Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:44

2 aprel mitinqinə görə tutulanların apellyasiya şikayəti təmin olunmadı


Müxalifət fəallarının işi üzrə məhkəmə iclaslarından biri, arxiv foto.
Müxalifət fəallarının işi üzrə məhkəmə iclaslarından biri, arxiv foto.
İctimai Palatanın bu il aprelin 2-də keçirdiyi aksiya ilə əlaqədar ittiham olunan Ülvi Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin apelyasiya şikayəti təmin olunmayıb. Bu barədə qərar dekabrın 1-də Bakı Apelyasiya Məhkəməsində çıxarılıb.

VƏKİLLƏR BƏRAƏT İSTƏDİ...

Proses başlanan kimi Ülvi Quliyev və Rüfət Hacıbəylinin vəkili Osman Kazımov çıxış edərək müdafiə etdiyi şəxslərə bəraət hökmü çıxarılmasını istəyib. Ülvi Quliyev deyib ki, aprelin 2-də rüşvətxorluğa, korrupsiyaya etiraz olaraq aksiyada iştirak edib. Buna görə saxta ittihamlarla həbs olunub: “Dörd gənci saxta ittihamlarla həbs etməyin özü cinayətdir. Bu cinayətə görə də hər kəs cavab verəcək. Bizim burada mühakimə olunmağımız siyasi sifarişdir”.

Ülvi Quliyev aksiya zamanı asayişi pozmadığını, əksinə, polis zorakılığa məruz qaldığını deyib: “Aksiyada fəaliyyətimiz “İstefa”, “Azadlıq” şüarları səsləndirməkdən ibarət olub. Biz rüşvətxor məmurların istefasını tələb etmişik. Millətin ləyaqətini tapdalayanlar bu ölkədə demokratiya qura bilməzlər. Biz diktator rejimə etirazımızı bildirmişik”.

Rüfət Hacıbəyli də 8 aydır ki, saxta ittihamlarla həbsdə saxlandığını deyib: “Bu saxtakarlığa imza atan hakimlər, prokurorlar tarix qarşısında cavab verəcəklər”.

Əhəd Məmmədlinin vəkili Yalçın İmanov məhkəmənin nəzərinə çatdırıb ki, Nəsimi rayon Məhkəməsində vəkillərin qaldırdıqları çoxsaylı vəsatətlər təmin edilməyib: “Məhkəmə araşdırması birtərəfli və ittiham tərəfinin xeyrinə aparılıb. Apelyasiya məhkəməsindən də ədalətli qərar gözləmirik.

Burda da ilkin məhkəmə iclasında vəsatətlərimizin təmin edilməməsi yekun qərarın nə ilə bitəcəyini aydın göstərir. Mitinq təşəbbüs qrupu aksiyanın dinc keçirilməsinin tərəfdarı olub. Hökumət isə dinc aksiyanın keçirilməsinə şərait yaratmayıb.

Halbuki, Avropa Məhkəməsi dinc aksiyaların keçirilməsi üçün Azərbaycan hökumətinə tövsiyələr verir. Nəsimi rayon Məhkəməsi həqiqətin üzə çıxmasında maraqlı olmayıb. Məhkəmə çəkişməsi prinsipi pozulub”.

Vəkil Əhəd Məmmədli barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Elnur Məcidlinin vəkili Əshabəli Mustafayev də Nəsimi rayon Məhkəməsində istintaqın düzgün aparılmadığını bildirib. O, deyib ki, sübutlar ittiham tərəfinin xeyrinə olan hissədə araşdırılıb: “32 şahiddən yalnız 14-ü dindirilib”.

PROKUROR MƏHBUSLUQ TƏLƏB ETDİ...

Vəkil Nəsimi rayon Məhkəməsi tərəfindən dindirilməyən şahidlərin məhkəməyə çağırılaraq dindirilməsi, əlavə olaraq aksiya zamanı aparılan çəkilişlərə baxış keçirilməsi, məhkəmədə dindirilməyən zərərçəkmişlərin ifadəsinin alınması, Fuad Qəhrəmanlı, Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin əlavə şahid qismində məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Yerində müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib.

Sonra Elnur Məcidli çıxış edib: “Meydanlara çıxmaqda məqsədimiz Azərbaycanı işıqlı gələcəyə aparmaq olub. Mən buna görə azadlıqda olduğu kimi, məhbəsdə də mübarizə aparıram. Azərbaycanın işıqlı görməyim üçün bu gün burda əyləşmişəm. 8 aydır məhbəsdəyəm, bu 8 ayda özümü azadlıqda olduğumdan da mübariz hiss edirəm. Bizim işimiz sifarişlidir, sifariş verilib, hakim də qüvvədə saxlayacaq”.

Dövlət ittihamçısı Ehtiram Baxışəliyev isə Nəsimi rayon Məhkəməsinin hökmünü ədalətli hesab etdiyini və qüvvədə saxlanmasını xahiş edib.

20 DƏQIQƏLIK HAKİM MÜŞAVİRƏSİ VƏ... HÖKM QÜVVƏDƏ QALDI

Hakim heyəti müşavirə otağında 20 dəqiqəyə yaxın məşvərət keçirəndən sonra məhkəmə salonuna qayıdaraq Nəsimi rayon Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlandığını elan edib.

Bu il aprelin 2-də İctimai Palatanın (İP) keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəyli dövlət nümayəndəsinə müqavimət göstərməkdə, ictimai qaydaların pozulmasında fəal iştirak etməkdə təqsirləndirilib. Oktyabrın 10-da Ülvi Quliyev 3 il, Əhəd Məmmədli 3 il, Elnur Məcidli 2 il, Rüfət Hacıbəyli isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlara qarşı həm də 6028 manatlıq mülki iddia qaldırılmışdı. Ancaq hakim mülki iddianı baxılmamış saxlamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG