Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52

Üstü bəzənən binanın içərisində nələr baş verir?


Foto: Arxiv
Foto: Arxiv
ATATÜRK PROSPEKTİNDƏKİ 2A SAYLI BİNA

Bakı şəhər İcra Hakimiyyəti şəhərin mərkəzinə yaxın yerlərdə binalarda rekonstruksiya işləri aparır. Ancaq bu işlər necə görülür?

Ötən verilişlərimizdən birində Statistika Komitəsinin yaxınlığındakı binalardan danışmışdıq. İndi də metronun «Gənclik» stansiyası ətrafındakı binalardan şikayətlər gəlir. Sakinlər AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət ediblər ki, fəhlələr qaş düzəldən yerdə vurub gözü çıxarırlar. Binanın üstünü təzələyirlər, içərisini isə bərbad vəziyyətə salırlar.

Atatürk prospektindəki 2a saylı binada yaşayan Rəşidə Qorçuyeva deyir ki, 1 ildir binada quruculuq işləri altında əməlli-başlı dağıdıcılıq işləri aparırlar:

«ÖTƏN YAĞIŞDAN SONRA OTAQDAN 15 VEDRƏ SU YIĞDIM»

«Eyvanları söküb təzədən tikiblər, indi yağış yağanda otağım su ilə dolur. O gün yağış yağmışdı, balaca otaqdan 15 vedrə su yığıb tulladım. Parketlər şişib qopub. Divarlardan su axır, nəmişlikdən xəstəlik tapmışıq. Binadakı bütün mənzillər bu gündədir. Bütün naqillər yanıb, otağımda işıq yanmır».

Rəşidə Qorçuyeva deyir ki, bu barədə iş icrasına da, Bakı şəhər İcra Hakimiyyətinə də məlumat verilib. Ancaq tədbir görülmür:

«Prorab bircə dəfə də olsun evlərə girib vəziyyətlə maraqlanmır. Heç biz də dərdimizi demək üçün onu tapa bilmirik. Bir dənə daş yapışdırıb gedirlər, iki həftədən sonra gəlib bir dənə də daş yapışdırırlar. Bir tərəfdən binanı təmir edirlər, o biri tərəfdən camaatın evi əldən gedir. Həyətdə ayaq qoymağa yer yoxdur. Kanalizasiya tutulur, həyəti kanalizasiya suyu basır, bloka girmək üçün taxtalar qoyub üstündən keçirik. Binanın pəncərələri yoxdur. Daşlar səliqəsiz şəkildə blokun pəncərələrinin qarşısına yığıblar. Əməlli-başlı antisanitariyadır. Naqilləri zədələyiblər, indi kim haradan gəldi işıq çəkir evinə. Hava qaralan kimi aləm zülmətə bürünür. Həyətdə adamın boğazına bıçaq dirəsələr heç kəs xəbər tutmaz».

MÜHƏNDİS NƏ DEYİR

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil kommunal təsərrüfatı departamentinin mühəndisi Mehman Cəfərov isə deyir ki, sakinlərdən gələn şikayətlərlə bağlı mənzillərə bir neçə dəfə baxış keçiriblər: «Şikayət olub, getmişəm, bəzi yerlərdə axıntılar olub, onları bərpa etdirmişik. Binanın üstündəki fasad işləri tamamlanmamışdı deyə, çətinliklər var idi. Ancaq yenə də hansısa mənzildən şikayət varsa, aradan qaldırarıq. Havalar bizə işləri sürətləndirməyə imkan vermir. Ancaq yenə də imkan daxilində fəhlələri tələsdirəcəyik ki, işlər tez bitsin».
XS
SM
MD
LG