Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04
Şəhriyar Del Gerani (Hacızadə)


DINçilərə Məsləhət...

Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənabına:

“Cənab prezident, əminəm ki, bu mübarək ölkədə baş verən heç bir hadisə sizin diqqətinizdən kənar deyil. O cümlədən noyabrın 19-u bıçaqlanan və cəmi 4 gün sonra dünyasını dəyişən yazıçı, jurnalist Rafiq Tağının yoxluğu da.

Ona da əminəm ki, siz onun yazılarıyla əhatəli tanışsız. Yəni,ölkədə hansı itkinin baş verdiyi sizə tam dolğunluğuyla aydındı. Hər 1 yaxşı adam 1000 adama bərabərdi.

Üstəlik bu adam yazıçıdırsa, deməli məsələ başqa təhərdi. Beləliklə Rafiq Tağı = 10 000 adam. Bir diyarda bir gündə 10 000 adam qətlə yetirilirsə, bu, artıq dünyavi faciədi. Sizdən xahiş edirəm bu faciənin səbəblərinin araşdırılmasına və aradan qaldırılmasına göstəriş verəsiz”.

Dərin hörmət və ehtiramla:
vətəndaş Şəhriyar Hacızadə
29.11.2011 Xırdalan şəhəri



Gəlin belə danışaq... Rafiq Tağının qatilini mən tanıyıram. Elə siz də. Bəlkə belə deyil? Məsələn sən, eey, səninləyəm, nə gözünü döyürsən?! Məgər tanımırsan?

Onu öldürmək, əlbəttə, bir nəfərin, yaxud 15 nəfərin işi deyil. Onun qatili zamandı - indiki zaman. Onun qatili cəhalətdi - istər dini, istər qeyri-dini. Və indiki zamanda yaşayan, dini, qeyri-dini, etnik, milli cəhalətin kimliksiz (qeydə alınmamış) sakinləri... Burda kimi qınayasan axı?

O, feli adam idi. Yəni hərəkətli. Elə ölümü də feli oldu. Daha dəqiq felin icbar növünün şəkilçisini qəbul elədi bu ölüm – onlar Rafiq Tağını öldürtdü!

Burda həmin icraçının bircə günahı var, o da onun “dub”lığıdı. Özü demiş – “adam cındır olmaz”!

Bir dəfə Nərimanov parkında çay içirdik onunla. Bir az məhbusluğundan danışdı. Orada yaşanan bir olaydan. Təxminən belə:

R.T: “bir də gördüy içəridə səs-küy qopdu. Mənim də başıma yığılıb adamlar, söhbət eliyirik... bəs nədi, bir nəfərin səhhəti pozulub. Zonun da bir axmağ həkimfasonu var, yazıq dusdağların başına oyun açır. (bu arada gülərəkdən) Təsəffür elə qızdırmalı xəstəyə noşba atdırır. Nəysə, əlajdarı qutarıb məni
Yaxınları və dostları Rafiq Tağının qəbrini ziyarət edir, 26 noyabr 2011

Yaxınları və dostları Rafiq Tağının qəbrini ziyarət edir, 26 noyabr 2011

çağırdılar. Həkim olduğumu yuxarılar bilirdi, şəxsi işimdə oxumuşdular. Saat da hardasaa gecə üüç, bəlkə də çox.

Gedəm görəm bu xəstə bədbəxtin havası başqa havadandı. Dedim buna filan-filan iynələr vurulmalıdı. Elə mını demişdim bu həkimfason mənə - ayə, nə danışısan! yeri get işinlə məşğul ol! Belə durub qaldım, dedim - birincisi ayə özünsən, ağzuvun danışığın bil, ikincisi də mənim işim budu, çağırıblar gəlmişəm – deyib çıxdım. Sora həmin adam gəlib mənnən üzr istədi. Bildim, öyrənmişdi ora yazılarıma görə düşdüyümü, neçə dəfə üzr istədi, hələ çöldən kitablarımı da gətizdirdi, oxudu. Onnan sora içəridə mənə qarşı münasibət tamam dəyişdi...”

Hə, indi o həkimfasonnan bu icraçının arasında hansı fərq var? Əlbəttə bu icraçı cinayət işlədib. Əlbəttə dubanomiyadan. Axı hardan bilsin vurduğu Rafiq Tağıdı...? Bəlkə indi başa düşər neylədiyini. Yəqin gedib oxuyub da. Bəlkə mərhumun gülərüz fotolarından 3-4 dənəsini də çıxartdırıb asıb otağından. Gedib də hadisə yerinə, qatar düşərgəsinə. Hələ məzarını ziyarət də eləyib bəlkə.

DİN əməkdaşlarına məsləhətim: gedin həmin stansiya ərazisinə, elə həmin dairəyə aldığınız yerə baş çəkin. Ordakı ayaq izlərini araşdırın. Mütləq tapacaqsız cinayətkarı. Ya da “Qatilə didaktika dərsləri” hekayəsindən analiz götürün.

Rafiq bəyin məkandəyişməsindən sonra yazılan bütün yazılar onu hərflərlə ağlamaqdı. Elə bu yazı da. Təəssüf ki, biz yalnız azərbaycanca ağlayırıq. Onu rusca, ingiliscə, almanca, ermənicə, bir sözlə bütün dillərdə ağlamaq gərəkdi.

Biz idarəolunanlardanıq. Hara getdiyimiz, kimlə görüşdüyümüz, nələri yazmağımız da göstərişlədi, izlənilir. Nə bilmək olar bu gündən sonra məni hansı hadisə gözləyir? Amma mən Rafiq bəydən çox ağılsızam. Həm də təhlükəli biriyəm. Hətta məktublaşanda belə sağlamlığa xətər yetirə bilərəm.

Sonda İlqar Tağılıya: Əziz dost, bu hadisədə hamımız günahkarıq, sən də, mən də, 1 nömrəli avtobusun sürücüsü də. Hətta həmin o stansiyanın işçiləri belə. Qaranlıq da günahkardı burda, Bakıelektrikşəbəkə də. Ümumiyyətlə kiçik hərflərlə yazılası bu azərbaycan məmləkətində yazıçı, şair olmaq günahdı. Bizi Balzak bağışlasın, Mopassan, Tolstoy əfv etsin gərək...

Deyirəm bəlkə heç belə də deyil...Hmm?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG