrupun maaşını həmişə vaxtında verirdilər. Bu dəfə sən demə heç qrup da almayıb. Beş aydır demək olar ki, bu film üzərində iş gedir. Mənimlə bağlanan müqavilədə yazılır ki, bu adama gündəlik filan qədər verilməlidir. Məndə 6 gün idi. Mən 45 ildir sənətdəyəm, heç vaxt maraqlanmamışam administrativ işlərlə. Sadəcə məni də çox maraqlandırır ki, 5 aydır niyə ləngidirlər qonorarları. Bu dəqiqə Azərbaycanda aktyorlar çox pis vəziyyətdədir. Aktyora həmişə az pul verirlər. Nəsə gələndə aktyora deyirlər ki, ya pul yoxdur, ya da bu qədərdir”.

Filmdə epizodik rolun ifaçısı Həmidə Ömərova da eyni taleyi paylaşır:

“Filmdə rolum çox balaca idi, epizodik roldur. Cəmi iki səhnəm var. Mən axıra yaxın çəkilmişəm. 4 gün çəkilmişəm. Hələ mən də qonorarımı almamışam. Mənə demişdilər ki, film qurtarandan sonra pul olacaq”.

“HAZIRDA O PULA EHTİYACIM YOXDUR”

Filmin Bakıdakı çəkilişləri noyabrın ilk həftəsində başa çatıb. Azərbaycandan bu layihəyə aktyorlarla birlikdə təxminən 100 nəfər cəlb edilib.

Əmək haqlarının gecikməsi problemini təkcə yaradıcı heyət deyil, texniki işçilər də yaşayır. Səs rejissoru assistenti Orxan Ağalarov qonorarının bir hissəsini alıb, qalanını isə tezliklə alacağına ümid edir:

“Çəkiliş müddətində pul almışıq. İnanırıq ki, qalanını da alacağıq. Gecikmənin səbəbi izah olunmayıb. Yəqin ki, nəsə olub. Hazırda o pula ehtiyacım yoxdur deyə, bəlkə də ona görə narahatlığım da yoxdur gecikməyə görə”.

“ÖDƏNİŞLƏR GEDİR”

“Azərbaycanfilm” kinostudiyasının direktor müavini, “Qorxma mən səninləyəm” filminin prodüseri Nadir Əliyev deyir ki, bir qisim öz məvacibini artıq alıb:

“Dövlət tərəfindən vəsait hissə-hissə verilir, verilən kimi də ödənilir. Artıq ödənişlər gedir. Bütün dünyada pulun olmamağı səbəbindən filmlər buraxılır da, dayanır da, konservasiya olunur. Bu, normal bir hadisədir, normal bir vəziyyətdir. Hamının da pulu yavaş-yavaş verilir. İdmançılardır, rəqqasələrdir, onların ödənişi artıq gedib”.

Sözügedən filmə ayrılan maliyyə vəsaiti ilə bağlı suallarımıza dəqiq cavablandıran olmadı. Nadir Əliyev deyir ki, nəzərdə tutulan 11 milyon dollarlıq büdcə 5 dəfə azaldılıb:

11 MİLYON AYRILMALI İDİ, 2 MİLYON AYRILIB

Yuli Qusman
Yuli Qusman
“Onu siz Mədəniyyət Nazirliyindən öyrənə bilərsiniz, amma filmin çox cüzi büdcəsi var. Hamı bu gün yanlış bir fikir yayıb Azərbaycanda. Yuli Qusman söyləyib ki, filmin büdcəsi 11 milyona çəkir. Yəni bu filmi çəkmək üçün 11 milyon ayrılmalıdır. Amma bu günə kimi cəmi 2 milyon yarım pul ayrılıb. Rejissor istəyirdi ki, bu filmi böyük məbləğə çəksinlər. Məbləğ az olduğundan filmin ssenarisi qısaldılır, azalır”.

Mədəniyyət Nazirliyinin məlumatına görə, Azərbaycan hökuməti film sənayesinə ümumilikdə ildə 6,5 milyon manat pul ayırır. Amma “Qorxma, mən səninləyəm”in büdcəsi barədə məlumat açıqlanmadı.

“MÜQAVİLƏ VARSA, PUL ÖDƏNİLƏCƏK”

Aktyorların qonorarlarının verilməməyinə gəlincə, nazirliyin kinematoqrafiya şöbəsində sektor müdiri Yusif Şeyxov burda qeyri-adi heç nə olmadığını deyir:

“Nazirliyin “Azərbaycanfilm” studiyası ilə müqaviləsi var. O müqaviləyə əsasən vəsait ödənilir. “Azərbaycanfilm”in isə Rusiya tərəfi ilə müqaviləsi var. Bu işlər müqavilə əsasında olur, aktyorla müqavilə bağlanır, onun da əsasında pul ödənilir. Gecikmələr başqa filmlərdə də olur, amma nədənsə bu filmlə bağlı məsələni qaldırırlar. Güman etmirəm ki, kimsə kimisə aldatmaq fikrindədir. Müqavilə varsa, pul ödəniləcək”.

Kinoşünas Aygün Aslanlı
Kinoşünas Aygün Aslanlı
Kinoşünas Aygün Aslanlı isə film heyətinin əmək haqqının ödənilməsində ləngiməni məntiqli saymır:

KİNOYA AYRILAN ÇOX HİSSƏSİ BU FİLMƏ GEDİB

“Ola bilsin ki, montaj o qədər uzun çəkəcək ki, filmi 2 ildən sonra üzə çıxarmaq istəyəcəklər. Rejissorun və ya prodüserin öz siyasəti ola bilər. Bunun aktyorun çəkiliş günlərinə dəxli yoxdur. Bu il Azərbaycan kinosuna ayrılan vəsaitin çox hissəsi “Qorxma, mən səninləyəm” filminə verilib. Bir filmin ki büdcəsini 11 milyondan 2 milyona endirmək olur, o film daha az məbləğə də çəkilə bilərdi. Nəzərə alsaq ki, o film müştərək filmdir, Rusiya ilə bir yerdə çəkilir, bu böyük məbləğdir”.

“Qorxma, mən səninləyəm” filminin ilk hissəsi 1982-ci ildə efirə çıxıb. Filmdə hadisələr XIX əsrin sonu - XX əsrin əvvəllərində baş verir. İkinci filmdə isə birinci seriyada təsvir olunan hadisələrdən 20 il sonra cərəyan edən olaylardan söz açılır.

Filmin quruluşçu rejissoru Azərbaycanın xalq artisti Yuli Qusmandır. Filmdə xalq artisti Polad Bülbüloğlu, SSRİ xalq artisti Lev Durov, SSRİ xalq artisti, sirk ustası Muxtarbek Kantemirov, aktyorlar Mixail Yefremov, Bəhram Bağırzadə, Məbud Məhərrəmov və başqaları oynayırlar.
XS
SM
MD
LG