Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:38
2011-ci il Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 2,4 balla 183 ölkə arasında 143-cü sırada qərarlaşıb. Beynəlxalq Şəffaflıq Təşkilatının dekabrın 1-də açıqladığı illik hesabatında belə deyilir. Təşkilatın ötən ilki hesabatında Azərbaycan eyni balla 178 ölkə arasında 134-cü olub.

Builki hesabatda onunla eyni balla eyni yerləri bölüşən ölkələr sırasında isə Uqanda, Nigeriya, Mavritaniya, Rusiya, Belarusu görmək olar.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə Azərbaycanda korrupsiyanın geniş yayılmasını hamıya bəlli olan bir məsələ sayır. Amma hesab edir ki, Azərbaycanın iqtisadi baxımdan geridə qalan dövlətlərdən də aşağı səviyyələrdə göstərilməsi düzgün yanaşma deyil. Vasif Mövsümov əmindir ki, 2011-cu ildə korrupsiyaya qarşı görülən işlər hesabatda öz əksini tapsaydı mənzərə başqa cür olardı:

«Bunu qəti deyə bilərik ki, bu il görülən işlər nəzərə alınsaydı Azərbaycanın yeri başqa cür olardı».

REALLIQLARIN TƏHRİF OLUNMASI

Hakimiyyətyönlü Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc bu hesabatın qərəzli hazırlandığını deyir. Onun sözlərinə görə, ölkədə korrupsiyanın qarşısının alınması istiqamətində müəyyən işlər görülsə də bir sıra sahələrdə hələ də korrupsiya var və beynəlxalq təşkilatlar da öz hesabatlarında daha çox bu məqamlara diqqət yetirirlər.

Amma buna baxmayaraq Zahid Oruc yenə də Azərbaycanın qiymətləndirildiyi bal və yerlə razılaşmır, bu yeri hədsiz şişirdilmiş və reallıqların təhrif olunmuş nəticəsi hesab etdiyini deyir. Zahid Oruca görə, bəzi beynəlxalq qurumlar Azərbaycanı korrupsiyalaşmış ölkə kimi təqdim etməklə həm də müəyyən məqsədlər güdürlər:

Zahid Oruc

Zahid Oruc

«Bəzən Azərbaycanı belə indekslərə layiq görməklə sonradan dövlətlə, hökumətlə müəyyən davanı açmaqla bəlli olur ki, kimsə özünün bəzən geosiyasi, bir sıra hallarda real iqtisadi, korporativ və sairə kimi maraqlarını ortaya qoyurlar».

2012-DƏ AZƏRBAYCAN BİR-İKİ PİLLƏ YÜKSƏKDƏ OLA BİLƏR

«Şəffaflıq Azərbaycan» təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva isə «Korrupsiyanı qavrama indeksi»ndə ölkənin qərarlaşdığı yerin yox, onun topladığı balın önəmli olduğunu bildirir:

«Hesabat 2010-cu ili əhatə edir, həmin ildə də korrupsiyaya qarşı mübarizə sahəsində də elə ciddi bir dəyişikliklər baş verməyib. Bizdə korrupsiyaya qarşı mübarizə əsasən 2011-ci ilin yanvarından sonra baş verib».

Rəna Səfərəliyeva əmindir ki, 2011-ci ildə korrupsiyaya qarşı mübarizə baxımından növbəti ilin hesabatında Azərbaycan bir-iki pillə yüksəkdə olacaq. O bunu 2011-ci ilin yanvarından başlayan korrupsiyaya qarşı aparılan mübarizə ilə əlaqələndirir. O, hesabatın qərəzli hazırlanmasına dair fikirləri də qəbul etmir.

Korrupsiya qavrama indeksi dövlət qulluqçuları və siyasətçilər arasında mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralanmasını müəyyən edir. O, ekspertlər və biznes dairələri arasında aparılan sorğular əsasında tərtib olunur.
XS
SM
MD
LG