Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35

"Rafiq Tağının İran mədəniyyəti haqda fikirləri təəssüfedicidir"


Zaur Qasımov

Zaur Qasımov

Polemika


Zaur Qasımov


AZƏRBAYCAN ZİYALILARI VƏ ONLARIN İRANI
(Təhsil dağından çölə bir baxış)


Rafiq Tağı Azərbaycan ziyanlısı yox, məhz ziyalısı idi. Yazıb pozmuş, qələmi silah seçmiş bir insan idi.

O, azərbaycanca yazdığı hekayələrini Çingiz Hüseynova hələ Moskvada həkim işlədiyi sovet dövründə oxuyardı (bu barədə Hüseynov kultura.az-da yazıb). Cəmiyyətdəki eybəcərliklərə dözmürdü, fikrini bildirirdi, tənqid edirdi, təqib olunurdu.

Ona həm dissident, həm azərbaycanlı ziyalı, həm də postmodern yazar demək olardı. Çingiz Hüseynovdan, Əli Əkbərdən və digərlərdən fərqli olaraq mən Rafiq Tağını şəxsən tanımırdım və onun fikir aləmi ilə yalnız və yalnız onun e-mətnləri vasitəsilə tanış olmuşam. R.Tağının ümumi tənqid qabiliyyətinə məəttəl qalsam da, onun simasında azərbaycanlı ziyalıların fikir dünyası və bununla sıx bağlı olan dünyagörüşü haqda bəzi müşahidələrimi bölüşmək istərdim.


Naməlum şəxs tərəfindən bıçaqlanan və xəstəxanada keçinən tanınmış yazıçı Rafiq Tağı ölümündən az əvvəl Azadlıq Radiosuna bildirmişdi ki, ona hücum "İran və qloballaşmanın qaçılmazlığı" yazısı ilə bağlı ola bilər.

Almaniyanın Maynts Universitetində çalışan azərbaycanlı alim Zaur Qasımov "Oxu zalı"na göndərdiyi məqalədə R.Tağının yazısındakı İran mədəniyyəti haqda fikirlərlə razı olmadığını bildirir.

Hardasa on gün əvvəl idi. Mən Azadlıq Radiosunun rus dilindəki saytında Rafiq Tağının İranla bağlı məqaləsinin tərcüməsini gördüm və onu İKİ DƏFƏ oxumağa məcbur oldum. Dəhşətə gəldim. Həmən gün universitetimizdə alman həmkarlarımdan birisilə "Persepolis" filmi barədə söhbət etmişdik...

Maynts Universitetində yarım əsrə yaxındır ki, Fars dili və ədəbiyyatı kafedrası var, eləcə də Almaniyanın Berlin, Münxen, Haydelberq, Bamberq, Bayroyt, Nürnberq-Erlangen və digər universitetlərində də fars dili və ədəbiyyatı mütəmadi şəkildə tədris edilir.

Beynəlxalq film festivallarında İran kinematoqrafiyası yüksək səviyyədə təmsil olunur: mədəniyyətşünasları heyrətə salan iranlı kinematoqrafçıların özünəməxsus fikir dərinliyi, sərbəst olmayan ölkədə yaşadığı halda bəlkə də ən azad cəmiyyətindən azad düşüncəsi...

Tehran və İsfahandakılar ilhamı hardan alır: hər halda Qumdan almasalar da, öz valehedici ədəbiyyatlarından. İsfahanla Tehranın, Təbrizlə Ərdəbilın mədəniyyət mühiti, qədimliyin cazibəsi əsrlər boyu Avropanı təəccübləndirib. Fransız publisist Pyer Loti, elə Goethenin özü məhz İranla maraqlanırdı, onu əsərlərində təsvir etməyə çalışırdılar. Bu siyahını saatlarla uzatmaq olar.

İrandakı avtoritar rejimin axı İran mədəniyyətinə nə dəxli var, sual budur! Stalinizmin və leninizmin suçu Nabokovda, yaxud Soljenitsında idimi? SSRİ-də totalitarizm dövründə də bütün Avropa maraqla rus baletinə tamaşa edərdi.

Hə, bir tərəfdən Rus Çarlığı var idi, geridə qalmış üsuli-idarəli bir dövlət idi, etnik və dini azlıqları sıxışdırırdı, eyni zamanda isə orada Rimskiy-Korsakov vardı, Tolstoy ve Belinski yazıb-yaradırdılar...

Rafiq Tağının İran mədəniyyəti haqqında söylədikləri təəssüfedicidir. Bu onu göstərir ki, Azərbaycan ziyalıları Şərqi dərk etməmiş tərk ediblər, eyni zamanda Qərbə də gəlib çatmayıblar. İndiki Azərbaycanda təhsil sistemi İrandakından müqayisə olunmaz dərəcədə geri qalmışdır: tibbi müalicə üçünsə Azərbaycan vətəndaşları İrana gedir...


Rafiq Tağı

Rafiq Tağı

Sovet dövründə yuxarıdan yeridilmiş və İrana, Yaxın Şərqə qarşı yönəlmiş ədəbi ab-hava hələ də qalmaqdadır.

Maraqlısı odur ki, Məmməd Əmin Rəsulzadə Azərbaycan millətçisi və ziyalısı olduğu halda İran mədəniyyəti haqqında heç zaman bu cür yazmırdı, buna səbəb bəlkə də ... adi bilik aspekti idi. Rəsulzadə fars dilini mükəmməl bilirdi, fars ədəbiyyatını orijinalda oxuyurdu.

Ümumiyyətlə, düşmənçilik düşüncəsi, süni olaraq antaqonizmlərin, təzadların gücləndirilməsi nə sivil cəmiyyətin, nə də ümumi demokratikləşmənin inkişafına tövhə verəcəkdir. İran mədəniyyətini, eləcə də gürcü və erməni, alman və çex və s. anlamaq və bilmək gərəkdir: anladığın, başa düşdüyün və bildiyin məsələləri tənqid etməyə dəyər...

Azərbaycan xalqının fars mədəniyyəti ilə yekdil mədəni keçmişi var. Bir daha, mədəniyyəti siyasətdən ayrı görmək lazımdır.

Zaur Qasımov,
2.12.2011


Əks mövqeli yazıları da "Oxu zalı"nda dərc etməyə hazırıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG