Keçid linkləri

Təcili xəbərlər

Hərəyə bir ... partiya quraq!


Foto: Arxiv
Foto: Arxiv
Yox, tələsməyin. Siyasi partiyalarla bağlı nə vaxtsa (hər halda, bu çox da uzaq gələcəkdə olmayacaq...) qəbul ediləcək yeni qanun bu biznesin elə də gəlirli olmayacağını deməyə əsas verir. Artıq mətbuatda gələcəkdə partiya strukturlarının maliyyələşməsinin bəzi təfərrüatları haqda ilkin məlumatlar dərc edilir. Biz onları qeyd etməyəcəyik, çünki hələ çox şey dəqiqləşməlidir.

İndi maraq kəsb edən budur ki, ən qədim peşələrdən biri – siyasət nisbətən olsa da, hər halda, gəlir gətirməyə başlayacaq. Təbii ki, partiyalarla bağlı bir vaxt müşahidə olunan eyforiya bir daha təkrar olunmayacaq, çünki zaman o zaman deyil, üstəlik bu partiyalar üçün açılacaq meydan daha o meydan, bir vaxt olduğu kimi, Azadlıq meydanı deyil. Çox şey dəyişib. Bundan sonra da siyasi hədiyyələr olacaq, bəzi partiyalar loyallıq müqabilində təkcə mandat deyil, həm də pul alacaq. Amma bu pul kimlərin cibindən gedəcək? Heç kim bunun fərqində deyil – acı da olsa, bu da reallıqdır... Amma fərqində olmalı idilər, çünki vətəndaşlar vergi ödəyicisidir. Onların hər biri bir sual verməli idi. Nədən indi də üzünü belə görmədiyimiz və səs vermədiyimiz partiyaları maliyyələşdirməliyik? Tələsməyin, bu sualın cavabını K.Popper verib.

POPPER NƏ DEYİB, BUNLAR NƏ EDİR?

K.Popper deyib ki, demokratiyanı siyasi partiyalarsız təsəvvür etmək belə mümkün deyil! İndi rəsmi Bakı da bu fikri təsdiq edir. Onlar da bununla tam razıdırlar, amma kiçik bir korrektə ilə. Siyasi partiyalar görüntü yaratmaq və Avropadan gələn müfəttişlərin qarşısına çıxmaq üçün lazımdır. Buna görə onlara bir-iki mandat da vermək və hətta azacıq maliyyə ayırmaq da olar. O ki qaldı, onlar real siyasi həyatda nə qədər yer tutur, hansı vətəndaşların dəstəyinə malikdir, bunun elə də əhəmiyyəti yoxdur,
Bakıda etiraz aksiyası, 14 aprel 2010
Bakıda etiraz aksiyası, 14 aprel 2010
çünki vətəndaşlar artıq öz seçimlərini ediblər. Onlar indiki hakimiyyətə tam itaət edirlər və həmin o hakimiyyət kimi özünə müxalif edəcək, bu da artıq hakimiyyətin işidir, ölkə vətəndaşları öz hakimiyyətlərinin daxili və xarici işlərinə müdaxilə etmirlər. Həm də bu, həmin vətəndaşlardır ki, 70 il Vyetnama qardaşlıq köməyi edib! İndi nə deyirsiniz? Onlar öz qanı bir, canı bir qardaşlarının yaratdığı partiya və təşkilatlara yardım etməyəcəklər?! Edəcəklər. Üstəlik də bundan onların heç xəbəri də olmayacaq, necə ki, seçkidə kimlərin udmasından və kimlərin uduzmasından onlar hamıdan gec xəbər tuturlar.

XIRDA PARTİYALARIN İRİLƏŞMƏSİ MÜMKÜNDÜRMÜ?

Prinsipcə, bu, ola bilər. Lakin bəri başdan deyək ki, bu, hakimiyyətin maraq və prinsiplərinə o qədər də cavab vermir, çünki partiyaların iriləşməsi onları ehtiyatlandırır, yoxsa maliyyələşmə prosesi müəyyən mənada inteqrasiyaya təkan verə bilərdi. Amma bütün hallarda inteqrativ tendensiyalar hiss edilir.

Çox güman ki, maliyyə yardımı almaq ərəfəsində, həm də yeni qanunun işə düşməsi ərəfəsində partiyaların qeydiyyatına təzədən baxılacaq. Prosesin ölkədə siyasi inteqrasiyanı artıracağını fərz etmək olar. Lakin əvvəldə dedik ki, hakimiyyət siyasi partiyaların iriləşməsində maraqlı deyil. Qeydiyyatı da o, aparır. Ona görə də hakimiyyətyönümlü partiyaların qeydiyyat problemi də olmayacaq. Ola bilsin, real müxalifət partiyaları üçün müəyyən problem yaransın. Amma vaxtı qabaqlamağa da ehtiyac yoxdur. Hakimiyyətin hələ ki sərəncamında
Müsavatın etiraz aksiyası, 18 fevral 2007
Müsavatın etiraz aksiyası, 18 fevral 2007
kifayət qədər zaman var.

QANUNSUZ «SİYASİ TOÇKALAR»...

«Toçka» sözü artıq azərbaycanlılaşıb. Amma rus dilində o, adi bir «nöqtə» mənası verirsə, Azərbaycan dilində bunun dərin məzmunu var. Sizlər kimdənsə soruşsanız ki, «toçka»n var? O, dərhal sizi başa düşəcək, çünki «toçka» bizim dildə «kiçik dolanışıq yeri» mənasını verir. İndi partiyaların maliyyələşməsi prosesinə də bir vaxt çox geniş vüsət alan «budka» məsəli prizmasından yanaşmaq olar. Bir vaxt ölkənin həyatı nisbətən liberal idi. Bir də görürdün ki, iki-üç nəfər bir yerə toplaşıb özlərini partiya elan edirdi. O zaman artıq bitdi. Bundan sonra siyasi «toçka» və «budka»lar icazəli olacaq və bu biznesdə də bir «qayda-qanun» yaradılacaq və ölkənin siyasi həyatı da daha «tolkuçka»lara bənzəməyəcək. «Toçka»ların yerinə kiçik marketlər gələcək. Necə deyərlər, ölkəmiz bir az da gözəlləşəcək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG