Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Eric Rubin: “Azərbaycanda insan haqları problemlərini ört-basdır etmək istəmirəm”


DƏSTƏKLƏYİ

DƏSTƏKLƏYİ


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Eric Rubin noyabrın 28-də Vaşinqtonda Karnegi Fondunun “Cənubi Qafqaz: müstəqilliyin 20 ili” mövzusunda beynəlxalq sülh konfransında çıxış edib.

ABŞ AZƏRBAYCANDA MÜLKİ CƏMİYYƏTİ DƏSTƏKLƏYİR

Rubin deyib ki, 1989-cu ildə Dövlət Departamentində sovetlərin daxili siyasəti və SSRİ-nin 12 qeyri-Baltik respublikasına aid məsələlərə baxıb. SSRİ-nin çöküşünün son aylarında burada olub, həmçinin keçmiş Sovet İttifaqı ərazisindəki yeni ölkələrlə əlaqələr yaratmaq cəhdlərində iştirak edib.

Eric Rubin çıxışında hər üç Cənubi Qafqaz respublikasının 20 illik uğurları, çətinlikləri barədə danışıb.

Azərbaycanla bağlı deyib ki, bu ölkədə mülki cəmiyyəti dəstəkləyirlər: “Hökumətlə yaxşı dialoq qurmuşuq. Məqsədimiz demokratik prosesləri, institutları dəstəkləməkdir, ayrı-ayrı partiyaları və fərdləri deyil. Azərbaycan hökuməti də bu məsələni dəyərləndirdiyini bildirib, onlar da bunu istəyirlər: institusional inkişaf və demokratik siyasi proseslərin inkişafını. Təbii ki, problemlər var və biz onlara kömək üçün əlimizdən gələni edirik.”

QONŞU PAYI OLACAQMI?

Eric Rubin üç Cənubi Qafqaz respublikasının iqtisadi inkişafından, müsbət meyllərdən də danışıb. Korrupsiya ilə mübarizə cəhdlərində Gürcüstanı model kimi göstərib, deyib ki, hər üç ölkədə bu sahədə irəliləyiş var:

“Məncə, enerji regiondakı əsas məsələlərdən biri olaraq qalır. Azərbaycanın enerji resursları və inkişafı rifaha səbəb olub, ancaq bu pul necə istifadə olunacaq, bu vəsaitə bütün regionda həyat şəraitini yaxşılaşdırmaq, xeyir vermək üçün bel bağlamaq olarmı – bilirəm ki, Azərbaycan hökuməti bunu qonşuları ilə müzakirə etməkdədir. Biz bunu dəstəkləyirik... Bu miqyasda resurslar işlənəndə onların hara sərf olunması sual yaradır. İnanırıq ki, ilkin nəticələr həvəsləndiricidir”.

YAXŞI DİALOQ NƏ DEMƏKDİR?

“Azərbaycan hökuməti ilə yaxşı dialoq deyəndə nəyi nəzərdə tutursunuz? Əgər siyasi məhbusların azadlığa buraxılmasını nəzərdə tutursunuzsa, son 15 ildə daimi bir proses gedir – daha çox adam həbsə atılır, bir neçə nəfər buraxılır və bu da beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən alqışlanır. Əgər dialoq son 20 ildə yaxşı olubsa, nəyə görə Azərbaycanda bu qədər problem var, media idarə olunur, insan haqları getdikcə daha çox pozulur?”

Bu suala cavabında Eric Rubin deyir: “Mən heç cür Azərbaycanda insan haqları ilə bağlı problemləri ört-basdır etmək istəmirəm. Hər il insan haqları hesabatımızda bu barədə oxuya bilərsiniz, eləcə də müntəzəm bəyanatlarımızda. Bakıdakı səfirimiz də aydın bəyanatlar verir, sonuncusu açıq-aydın qətlə yeridilmiş jurnalist Rafiq Tağının faciəvi ölümü ilə bağlı olub”.

HÖKUMƏTLƏ SƏMİMİ DİALOQ

Bu hadisə bizi kədərləndirir, jurnalistin ölməyi böyük narahatlıq doğurur. Faktları bilmirik; bunun niyə baş verdiyini dəqiq deyə bilmərik. Ancaq indiki anda bu məsələ böyük narahatlıq yaradır.

Bu mənada, Azərbaycan hökumətinin Rafiq Tağının ölümünün araşdırılması üçün xüsusi istintaq qrupu yaratması alqışlanmalıdır. Mən çox yaxşı dialoq deyəndə belə bir nümunəni nəzərdə tuturdum. Biz Azərbaycan hökuməti ilə daim çox səmimi müzakirə aparırıq. Bu, ikitərəfli söhbətdir. Məncə, Azərbaycan hökuməti də bunu dəyərləndirir.

“STRUKTUR DƏYİŞİKLİKLƏRİ İSTƏYİRİK”

Yaxşı dialoq o deməkdir ki, dialoq yaxşı gedir. Demədim ki, real narahatlıq və problem yoxdur. Bizim Azərbaycanla işlərimiz müxtəlif səviyyələrdə gedir. Bir mərhələ mülki cəmiyyətin gücləndirilməsidir. Biz daha açıq siyasət və daha açıq mülki cəmiyyətə aparan struktur dəyişikliklər istəyirik”.

Eric Rubin bir daha dialoqu davam etdirməyin vacibliyini vurğulayıb: “İrəliləyiş olduğuna inanırıq, Azərbaycan hökuməti ilə bu dialoqumuzun yaxşı nəticələri olub. Gələcəkdə də müsbət dəyişikliklər olacağı barədə nikbin fikirdəyik”.

Eric Rubin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə bu ilin iyulunda təyin olunub. O, həmin vəzifədə Tina Kaidanow-nu əvəz edib. Son dörd ildə E. Rubin ABŞ-ın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG